Medianews.az
Vətənpərvər pişik və amerikalı dələduz
57 baxış

Vətənpərvər pişik və amerikalı dələduz

Serialda söyüş söymüşdülər, ona görə teleradio şurası cərimə yazdı. Ancaq səbəb əslində söyüşün rusca olmasıydı. Mən belə ehtimal edirəm. Hazırda ana dilimizi qorumaq uğrunda möhtəşəm kampaniya başlanıbdır. Hamı ancaq azərbaycanca danışır. Sərhədimizdən girən səfirlərdən tutmuş, sərhədimizdən 5 ildir aşa bilməyən səfillərə qədər.

Hətta dünən mənim həyətdəki pişiyim Ququş (adını uşaq belə qoyub, izahını da ondan soruşarsınız) tərtəmiz Azərbaycan dilində “miau” eləyirdi. Yaponca danışsa “nyaa”, ingiliscə “meou”, koreyaca “yaong”, rusca da “myau” deməliydi.

Məsələn, mənim pişiyim Amerikada yaşayan milli bir dələduzumuzdan daha vətənpərvərdir. Adını çəkməyə ehtiyac yoxdur, hamınız yaxşı tanıyırsınız – 1990-cı illərdə vəzifəli tip idi, burdan əkişdirdiyi milyonları götürüb aradan cırmışdı. İndi isə deyir: “Azərbaycanda Güney Azərbaycandan danışanların hamısı idiotdur”. Deyir biz hamımız iranlıyıq, İran dövləti bizim ölkəmizdir və sairə. Guya farsların orda türkləri assimilyasiyaya uğratmaq cəhdləri barədə söhbətlər də tamamilə yalanmış. Müsahibə alan da bundan betər idiot olduğu üçün soruşmur ki, qaqa, bəs belə İransevərsənsə, niyə o vaxt “xəstələnəndə” ABŞ-a yox, İrana getmirdin?

Sual vermir ki, assimilyasiya yoxdursa, niyə İranda türklər ana dilində danışanda buna “tarakan dili” deyirdilər, niyə orda uzun zaman etiraz şüarlarından biri “Türk dilində mədrəsə, Olmalıdır hər kəsə!” şəklində olmuşdur? Adam assimilyasiya sözünün “a”sını belə qanmır.

O qədər bisavaddır ki, deyir Rusiya ilə İran ərazini bölüşüb, biz burda qalmışıq. Guya 18-19-cu əsrlərdə burada “İran” adında dövlət var imiş. Qacar İmperiyası, Əfşarlar, Səfəvilər, Hülakilər, canım sənə desin, Ağqoyunlu-Qaraqoyunlu-filan... Heç zaddan xəbəri yoxdur. Kitab arası açsa bilərdi ki, son 1000 ildə bölgədə cəmi 2 fars sülaləsi olub, onlar da qısa müddətə. Biri Kərim xan Zənddir, o biri də Pəhləvi. Bütün qalan müddətdə buralarda türk tayfaları hökmranlıq edib. Pis ediblər, yaxşı ediblər – bunu müzakirə etmirəm. O cümlədən, kim istəyir özünü “iranlı” saysın. Ancaq bunu bütün millətə aid eləməsin. Üstəlik, Amerikada oturaraq. Barı şahın varisi Rza Pəhləvidən utan. Adam 40 ildir qovulduğu yerin, xalqın təəssübünü hələ də çəkir, sən isə beş qramlıq motal pendiri beyninlə artıq manqurt olmusan, “bizi sovet adam elədi” deyən manıslardan heç bir fərqin qalmayıb.

Nəsə, xarici axmaqlara çox baş qoşdum, oxucular bağışlasın. Keçək daxilə. Burada isə gözgörəsi inkişaf var. Mətbuat Cəfər Cabbarlının “Azərbaycanfilm”in həyətindəki heykəlinin pis vəziyyətə düşməsini açıqlamışdı, nəhayət orda sement qarışdıran ustalar müşahidə edilib. Postamentə suvaq vurulur. Alqışlar.

Bəs niyə uzun çəkdi proses? Çünki bizdə hər iş qanunla olur. Əvvəlcə smeta hazırlanır. Çertyoj çəkilir. Ustaya əlcək alınır. Nazirlikdə bunun üçün “Əlcək şöbəsi” yaradılır. Daha sonra əlcək şöbəsinə müşavirlər işə götürülür. Əlcək şöbəsi ilə mədəniyyət obyektlərinin bərpası zamanı işlədilən qum kisələri şöbəsi birləşdirilir, yeni yaradılan orqan “Mədəniyyətimizin qumu, kisəsi, sementi, əlcəyi və heykəllərin bərpası baş idarəsi” adlanır. Ancaq idarə bir neçə ay fəaliyyət göstərəndən sonra sektora çevrilməlidir.

Yeri gəlmişkən, bu mədəniyyət xəbərlərinin fonunda Kinematoqrafçılar İttifaqımızın sayın sədri Rasim müəllimin əsəb sarsıntısı keçirdiyini yazmışdılar. Şükür, o xəbər səhərisi gün təkzib edildi. Yoxsa mən elə bilmişdim heykəlin bərpasının gecikməyinə əsəbləşibdir.

Ümumiyyətlə, Azərbaycanda əsəbləşməyə heç bir səbəb yoxdur. Pişiklərə baxın, görün əsəbləşirlərmi? Özü də pişiklər çox patriotdur, biləsiniz. Nahaq yerə belə məsəl yaranmayıb: “İt yiyəsinə öyrəşər, pişik həyətə”. Yəni, pişik üçün həmin ərazidə hansı sarsağın yaşaması çox fərq eləmir, ona yerin özü lazımdır.

Pişiklər bu soyuqda, yarıac, yarıtox sakitcə hardasa büzüşüb dünyaya tamaşa edirlər. Həm də bilirlər ki, qabaqdan mart ayı gəlir, hər şey yaxşı olacaq.

Zamin Hacı

Bizə qoşulun