ABŞ Prezidenti Donald Tramp yaxın iki gün ərzində Pakistanda İranla danışıqların baş tuta biləcəyini bildirib. Onun sözlərinə görə, Pakistan tərəfinin vasitəçilik səyləri səbəbindən görüşün məhz bu ölkədə keçirilməsi ehtimalı daha yüksəkdir.
Medianews.az "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə o, "New York Post" nəşrinə açıqlamasında deyib.
Tramp nümayəndə heyətinin Pakistanda qalmasının daha məqsədəuyğun olduğunu bildirib və qeyd edib ki, "feldmarşal öz işini əla görür". ABŞ prezidenti "feldmarşal" dedikdə Pakistan ordusunun baş komandanı Asim Muniri nəzərdə tutub.
KİV-in yazdığına görə, atəşkəsdən əvvəl məhz o, İran və ABŞ arasında danışıqlar apararaq döyüş əməliyyatlarının dayandırılması şərtlərini müzakirə edib.
"O, möhtəşəm adamdır, buna görə də bizim oraya qayıtma ehtimalımız daha yüksəkdir", - deyə Tramp qeyd edib.
İran və ABŞ nümayəndə heyətlərinin son görüşü aprelin 11-də İslamabadda baş tutub. Tərəflər nüvə sazişi və Hörmüz boğazında gəmiçilik qaydaları ilə bağlı razılığa gələ bilməyiblər./Oxu.az