UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün Liqa mərhələsində son turun qarşılaşmaları keçirilir.
Medianews.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” İngiltərənin “Enfil" stadionunda “Liverpul” klubunun qonağıdır.
Görüş Bakı vaxtıyla yanvarın 29-na keçən gecə start götürüb.
Qarşılaşmanı Slovakiyadan olan FİFA referisi İvan Krujlyak idarə edir.
Görüşün 4-cü dəqiqəsində “Liverpul”un müdafiəçisi Jeremi Frimponq zədələnib. 25 yaşlı futbolçu oyuna davam edə bilməyib. O, Vataru Endo ilə əvəzlənib.
15-ci dəqiqədə “Liverpul”un heyətində Aleksis Makallister fərqlənib - 1:0.
21-ci dəqiqədə Florian Virts hesabı 2:0 edib.
İlk hissə bu hesabla başa çatıb, meydan sahibləri fasiləyə 2:0 hesablı üstünlüklə yollanıblar.
İkinci hissədə, oyunun 50-ci dəqiqəsində cərimə zərbəsini yerinə yetirən Məhəmməd Salah qapını dəqiq nişan alıb - 3:0.
57-ci dəqiqədə Yuqo Ekitike adını tabloya yazdırıb: 4:0.
60-cı dəqiqədə Aleksis Makallister qarşılaşmada daha bir qol vuraraq hesabı 5:0 edib.


Komandaların start heyətləri aşağıdakı kimi olub:
“Liverpul”: Alisson, Ceremi Frimponq, Rayan Qravenberx, Vircil van Deyk (k), Endi Robertson, Florian Virts, Aleksis Makkalister, Dominik Soboslai, Məhəmməd Salah, Yuqo Ekitike, Kodi Qakpo.
Ehtiyat heyət: Mamardaşvili, Vudmen, Endo, Kerkez, Kyeza, Nayoni, Nallo, Morrison, Nqumoha.
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Pedro Bikalyo, Marko Yankoviç, Leandro Andrade, Coni Montiel, Abdullah Zubir (k), Kamilo Duran.
Ehtiyat heyət: Amin Ramazanov, Fabian Buntiç, Samuel Mmae, Kris Kuaku, Nəriman Axundzadə, Emmanuel Addai, Dani Bolt, Aleksey Kaşuk, Musa Qurbanlı, Toral Bayramov, Abbas Hüseynov, Bədavi Hüseynov.

Xatırlatma: Çempionlar Liqasının cari mövsümündə stabil çıxış edən “Liverpul” hazırda turnir cədvəlində 4-cü pillədədir. Arne Slotun rəhbərlik etdiyi kollektiv bu oyunda qələbə qazanacağı təqdirdə 1/8 final mərhələsinə birbaşa vəsiqəni təmin edəcək. Uduzacağı halda belə, pley-off mərhələsinə yüksəlmə şansı çoxdur.
“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində hazırda 18-ci yerdədir. Bu görüş Ağdam təmsilçisi üçün böyük əhəmiyyət daşıyır. Qurban Qurbanovun komandası səfərdən xal və ya xallarla qayıdacağı halda pley-off mərhələsinə yüksələcək. “Qarabağ” uduzarsa, yenə digər oyunların nəticəsindən asılı olaraq növbəti mərhələyə keçə bilər.
Bu, “Qarabağ” və “Liverpool” klubları arasında ilk rəsmi qarşılaşmadır.