Medianews.az
Tərs-mütənasib balanslı ağlaşma
63 baxış

Tərs-mütənasib balanslı ağlaşma

Sovet İttifaqının özünün hesablamalarına görə, Stalinin 1937-38-ci illər “Böyük terror”unda güllələnmə cəzası ilə məhv edilənlərin sayı 681692 nəfər olmuşdu (Pospelovun sədrliyi ilə komissiya, Sov.İKP 17-ci qurultay).

Altı yüz səksən bir min altı yüz doxsan iki. Sözlə də yazdım, bəlkə riyazi savadı olmayanlar, rəqəm tanımayanlar oxudu.

Bunu yuvarlaqlaşdırsaq, 682 min insan olacaq. Bir az da həmin yuvarlama proseduruna uysaq, lap 680 min də yazmaq olar. İki min aşağı, iki min yuxarı...

Bəli. Səməd Vurğunun “Bəşərin vicdanı, eşqi, ürəyi, Xoşbəxt gələcəyi partiyamızdır” şeirini cızmaqara elədiyi vaxtlar idi.

Yəni, bu, Stalinin məhv elədiklərinin yalnız rəsmi, adbaad siyahısıdır, nə qədər adam qeyri-rəsmi siyahıdadır, hələ də müəyyənləşdirə bilmirlər. Bəzi siyahılar 1 milyon yarımdan bəhs edir.

Həmin repressiyalara Moskvada “QULAQ muzeyi” həsr edilmişdi, təzəlikcə Putin həmin muzeyi ləğv elədi, yerində “Sovet xalqına qarşı genosid muzeyi” düzəltdi. Çox absurd qərar idi, çünki sovet xalqına qarşı genosidin başında həmin sovet rejimi özü dururdusa, muzeyə hansı eksponat qoyulmalıdır?

Stalin tək fərdlərə qənim olmamışdı, onun toplu qurbanlarının siyahısını da burda yazsaq, başqa sözlərə yer qalmaz: Krım tatarları, çeçenlər, Ahıska türkləri, azərbaycanlılar, estonlar, latışlar, inquşlar, balkarlar, qaraçaylar və sairə və ilaxır. Ən azı 28 xalq kütləvi deportasiyaya, zorakı köçürmə və sürgünə məruz qoyulmuşdu.

Ancaq həmin İosif müəllim müəmmalı şəkildə rəhmətə gedəndə onun dəfn mərasimindəki basabasda 100-dən çox adam ölmüşdü. Son illərə qədər də avtomobilin ön şüşəsinə Stalinin portretini yapışdıran sürücülərə rast gəlmək mümkün idi. Özü də nəyəsə görə bu portreti əsasən “samosval” və KAMAZ şoferləri sevirdilər.

3 mindən çox insanı etiraz aksiyalarında gülləbaran edərək öldürən (yenə özlərinin rəsmi statistikasıdır, kitab-dəftərə düşməyən nə qədərdir, deyəsən heç Allah da bilmir – çoxdandır ərazi Şeytanın kurasiyasındadır), siyasi dustaqları krandan asan, 37 il vəzifədən yapışan və qopmayan adamın dəfn mərasimində ümid edək, heç kəs basabasda ölməsin. İnsanlar yazıqdır. Nə olsun kütləvi hipnoz altındadırlar?

Ağlını itirmiş insanların belə yaşamaq hüququ var. İstəsən konvensiya ilə izah elə, istəsən əxlaqla. Ağlını itirənləri yalnız təcrid eləmək olar, hərçənd, görünən odur ki, bunun da bəzən xeyri olmur. Yoxsa 40 illik təcrid boşa getməzdi.

Bəzi fotolarda ağlayan qadınlar vardı. Qara çadralı, şair demişkən, “qara paltarlı qadın”lar. Əslində vəziyyət elə tam o şeirdəkidir: “Bəlkə sənə bu dünyada ən çox ağlayan, Ən çox ağlatdığın qadın olacaq”. Bəli. Rejimin ən pis təpiyi həmişə qadına dəyib. İdeologiya yaranandan belədir. Bunların qadına nifrətinin səbəbini izah eləməyə yetmiş yeddi Freyd çağırsan, bəlkə ortaya nəsə elmi izahat çıxar, mənim savadım o qədər deyil.

Stalin Tiflis Ruhani Seminariyasında oxumuşdu. Demək olar, dini lider idi. Baxmayaraq ki, nə o “dində”, nə də bu dində “dini lider” statusu nəzərdə tutulurmuş. Allahla bəndə arasında heç kəs durmazmış (Yalnız hərdən kran dururdu, bir də qara yaylıqlar).

Bu işlərdə tarixi kontekst, tarixi paralel aparmaq da başqa absurddur, anlayıram. Məsələn, deyirlər filan yerin qədim dövlətçilik ənənələri varmış. Bah. İndi nə edək? İraqı da Şumerin varisi sayaraq, Bağdadda nə asqırsalar “sağlam olun” deməyə borcluyuqmu? Axı bu “qədim dövlətin” birindən biz özümüz 30 il nə murdarlıqlar görmüşük. Yenə allergiya yaranmayıbmı bu mənhus termindən? Qədim dövlət... Yox bir, qədim peşə. Qədimsən, get otur muzeydə, camaatla nə işin var?

Ancaq, əlbəttə, xalqımız müdrik xalqdır – AzTV demişkən. Dünən mənim bir qahımım dalbadal 2 video paylaşmışdı. Birində Əbülfəz Elçibəy İranın belə siyasətinin axırı olmadığından, dağılmağa məhkumluğundan danışırdı. O birində isə Seyid Taleh Boradigahlı ağlaşma-şivən qurmuşdu, necə deyərlər, “ilahi” oxuyurdu.

Biz bu tərs-mütənasib münasibətləri eyni anda öz qəlbimizdə daşımağı bacarırıq. Bunu bizdən başqa edə bilən yoxdur.

Zamin HACI 

Bizə qoşulun