Medianews.az
Səddamsevərlərin varisləri
45 baxış

Səddamsevərlərin varisləri

1991-ci ilin mart ayının ilk günləri idi (söz vaxtına çəkər), yolum Mingəçevir şəhərinə düşmüşdü.

Mixail Qorbaçovun SSRİ rəhbəri olan dövr idi və “yadfikirlilik” necə qıcqırmışdısa, “Kür” otelinin foyesindəki televizorda o dövrün məşhur musiqi qrupu olan “Laskovıy may”ın klipini verirdilər və səhnədə ibnəvari hərəkətlər edən solist Andrey Razin belə bir mahnı oxuyurdu: “Dyadya Mişa, dyadya Mişa, tı moy dyadya doroqoy, neujeli ne slışiş, kak ruqayut nam s toboy?” (“Mişa dayı, Mişa dayı, mənim əziz dayımsan, yəni eşitmirsənmi bizi necə söyürlər?”).

Bəli, bu o günlər idi ki, SSRİ-nin dirəkləri laxlamışdı və bir-iki gün öncə, fevralın 28-də ABŞ “Səhrada tufan” əməliyyatı ilə Səddamın armudunu lalıxlatmışdı.

İndiki cavanlar bilməz, 1990-cı payızında Səddam Hüseyn Küveyti işğal etmişdi (“keçmiş əyalətimdir” deyə), ABŞ bundan narazı qalmış, Səddama vaxt qoymuşdu. Amma o əksər aqressor diktatorlar kimi qabərğasının qalın yerinə salaraq, Küveyti tərk etməyincə, ABŞ beynəlxalq koalisiya yaradaraq, 1991-ci ilin yanvarında İraqa qarşı “Səhrada tufan” əməliyyatına başlamışdı və 28 fevralda bitirmişdi.

Səddamın “şanlı” generalları yanmış quyruğunu dalına qısımış tazı kimi Küveytdən Bağdada qaçdığı günün ertəsi idi. Axşamüstü Mingəçevirdə oteldən çıxıb tələsmədən gedəcəyim ünvana yollanarkən birdən yanımdan ötən və ən çoxu 15-16 yaşları olan iki qızın birinin o birinə dediyi sözləri eşitdim. Qız ağlamsınmış tərzdə rəfiqəsinə deyirdi: “Yoox, Səddam məğlub olmadı. O, hər zaman qalibdir, Amerikanın cəzasını verəcək”.

Yeniyetmə qızların Səddama görə nədən kövrəldikləri aşağı-yuxarı bəlliydi. Çünki sovet təbliğatı Səddam Hüseynin tərəfində idi. Moskva hesab edirdi ki, İraq Küveyti işğal etməkdə haqlıdır. Düzdür, o vaxt bir sıra qəzetlərdə obyektiv təhlil yazanlar və S.Hüseyinin mürtəce siyasətinin düz olmadığını qeyd edənlər də vardı, amma Kremldə hər zaman ABŞ-yə qarşı olmaq xətti yoğun idi. “Dyadya Mişa” “yeni təfəkkür tərzi” ilə fərqli düşünsə də, Kremldəki “qoca qurdlar” Amerika düşməniydilər.

O yeniyetmə qızlar da yüz faiz sovet təbliğatının təsiri altında Səddamsevər olmuşdular. Tək onlar deyildi, ölkəmizdə yüz minlərlə belə düşünən gənc vardı. İnanmırsınız, araşdırma aparın, hazırda ölkədə yüzlərlə Səddam adlı kişi var və 90 faizi 1991-ci il təvəllüdlüdür.

İndinin yeniyetmələrinin cür dərdləri yoxdur, mobil telefonda Tik-Tok izləyir, oyun oynayır, repetitor yanına gedirlər və hansısa ölkədə gedən müharibənin detallarını ürəklərinə salmırlar.

Ancaq bir xeyli yetkin insan var ki, özlərini məhz mingəçevirli yeniyetmə qızlar kimi aparırlar, neçə gündür ağlamsınmış halda paylaşımlar edirlər.

Məsələn, Sankt-Peterburqda yaşayan həmvətənimiz başqa işi yoxmuş kimi, hər gün İrandan yazır və eynilə “Səddam məğlub olmadı” deyən qızlar kimi qeyd edir ki, İran məğlub olmayacaq, Amerikanın cəzasını verəcək. Hətta həmvətənimiz o “cəza”nı artıq İranın əvəzindən Amerikaya özü verib, Pentaqonun gəmilərini “batırıb”, 7-8 təyyarəsini “vurub” və 1000-dən artıq əsgərini “öldürüb”.

İndi elə çıxmasın ki, müəllif dünyanın başının bəlası olan Amerikanın aqressiyasına haqq qazandırır. Əsla! Tərəkəmələr demişkən, Sem dayını belə-belə olsun! Qaradərili Tom dayını daxmasında incidən dövlətə qahmar çıxacaq təhərim yoxdur. Mən soyuqqanlı şəkildə sağdan üçüncü pəncərəyə baxmağın tərəfdarıyam.

(Bunları yazıram və düşünürəm ki, indiki cavanlar nə “Sem dayı”nın kim olduğunu anlayacaqlar, nə “Tom dayının daxması”nın nə demək olduğunu biləcəklər, nə də “sağdan üçüncü pəncərəyə baxmaq” söhbətini tutacaqlar).

Yəni olub-bitənləri obyektiv qiymətləndirmək, soyuq-soyuq mühakimə etmək lazımdır. İran müsəlman ölkəsidir, orada çoxlu soydaşımız yaşayır, amma bu dövlətin vurulmuş rəhbərləri bizim Naxçıvana quru yolla kəsə getməyimizə rüsxət vermək istəmirdilər. Ermənilər yola gəlmişdi, ağayi möhtərəmlər deyirdi, Ermənistan sərhədi bizim qırmızı cizgimizdir.

Ta bu, nə müsəlmanlıq oldu ki, Zəngilandan Ordubaddakı qudasıgilə getmək istəyən adam “Jiquli” ilə 25-30 dəqiqəyə gedəcəyi yolu sırf İran rəhbərlərinin əngəl törətməsi üzündən gedə bilmir, 400 kilometr yol qət edib Bakıya gəlir, ordan aeroporta gedir, 2 saat orda gözləyir, 45-50 dəqiqə göydə uçur, enir, təzədən 1 saat vaxt sərf edərək Ordubada qayıdır. Geri qayıdanda da eləcə. Dindaşını 25-30 dəqiqəlik yolu 2 günə getməyə məcbur qoymaq hansı dinə, məzhəbə sığar?

Bax, ona görə də insanlar “ümmətçilik” və “islam həmrəyliyi” barədə söhbətlərə bir az quşqu ilə yanaşırlar. Ümmətçilk odur ki, hamımız qardaş olar, yardımlaşaq, bir-birimizin ayağnın altına qırmızı xalı sərək. Yoxsa Zəngilandan üzü o yana, Ordubaddan isə üzübəri gedib-gələnlərin qabağına qırmızı xətt çəkirsən və deyirsən, dövlət maraqları belə tələb edir. Bəs “ümmət maraqları” necə olsun?

Dediyim odur ki, çox da şey eləməyək.

Samir SARI 

Bizə qoşulun