Yemək zamanı bədənin dik vəziyyətdə olması sağlam həzm üçün olduqca vacibdir. Ən zərərli vərdişlərdən biri isə uzanaraq yemək və ya qidalanmadan dərhal sonra üfüqi vəziyyətə keçməkdir. Bu zaman mədə turşusu yuxarı qalxaraq qida borusuna qayıda bilər və nəticədə qıcqırma hissi yaranır.
Medianews.az Lent.az-a istinadla xəbər verir ki, qastroenteroloq və tibb üzrə dosent Kerolin Nyuberrinin sözlərinə görə, cazibə qüvvəsi normalda qidanın aşağı doğru hərəkətinə kömək edir, lakin insan uzandıqda bu proses pozulur.
Qida adətən mədədən bağırsaqlara keçmək üçün təxminən iki saat və ya daha çox vaxt tələb edir. Buna görə də yatmazdan əvvəl yemək tövsiyə edilmir.
Bununla yanaşı, mütəxəssislər vurğulayır ki, yeməyin hansı vəziyyətdə qəbul edilməsindən daha önəmlisi onun hansı sürətlə yeyilməsidir. Çünki insanlar çox vaxt ayaqüstə və ya tələsik yemək yeyərkən qidanı kifayət qədər çeynəmirlər və bu da həzm sisteminə mənfi təsir göstərir.
Tələsərək yemək zamanı insan daha çox hava udur, qidanı yaxşı parçalamadan udur və nəticədə köp, şişkinlik və həzm pozğunluğu kimi problemlərlə qarşılaşa bilər. Bundan əlavə, belə hallarda insan doyduğunu vaxtında hiss etmir və həddindən artıq qida qəbul edə bilər. Halbuki həzm prosesi artıq ağızda başlayır və tüpürcəkdə olan fermentlər qidanın ilkin parçalanmasında mühüm rol oynayır. Bu səbəbdən qidanı yavaş-yavaş və yaxşı çeynəyərək yemək tövsiyə olunur.
Yavaş qidalanmanın başqa bir üstünlüyü isə doyma hissinin daha düzgün formalaşmasıdır. Mütəxəssislərin sözlərinə görə, doyma siqnalları yeməyə başladıqdan təxminən 20 dəqiqə sonra beyinə çatır. Əgər insan bu müddətdə tələsmədən yeyərsə, artıq qidalanmanın qarşısını ala bilər.
Digər vacib məqam isə yemək zamanı və dərhal sonrasında fiziki aktivliyin məhdudlaşdırılmasıdır. Hərəkətdə və ya qaçaraq yemək yemək yalnız həzmi çətinləşdirmir, həm də boğulma riskini artırır. Yeməkdən dərhal sonra qəfil hərəkət etmək isə başgicəllənməyə səbəb ola bilər. Bunun səbəbi qan dövranının həzm sistemindən uzaqlaşıb əzələlərə yönəlməsidir ki, bu da qidanın mənimsənilməsini çətinləşdirir.
Mütəxəssislər qeyd edir ki, orqanizm qidanı ən yaxşı şəkildə istirahət və həzm vəziyyətində qəbul edir. Bu zaman bədən rahatlaşır, qan həzm orqanlarına yönəlir və qida daha effektiv şəkildə mənimsənilir. Buna görə də yemək zamanı sakit olmaq, tələsməmək və bədənə istirahət imkanı vermək sağlam həzm üçün əsas şərtlərdən biri hesab olunur.
Qeyd olunur ki, bəzi ölkələrdə, xüsusilə Fransada insanlar ciddi pəhrizlərdən çox balanslı və şüurlu qidalanmaya üstünlük verirlər. Onlar qidanın keyfiyyətinə diqqət edir, ölçülü yeyir və yeməkdən zövq almağa çalışırlar. Bu yanaşma həm fiziki sağlamlığın qorunmasına, həm də həddindən artıq qidalanmanın qarşısının alınmasına kömək edir.