Medianews.az
Tərk edilənlərin mahnısı
52 baxış

Tərk edilənlərin mahnısı

Avroviziya tipli manıs yarışmaları çox da maraq dairəmə daxil deyil, ancaq ölkəmizin adı, imici, bayrağı orda təmsil edildiyi üçün hər bir vətəndaş kimi məni də düşündürür. Ümumiyyətlə, biz çalışırıq ailəlikcə beynəlxalq konfrans və tədbirləri izləyək, qeyd edək, bu münasibətlə sevinək. Məsələn, Bakıda iqlim konfransı olanda ancaq havada gəzişirdik. İndi də şəhərsalma və arxitektura tədbiri münasibətiylə evdə remonta başlamışam. Sözgəlişi, bahaçılıq və ustaların naz-qozu üzündən artıq hamımız ustalıq öyrənməyə məcburuq. Mən özüm hazırda rəngsaz, santexnik, suvaqçı, dülgər, bağban peşələrinə yiyələnmişəm, elektrik olmaq üzərində çalışıram. Reklam çıxmasın, yəni, kimə usta lazım olsa xəbər eləsin, jurnalistikada dolanışıq zəifdir. Arxitektura məsələsi mənə həmişə Hacıbala müəllimi xatırladır. O, Bakının müdiri işləyəndə bir nəfər AXC üzvünün “Xutor”dakı evini, ya dükanını – orasını dəqiq xatırlamıram - sökdürmüşdü. Bəhanə unikal idi: “Bu obyekt Xutorun memarlıq və arxitektura görkəmini pozur”.

Bakıda yaşayan hər bir kəs Xutorun memarlığı barədə təsəvvürə malik olmağa borcludur, mənim zənnimcə... Hacıbala müəllim koloritli şəxsiyyət idi, heyf. Günaşırı olmasa da, həftədə mövzumuz var idi. İndi hanı belələri... Allah Qorbaçovun evini yıxsın. Avroviziya üçün manısı deyəsən İctimai Televiziya seçib, göndərir, hesab edirəm indiki seçimlərinə görə başda Balaş müəllim olmaqla, cavab verməlidirlər. (Ta araya girir, onların rus “Slova patsana” serialından plagiat elədiyi axmaq və zərərli “Mikrorayon” serialını da qəti bəyənmədiyimi burda yazıram. Hamımız aşağı-yuxarı müəyyən müddət “mikrorayon uşağı” olmuşuq, Bakıda bu serialdakı tiplər yaşayan ərazi yoxdur, ta məqsədiniz onu yaratmaq, qayırmaqdırsa, mən pas. Açığı, cəmi 1 seriyasına baxdım, bəs elədi). Nəyə görə? Çünki sən demə Azərbaycandan Avroviziya-2026-ya göndərilən Jiva adlı manıs nəinki finala çıxa bilib, hətta yarımfinalda 15 iştirakçı arasında 15-ci yeri tutub və ona cəmi-cümü... 2 xal veriblər.

Bu, Azərbaycanın dünyadakı yerinə qətiyyən yaraşmır, o cümlədən, musiqi sənətimizin şöhrətinə uymur. Biz müsəlman Şərqində ilk opera bəstəkarı, Avrasiyada ilk muğam professoru, Yer planetində ilk “Sarı gəlin” mahnısı oxuyan və sairə ilə tanınırıq. Necə ola bilər sən gedib Vyana kimi şəhərdə bizi biabır edir, sözün hər anlamında “2” alıb qayıdırsan? Heç qayıtma ondansa. Bəlkə ona mahnının adı “Just go” – bizim dildə yazsam, “Tərk et” olduğu üçün səs verməyiblər? Ki, tərk eləsin yarışı? Yeri gəlmişkən, Jiva xanımın oxuduğu mahnının içində bir kuplet bizim dildə idi: “Məni tərk et, yoruldum yalanından. Məni tərk et, bezmişəm bu oyundan. Məni tərk et, qurtulum bu alovdan. Məni tərk et, çıx mənim dünyamdan”. Tam depressiv, sıxıcı mahnıdır. Sanki uşaq pulu almaq üçün idarəyə gedib əli ətəyindən uzun dönmüş ananın mahnısıdır. Ölkəmizdə sevinmək üçün bu qədər səbəb varkən, sən niyə yorulursan? Nəyin çatışmır?

Bunu mən havadan yazmıram, baxın, bu il yarışın qalibi olan Bolqarıstanlı zənənin həm mahnısının adı, həm sözləri bəşəriyyətə müsbət emosiyalar ötürürdü. Mahnı “Banqaranqa” adlanırdı. Yəni, dingildə özün üçün. Sözlər isə lap ağlı başdan alırmış: “Mən mələyəm, şeytanam, səbəbsiz dəliyəm, psixopatam, liderəm. İcazə ver səni elə əyləndirim ki, şoka düşəsən” (hərfi tərcümə elədim, ritmə salmağa vaxtımız yoxdur). Buyur. Camaat bunu qoyub bizimkinə niyə səs versin? Sən dünyaya hansı mesajı verirsən – bundan çox şey asılıdır.

Zamin HACI

Bizə qoşulun