Medianews.az
Xortdanın Sumqayıt yolu məktubları
93 baxış

Xortdanın Sumqayıt yolu məktubları

Milli mətbuatımızın 150 illiyi münasibətiylə medal alan bütün vətəndaşları təbrik edirəm. Hardasa elə 150 min adama bu medal təqdim olundu, bu da ölkəmizdə söz azadlığının müsbət dinamikasını nümayiş etdirir. Müstəqilliyə təzə başlayanda bizdə cəmi 525 qəzet var idi, indi isə qəzetlərin, saytların, radio-telekanallarımızın sayını itirmişik. 

Ancaq indi “Əkinçi” qəzetinin ideyalarından dəm vurmaq fikrim yoxdur, onsuz yavaş-yavaş kəndlilərimiz əkinçiliyi və heyvandarlığı yaddan çıxarırlar. Hamı şəhərlərə yığışıb ya tik-tok fenomeni olmağa çalışır, ya da icra hakimiyyətində məsləhətçi. Nəticədə paytaxtımızda tünlük, basırıq yaranmışdır. Bu haqda az sonra. Jurnalistlərimizin oxucu toplamaq üçün əl atdığı bicliklərdən biri də hansısa başqa diyarda olan hadisəni guya bizdəki kimi təqdim eləməsidir. Məsələn, başlıqda “Naziri qovdular” yazanda camaat maraqla açıb baxır, lakin hadisənin hardasa Hindistanda-filanda olduğunu görəndə umsuq qalır. 

Bəzən isə belə oxucu aldatmalar çox simvolik mənzərə yaradır. Misal üçün, təzəlikcə yazmışdılar: “Milyonları göyə sovurdu, təzədən zibilyığan oldu”. Xəbər haçansa lotereyada 10 milyon funt udmuş britaniyalı haqda idi. Qardaşımız qısa müddətdə vəsaiti eyş-işrətə sərf edib, indi isə zibil daşıyan işləməyə məcbur imiş. Ancaq bunu yalnız həmin britaniyalıya aid xəbər kimi oxusan, deməli dünya hikmətlərindən heç zad qanmamısan. O xəbər əslində bizim haqqımızdadır. Əgər əlimizə müftə keçmiş, bəxtlə udduğumuz karbohidrogen yataqlarından səmərəli yararlanmasaq çox tezliklə biz də zibilyığan işləyəcəyik. Buna şübhə etməyiniz, vətəndaşlar. 

Yaxud, saytda belə bir başlığa tuş gəlmişdim: “Alimlər cəhənnəmi tapdılar”. Hətta dalıyca eşşək boyda hərflərlə “FOTO” qeydi də vardı, sanki kimsə cəhənnəmdən xortlayıb kamali-ədəblə fotoreportaj hazırlamışdı. İlk anda mən zənn etdim ki, xəbər “20 yanvar” - Sumqayıt yolu haqqındadır. Doğrudan da, artıq yalnız pik saatlarında deyil, günün istənilən zamanında o bölgə cəhənnəmin dibini xatırladır. Ucu-bucağı bilinməyən tıxaclar, zəhərli qaz və tüstü buludları, cəhənnəm məxluqatı kimi ulaşan siqnal, söyüş, qarğış, işgəncə sədaları asimana bülənd olur... Ta cəhənnəm üçün nə lazımdır? Hər şey artıqlamasıyla var. Hətta orda “Şamaxinka” adlı bölgədə Qıl körpüsünə oxşayan asma piyada keçid-körpüsü də mənzərəni tamamlayır. 

Ancaq xəbərdə hansısa uzaq planetdən bəhs olunurdu, guya amerikalı alimlər onun atmosferində nəsə radiasiya-zad tapıblar və sairə - heç bir əhəmiyyət daşımayan boş xəbərlərdən biri idi. Ondansa bizim Şamaxı rəsədxanasından Ramazana neçə Ay qaldığını öyrənib versələr daha faydalı olardı. 

Tıxac temasına gəldikdə, artıq bu, deputatları da narahat edir. Təklif verirlər ki, camaat müəyyən günlərdə işə çıxmasın. Ya da 1 saat tez buraxılsınlar və sairə - bu tipdə mənasız, tətbiqatı mümkünsüz təkliflər idi. Niyə bizdə Bakının yarısının yarısı qədər əhalisi olan 2-ci şəhər formalaşdırılmır, niyə camaat hamısı Abşeron yarımadasına neft tonqalının başına yığışıb, niyə regionlar boşalır və sairə - təbii ki, bu sualları qaldırmaq MM tribunasına yaraşmır. 

Elə həmin “Sumqayıt yolu” çıxışında piyada hərəkət mümkün olsa tıxac xeyli aradan qalxar. Təkrar yazıram: hansısa sarsaq şəhər planlaşdırıcıları Bakının şimal girişini tamamilə avtomobillər üçün qayırıblar! Nə səki var, nə piyada keçidləri. Maşınsız gəlmisənsə, Bakıya girə bilməzsən. Təxminən, “Təyyarəyə minməsən, ölkədən çıxmaq olmaz” tətbiqi kimi bir şeydir.   

Özüm yoxlamışam: Biləcəri dairəsindən və Beynəlxalq Avtovağzaldan “20 yanvar” metrosuna adi yerişlə maksimum 10-15 dəqiqəyə çatmaq mümkündür. Lakin avtobusa minsən bu müddət bəzən 30 dəqiqəyə çıxır. Belə şəhər olar? Adam nifrət eləyir.

Bakıda səkilərə qaz boruları uzatmaq, dirəklər basdırmaq da başqa axmaq problemdir. O cümlədən, səkidə getdiyin yerdə birdən hansısa ağac budağı gözünə girir. İndi nə edək, mişar-balta ilə gəzək? Öz təşəbbüsümüzlə səkiləri azad etməyə və təmizləməyə başlasaq, cərimə olunarıqmı? 

Söz əlaqədar təşkilatlarındır. Yazın görüm siz cəhənnəm görmək istəyəndə hara gedirsiniz. 

Bizə qoşulun