Türkiyə iqtisadi potensialına görə Ermənistan üçün mühüm qonşulardan biridir.
Medianews.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Türkiyə–Ermənistan sərhədlərinin açılması barədə suala cavabında bildirib.
Onun sözlərinə görə, Türkiyə ÜDM göstəricilərinə əsasən regionda ən böyük iqtisadi tərəfdaşlardan sayılır və bu amil iki ölkə arasında əməkdaşlıq imkanlarını daha da aktuallaşdırır.
Nazir vurğulayıb ki, sərhədlərin açılması Ermənistan üçün yeni iqtisadi imkanlar yarada, ticarət dövriyyəsini artıra və regional inteqrasiyanı gücləndirə bilər. Papoyan əlavə edib ki, hazırda bu istiqamətdə müəyyən imkanlar mövcuddur və iqtisadi baxımdan sərhədin açılması hər iki tərəf üçün faydalı ola bilər.
“Türkiyə ilə sərhədin açılması ilə bağlı xoş xəbər tezliklə gələ bilər. Türkiyənin, iqtisadi baxımdan, ÜDM baxımından ən böyük qonşumuz olması çox yaxşıdır. Sərhədi açmaq imkanımız var”.
Qeyd edək ki, Türkiyə–Ermənistan sərhədi uzun illərdir bağlıdır və bu məsələ zaman-zaman regional və beynəlxalq gündəmdə müzakirə olunur. Son açıqlamalar isə tərəflər arasında iqtisadi dialoqun intensivləşə biləcəyinə dair ümidləri artırır.