Medianews.az
"Yaxşı gün"ün azarkeşləri adamı linç edirlər -
131 baxış

"Yaxşı gün"ün azarkeşləri adamı linç edirlər - "Qarabağ"ın son oyunu haqqında

"Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün Liqa mərhələsinin son turunun qarşılaşmasında İngiltərənin “Liverpul” klubuna 6:0 hesabı ilə məğlub oldu.

Bu məğlubiyyət gözlənilən idi. Açığı, mən 5:0 proqnozlaşdırmışdım. Əksini iddia etməyin eyforiyadan başqa bir şey olmadığını az-maz futbol izləyənlər bilir.

Bu eyforiya da çox pis bir şeydir. Reallıqdan uzaq gözlənti bəzən elə həddə olur ki, həmin gözlənti doğrulmayanda elə bil hündür mərtəbədən yerə çırpılırsan.

"Yaxşı gün"ün azarkeşləri, hay-küyə düşüb futbola baxanlar belə fikirlər səsləndirəndə adamı linç edirlər. Guya reallığı danışmaq "Qarabağ" klubunu istəməməkdir. Hələ türk futbol şərhçilərinin videolarına yazılan rəyləri görəydiniz. İlahi... Kimsə desəydi ki, "Qarabağ" uduzacaq, peşman idi.

Reallığı qəbul edən azarkeşlər isə, məncə, dünənki oyundan zövq aldı. Çünki bu, tarixi bir an idi. O yamyaşıl meydan, qırmızı tribunalar, böyük futbol məbədi, Çempionlar Liqasının himni, "Liverpul"un himni, 1300 azərbaycanlının stadionu "Qarabağ" şüarına boğması, 44-cü dəqiqədə gələn "Şəhidlər ölməz, Vətən bölünməz" çağırışları sanki "Qarabağ" FK-nı xəyallar teatrına, "PlayStation" oyununun içinə atmışdı.

Məğlubiyyətin bu qədər acı olmasını, təbii ki, heç kim istəməzdi. Amma mən düşünürəm ki, bu, tamamilə Qurbanovun oyun planı ilə bağlı idi. Təəssüflər olsun ki, sehrbaz Qurban Qurbanovun ən zəif tərəflərindən biri rəqibə görə oyun planı qurmamasıdır. Məncə, yavaş-yavaş belə böyük oyunlarla özü də bunu başa düşür.

Yəni elə oyunlar var ki, müdafiə olunmalısan, qırmalısan, batırmalısan, lazım gəldi, ulduzun gözünü zədə ilə qorxudub çəkindirməlisən. Amma dünənki oyunda "Qarabağ" FK çox az cərimə etdi və oyunda cəmi 1 sarı vərəqə var idi. Yəni "Liverpul"un oynaması üçün hər cür şərait yaratmışıq.

Nə isə... Mənim fikrimcə, bunlar zamanla düzələcək. Necə ki illər əvvəl "Çelsi"yə səfərdə bu hesabla uduzub, sonra Bakıda onlardan xal aldıq. Gələcəkdə eynisini "Liverpul"a qarşı da edəcəyimizə əminəm.

Qurban Qurbanovu və oyunçularını növbəti mərhələ münasibətilə təbrik edirəm. Başları hər zaman uca olsun.

Rəqib kimi isə PSJ-ni istəyirəm. Qoy gəlsinlər. Ən çətinləri gəlsin. 5:0, 6:0 uduzaq, amma təcrübə və vərdiş yaransın. Çünki artıq "Qarabağ" FK-nın hədəfi bu səviyyələrdə diş göstərməkdir.

"Qarabağ" FK ilə qürur duyuram.

Fərid Pərdəşünas,
bloqçu  

Bizə qoşulun