Medianews.az 75 illik yubileyi qeyd olunan mərhum jurnalist, əməkdar mədəniyyət işçisi Şakir Yaqubovun iki yazısını təqdim edir.

1951-ci il fevralın 25-də Astaranın Balaca Şahağac kəndində doğulan Şakir Yaqubov Bakı Dövlət Universitetini bitirib. “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan”), “Sirdaş”, “Səhər”, “AFFA news”, “Panorama” qəzetlərində məsul vəzifələrdə çalışıb, Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, “İqtisadiyyat və audit” elmi-praktik jurnalının məsul redaktoru olub. 8 kitabın müəllifi, 4 kitabın həmmüəllifi, bir neçə kitabın tərcüməçisi, publisistik və elmi-kütləvi nəşrlərin redaktorudur. 2022-ci il oktyabrın 15-i Bakıda vəfat edib. Ölümündən sonra jurnalistə həsr olunmuş kitab və özünün daha bir kitabı çapdan çıxıb.
“Bir həsirəm, bir Məmmədnəsir…”
Tarixini uzun illər əminliklə sentyabrın 2-si söyləmişəm və belə də keçib gedib. Ancaq indi bu tarixə şübhə eləyirəm: doğrudanmı məhz həmin gün?!. Axı indi həmin tarix çox böyük əhəmiyyət kəsb edir – ən azı ona görə ki, söhbət adi vətəndaşdan deyil, tarixi şəxsiyyətdən gedəcək.
Dəqiqləşdirirəm: həmin il – 1968-ci ildə sentyabrın 1-i bazar gününə təsadüf eləmişdi, Azərbaycan Dövlət Universitetinin digər kurs tələbələri kimi biz 1-ci kurs tələbələri də dərs ilinə ertəsi gün – sentyabrın 2-də başlamışdıq. Həmin günün də tanışlıq-filana həsr olunduğunu nəzərə alsaq, deməli, mən indi müəyyən əminliklə ayın 3- dən bəhs etməliyəm…
***
Dərslərimiz 2-ci növbədə olduğundan burası dəqiqdi ki, ilk dərsimiz artıq arxada qalmışdı və biz “Asiya və Afrika ölkələrinin tarixi” fənnindən mühazirə üçün hamılıqla birinci, əslində, yarımzirzəmi mərtəbəyə enib fizika fakültəsinin rus sektoru tələbələrinin dərs keçdikləri auditoriyanın boşaldılmasını gözləyirdik. Qapı açıldı və çölə çıxanlarla içəri doluşanların eyni vaxtda hərəkəti başlandı. İçəri doluşanları, yəni bizi başa düşmək olardı: BU BOYDA universitetdə ilk sanballı dərs günümüzdü və heç kim müəllimdən sonra auditoriyaya girməklə həm qoyulmuş daxili qaydanı pozmaq, həm də özü barədə konkret müəllimdə pis fikrin (“…intizamsızdır”) yaranmasına bais olmaq istəmirdi.
Hər nəsə, ümumi axında sonuncudan axırıncılar sırasında auditoriyaya daxil olan qarayanız cavan oldu. Həmin o uzaq illərdə İSTİSNASIZ OLARAQ HƏR ŞEY indikindən fərqləndiyi kimi hava da bir ayrı cür idi: mənim yaddaşımda həmin qarayanız, qıvrım şəvə saçlı müəllim məhz yaxası düymələnməmiş dəri pencək-gödəkcədə qalıb, indi həmin pencək-gödəkcəni ən yaxşı halda, yəqin ki, 15-20 gündən sonra geyinərlər.
