O gün “Benfika”-“Real Madrid” matçında biabırçılıq oldu: baxanlar bilir. “Real”ın braziliyalı forvardı Vinisius portuqalların qapısına qol vurandan sonra künc bayrağının dibinə qaçıb qol sevincini izhar etmək məqsədi ilə rəqs etdi və yerli azarkeşlər tərəfindən nəyi var, söyüldü.
Azarkeşlər belə durumlarda çox əsəbi və aqressiv olurlar, həm xorla, həm də popurri stilində, bir söyüşdən digərinə keçə-keçə söyürlər. Dünyanın hər yerində belədir. Söyüşcül olmayan azarkeş yoxdur. Biri futbola baxırsa və söyüş söymürsə, demək, azarkeş deyil, mədəni tamaşaçıdır. İnanmayan hansısa futbol matçının Youtube-də verilən versiyasında ekranın sağ küncündəki şərhlərə baxsınlar – latayırın mini bir tuqrikdir. Bu heç.
Gələk Vinisiusun künc bayrağından mərkəz dairəsinə geri gəldiyi məqama. O, mərkəz dairəsinə çatanda rəqibin 20 yaşlı, qiyməti 11,7 milyon, boyu 1.66 santim, nömrəsi 25 olan oyunçusu Canlika Prestianni köynəyinin boyunluğunu ağzına qaldırıb (dodağının tərpənişindən dediyi söz oxunmasın deyə) ona təhqiramiz nəsə dedi. Böyük ehtimalla onun ifadəsi belə bir şey olub: “Nədi, ə, qara gədə, nə meymunluq edirsən?”
Bu yerdə Vini qayıdıb onun ağzının üstündən bir şillə vursa, ya da sinəsinə Zidanvari kəllə qoysa, həm hamı onu qınayacaqdı (idmançıya yaraşmayan hərəkət etdiyinə görə), həm də hakim eyni motivlə ona qırmızı kart göstərib oyundan qovacaqdı. Nəticədə bəlkə də “Benfika” oyunun hesabını bərabərləşdirəcək, hələ hesabda qabağa da çıxacaqdı.
Prestianni Messi kimi argentitalı olsa da, elə Messi kimi italyandır. İtalyanlarda isə belə şeylər tez-tez olur, görəndə ki, rəqibə gücləri çatmır, nəsə bir təxribat törədirlər, rəqib azlıqda qalır, demoralizə olur, bundan istifadə edib qələbə qazanırlar. 20 il əvvəl (o vaxt Canluka 6 aylıq körpəydi) İtaliya-Fransa matçında Materassi Zidanla ana-bacı söhbəti edərək onu təxribata çəkdi, kəllə zərbəsi alıb yerə sərildi, hakim Zidanı oyundan qovdu, Fransa millisi azlıqda qaldı, nəticədə İtaliya çempion oldu.
Vinisius isə, Anadolu türklərinin sözü olmasın, fevri davranmadı, Abşeron türkləri demişkən, sözü ənsəyə verdi, hakimin yanına qaçdı, Canlukanın irqçi ifadə işlətməsindən şikayət etdi. Oyunda 10 dəqiqəlik fasilə yarandı: qarmaqarışıqlıq, xahiş-minnət, mübahisə, dartışma... Amma hakim Prestianiyə kart-mart göstərmədi.
İrqçilik isə dəqiq idi. Canluka nəsə bir şey demişdi, yeyilməsi nəzərdə tutulmayan bir şey yemişdi.
Avropanın başqa xalqlarından fərqli olaraq, italyanların irqçliyi, dərisinin rəngi fərqli olanlara dözümsüzlüyü dillər əzbəridir. Əslində özləri də qaraşındır, amma mütləq qaralara sataşırlar. Tottidən Perottiyə qədər hamısının canında var. O vaxt hətta İaliyanın baş naziri Silvio Berluskoni bir sammitdə ABŞ prezidenti Barak Obamanın dərisinin rənginə sataşaraq demişdi: “Barak qara deyil ey, sadəcə, çimərlikdə özünü günə çox verib, he-he-he”.
Yaxşı ki, ABŞ tərəfi bu sözün başına ip salmadı. Tramp olsa, qayıdıb fakkıldayardı.
Hazırda, maşallah, dünyanın aparıcı klublarının hamısında heyətin yarıdan çoxu qaradərililərdir. İtaliyanın və İspaniyanın bask bölgəsinin komandaları nə qədər onlara heyətdə yer verməsələr də, baxırsan ki, afrikalı oyunçular olmadan keçinə bilmirlər.
Rəqib azarkeşlər isə onları məhz dərilərinin üstündən vururlar. Bir dəfə bir oyunçuya o qədər “qara, qara” dedilər ki, gənc futbolçu ağlaya-ağlaya qaçıb meydançadan çıxdı, məşqçilər, oyunçular ha qarşısını kəsmək istədilər, xeyri olmadı. Ən yaxşısını isə bir qaradərili qapıçı etmişdi, rəqib azarkeşlər ona “ey, meymun, al ye” deyə banan atmışdılar, o da fürsət yarananda bananın qabığını soyub bir-iki dişdəm almış, “varsa, yenə atın” işarəsi edərək azarkeşləri pərt eləmişdi.
Şükür ki, bizdə qaradərili futbolçulara qarşı irqçilik edən yoxdur. Bəzən “qarabala” deyənlər ola bilər, o da zarafatla deyilir. Ona qalsa, bu ölkədə aran rayonlarında günün altında çox qalan uşaqlara da “qarabala” deyirlər və heç kim incimir.
Ancaq Vinisius eyni rəftarla ölkəmizdə üzləşsəydi və ona “qarabala” və ya “meymun” deyən rəqibinə kart verdirmək üçün hakimin yanına qaçsaydı, ölkəmizdə onun adını “işverən peysər” qoyardılar.
Bu ölkədə belədir: təhqir olunsan da, gərək şikayətçi olmayasan. Camaat pis baxır.
Samir SARI