Medianews.az
Mərkəzi Bankın sədrindən manatın məzənnəsi barədə mühüm
37 baxış

Mərkəzi Bankın sədrindən manatın məzənnəsi barədə mühüm AÇIQLAMA

Mərkəzi Bankın sədri Taleh Kazımovun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycanda manatın xarici valyutalar qarşısında məzənnəsinin dəyişməsi gözlənilmir.

Medianews.az Baku.tv-yə istinadən xəbər verir ki, o bildirib ki, dünya bazarında neftin orta qiyməti 64-65 ABŞ dolları olsa, bu, həm cari əməliyyatlar balansı, həm də dövlət büdcəsinin xərcləri nöqteyi-nəzərindən məqbuldur.Bu məsələ ölkənin tədiyə balansı üzrə ehtiyat aktivlərinin vəziyyətini aktuallaşdırır. Ehtiyat aktivlər ölkənin strateji valyuta ehtiyatlarının artıb-azalmasını ifadə edir. Tədiyə balansı ilə bağlı ən son məlumat 2025-ci ilin 9 ayını əhatə edir. Həmin dövrdə sözügedən ehtiyat aktivlərdə 1 milyard 125 milyon ABŞ dolları məbləğində kəsir qeydə alınıb.

Xarici valyutanın qızıl alışına yönəldilməsi, həmçinin bu qiymətli metalın bahalaşması fonunda ölkənin valyuta aktivləri artır. Təsadüfi deyil ki, 2025-ci ildə Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 14 milyard dollar artaraq 85,1 milyard dollara çatıb.

İqtisadçı Xalid Kərimli Baku TV-yə bildirir ki, manatın məzənnəsi ABŞ dollarına uyğunlaşdırıldığı üçün dolların digər valyutalara qarşı dəyərində baş verən dəyişikliklər Azərbaycanın milli valyutasına da təsir göstərir.

"Neft Fondunun ehtiyatlarına gəlincə isə ötən il Azərbaycanda neft satışından, eləcə də neft və qazdan əldə olunan dollar gəlirləri əvvəlki maksimal dövrlərlə müqayisədə daha aşağı olub. Bu göstəricilər nə 2010-cu illərdəki neft bumu dövrü, nə də 2021-2022-ci illərdə neft və qaz qiymətlərinin kəskin artdığı mərhələdəki səviyyədədir. Hazırkı ehtiyatlar əvvəlki dövrlərlə müqayisədə daha az olsa da, ümumilikdə kifayət qədər etibarlı hesab olunur", - deyə o bildirib.

Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar, təbii qazın 1 000 kubmetri isə 440 dollar nəzərdə tutulub. Mərkəzi Bank isə 2026-cı ildə neftin bir barelinin orta qiymətinin 64 dollar, qazın 1 000 kubmetrinin isə 269 dollar olacağını proqnozlaşdırıb.

Bizə qoşulun