Medianews.az
TikTok Hollivudun qaydalarını dəyişdi:
67 baxış

TikTok Hollivudun qaydalarını dəyişdi: 17 yaşlı məktəbli treylerlərdən milyonluq biznes qurdu

Hollivudun illərlə formalaşmış film reklam strategiyası sosial medianın təsiri ilə sürətlə dəyişir. Bu dəyişikliyin mərkəzində isə cəmi 17 yaşlı bir məktəbli dayanır.

Medianews.az  xəbər verir ki, Dubayda yaşayan Amid Məhəmməd Hollivud filmlərinin klassik uzun treylerlərini TikTok üçün qısa və dinamik videolara çevirərək aylıq təxminən 30 min manat gəlir əldə edir. Gənc yaşına baxmayaraq, o artıq iri kinostudiyalarla əməkdaşlıq edir.

Amid bu fəaliyyət üçün Viral Cartel Inc. adlı şirkət yaradıb. Şirkət filmlərin reklam materiallarını sosial şəbəkələrin tələblərinə uyğunlaşdırmaqla məşğuldur. Proses treylerlərin hissələrə bölünməsi, ən cəlbedici səhnələrin seçilməsi, populyar musiqi və vizual effektlərin əlavə olunması ilə həyata keçirilir. Nəticədə klassik treylerlər TikTok üçün sürətli və diqqətçəkən kontentə çevrilir.

Gənc sahibkar bildirir ki, artıq treylerlər müstəqil reklam məhsulu deyil, sosial media üçün xammal rolunu oynayır. Onun hazırladığı qısa videolar isə bəzən bir neçə saat ərzində milyonlarla baxış toplayır.

Bu yanaşmanın effektivliyini konkret rəqəmlər də sübut edir. Belə ki, “Sonic 3” filmi ilə bağlı montaj edilən qısa video 70 milyondan çox izlənmə əldə edib.

Ekspertlər hesab edirlər ki, Amid Məhəmmədin uğuru kino sənayesində marketinqin gələcəyinə işarə edir. TikTok alqoritmlərini düzgün oxuyan dubaylı məktəbli Hollivud reklamında yeni dövrün qaydalarını formalaşdıraraq yaşına baxmayaraq milyonluq biznes qurmağı bacarıb.

Bizə qoşulun