Dünyada hər il təxminən 3 milyon insanın həyatına son qoyan xroniki obstruktiv ağciyər xəstəliyi (AXOX) qlobal sağlamlıq üçün ciddi təhdid olaraq qalır.
Medianews.az xəbər verir ki, ürək xəstəlikləri üzrə mütəxəssis Dr. Abdullah Kansu Dünya AXOX Günü münasibətilə açıqlama verib.
Mütəxəssis xəstəliyin tənəffüs yollarında qalıcı daralma yaratdığını və xəstələrin gündəlik həyatını ciddi şəkildə məhdudlaşdırdığını bildirib.
Dr. Abdullah Kansu xəstəliyin əsas əlamətlərinin nəfəs darlığı, öskürək və bəlğəm olduğunu bildirib. O, AXOX-un dörd mərhələsinin mövcud olduğunu deyib.
Həkim, irəliləmiş mərhələlərdə xəstələrin evdən çıxa bilmədiyini və bəzilərinin oksigen dəstəyi olmadan hərəkət edə bilmədiyini vurğulayıb.
Mütəxəssis, AXOX xəstələrinin böyük əksəriyyətində uzunmüddətli siqaret istifadəsi olduğunu bildirib: “Siqaret AXOX-un ən əsas səbəbidir. Havanın çirklənməsi, peşə zərərləri və infeksiyalar da risk yaradır, amma birinci səbəb dəyişmir”.
Onun sözlərinə görə, hazırda dünyada 300 milyon AXOX xəstəsi var və xəstəlik ölüm səbəbləri arasında artıq 3-cü yerdədir.
Dr. Kansu AXOX şübhəsində ağciyər filmi və nəfəs testlərinin erkən diaqnoz üçün vacib olduğunu qeyd edib. Həkim uzun illər siqaret çəkmiş və 40 yaşdan sonra nəfəs darlığı yaşayan hər kəsin müayinədən keçməsini tövsiyə edib.
Xəstəliyin qarşısı alınan xəstəlik olduğunu xatırladan həkim: “Birinci addım siqareti tərgitməkdir. Həkim nəzarəti olmadan inhalyasiya dərmanlarının istifadəsi isə ciddi səhvdir. AXOX xəstələri altı ayda bir mütləq nəzarətə gəlməlidir,” — deyə xəbərdarlıq edib.
Dr. Kansu son olaraq pulmonar reabilitasiyanın — nəfəs məşqlərinin, əzələ gücləndirici hərəkətlərin və müntəzəm gəzintinin — xəstələrin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını, artıq çəki və əzələ itkisini isə risk faktoru kimi qiymətləndirdiyini bildirib.
Medianews.az
