Avtomobillərin texniki vəziyyəti, xüsusilə də işıq cihazlarının sazlığı yol hərəkəti təhlükəsizliyinin əsas şərtlərindən biridir. Bəs avtomobilin işıq sistemində nasazlıq aşkarlanarsa, sürücünü hansı məsuliyyət gözləyir və bu halda cərimə tətbiq edilə bilərmi?
Medianews.az mövzu ilə bağlı KONKRET.az-a hüquqi şərh verən hüquqşünas Tağı Hüseynov bildirib ki, bu məsələ İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.
“Məcəllənin 342.5-ci maddəsində qeyd olunur ki, yol polisi tərəfindən yoxlama zamanı avtomobilin hər hansı işıq cihazında problem aşkar edilərsə və həmin nasazlığı yerində aradan qaldırmaq mümkün olmazsa, sürücü 50 manat məbləğində cərimə oluna bilər”.
Hüquqşünas vurğulayıb ki, əgər sürücü nasazlığı yoxlama zamanı aradan qaldıra bilərsə, bu halda inzibati xəta tərkibi yaranmır və cərimə tətbiq edilmir.
Qeyd edək ki, avtomobilin işıq cihazlarının saz vəziyyətdə olması həm yol hərəkəti təhlükəsizliyi, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.