Auditoriya eləydi ki, sonuncu partalar giriş qapısının ağzına düşürdü, təbii ki, yazı taxtası, kafedra (müəllimin mühazirə oxuması üçün nəzərdə tutulmuş xitabət kürsüsü) və üzərində sinif (qrup) jurnalı qoyulan stol yuxarı başda idi. Dəri pencək-gödəkcəli hündürboy müəllim tələbə yoldaşlarımın yerbəyer olmasını cəmi bir dəqiqə, əllərini sinəsi bərabərliyində ovuclamış halda gözlədi, sonra sifətinə xəfif bir təbəssüm verərək özünü təqdim elədi:
– Şərqşünaslığı bitirmişəm. İnşallah, sizdə ilin sonunacan bu kursu aparacam… Maraqlandığınız qalan şeyləri də ordan-burdan öyrənə bilərsiniz…
Sonuncu kəlmələri lap bic-bic, burnunu bir az da yuxarıya dartmaqla söylədi və… qapı döyüldü. Müəllim: “Buyurun” – söyləyəndə, demək olar, hamımız geriyə, qapıya tərəf boylandıq. İçəri arıq-arğaz, indiki meyarlarla baxanda kəndçifason bir rus qızı girdi, təbii bir utancaqlıqla: “Vı izvinite menya, veşşi moyi ostalis zdes…” – deyə üzrxahlıq elədi. Yadımdadır, üç sıralı partaların orta sırasında, lap öndə, müəllimlə üzbəüzdə oturmuşdum, qız da unutduğu şeyləri dili və əli ilə məhz bizim partadan götürmək istədiyinə işarə eləyirdi. Müəllim, heç nə olmayıbmış kimi, sakitcə: “Buyurun” deyincə biz – ön partada oturanlar kəndçi (kəndçimi?) ağlı-düşüncəsiylə yer-yerdən: “Zdes”, “Zdes”, “Von zdes” – deyə bağırışdıq. Qız əl çantasını, onunla yanaşı bir kitabını və daha nəyisə yığıb: “Blaqodaryu” – deyərək auditoriyadan çıxanacan baxışlarımızla onu müşayiət elədik. Qapının örtülməyi ilə müəllimin ağzının açılmağı bir oldu (aradan 44 il keçib, indi də düşünürəm ki, o, həmin təhqiramiz sözləri məhz bizə, içi mən qarışıq, ön orta partada oturub canfəşanlıq edənlərə yox, hamıya ünvanladı):
– Tüpürüm sizin kişiliyinizə!.. Nə olub ə? Nə matah iş olub? Bir rus “matişka”sı 20 nəfərlik, – (o vaxt qrupumuz tam formalaşmasa da, hər halda, daha çox idik), – azərbaycanlının olduğu auditoriyaya, özü də Azərbaycan Dövlət Universitetinin auditoriyasına girir, azərbaycanca danışmaq əvəzinə öz dilində nəsə qırıldadır və həmin bu 20 nəfər də xornan ona “Zdes”, “Zdes” – deyə cavab verir. Ayıb deyilmi sizə? Siz bu ağılnan, düşüncəynən oxuyub Azərbaycanı ağ günə çıxarmaq istəyirsiniz?..
Mənimlə yanaşı oturmuş, tarixi hamıdan yaxşı bildiyi gümanında olan qubadlılı Oruc ayağa qalxıb üzrxahlıq eləməyə başladı, amma onun da üzrxahlığı guya müəllimin sözünün üstünə söz gətirməyimizə görə idi, müəllim isə tamam ayrı, lap ayrı şeylərdən danışırdı, dediyindən ən azı bunu anlamaq çətin deyildi ki, biz – Azərbaycan oğulları (məhz oğulları!) gərək dəstəynən bir rus “matişkası”nın qabağında özümüzü sındırmayaydıq, çünki həmin “matişka” mahiyyəti, “vid-fason”u etibarilə buna layiq deyildi…
Müəllim isə sanki danışmağa mövzu tapmışdı:
– Azərbaycan Dövlət Universiteti dedim, üzr istəyirəm ifadəmə görə… Azərbaycan Dövlətsiz Universiteti! Dövlət Universitetinin auditoriyası bu kökdə olmaz!.. – Sonra o, çoxumuzun adını ilk dəfə eşitdiyimiz bir neçə nəfərin adını çəkdi: – Vəzifələrini saxlamaq üçün Azərbaycanın Rusiyanın tərkibinə könüllü daxil olmasının 150 illiyini bayram elətdirdilər, halbuki bu, başdan-ayağa işğal faktıdır. İngiltərədəki dostlarımız bu məsələni BMT-də qaldırmağa hazırlaşdıqları vaxt bunlar burda bunu bayrama çevirdilər…
Müəllim alov püskürürdü, uşaqların hamısı bu qeyri-adi mühazirənin harda və necə bitəcəyini gözlədiyi məqamda müəllim stolun üstündəki jurnala işarə ilə:
– Kimdir “sinifkom”? – O, məhz “sinifkom” dedi, bizim bildiyimizsə “starosta” idi. Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini Novruzəli Zeynalovun oğlu, yaşına görə babat çəkiyə malik olan Namiq ayağa durdu, yəni ki, mən, – jurnalı həmişə özün doldurarsan, verərsən mən qollayaram. Sizə Asiya-Afrika ölkələrinin yox, lap əvvəl Azərbaycanın tarixini bilmək lazımdır. Hərçənd həmin ölkələrin tarixində də Azərbaycanla bağlı məqamlar yox deyil. Elə Misir tarixini götürək… “Barbarossa planı” deyirlər… Buna Avropa Barbarossa deyir, bunlar əslində iki qardaşdır – Baba Oruc və Xeyrəddin. XVI əsrdə bunlar bütün Şimalı Afrikada nəhəng imperiya yaradıblar. Bunlar xalis türkdürlər!.. Hələ Tulunilər var, bunların dövləti var…
Dərsin ilk 45 dəqiqəsinin nə vaxt bitdiyini, zəngin nə vaxt çalındığını bizdən heç kim hiss eləməsə də müəllim ayıq imiş:
– Çıxın, siqaretimizi çəkək, sonra dərsimizə davam edərik…
Biz, 3-4 nəfər qatı siqaretçəkən, həmin yarımzirzəmidən daha yuxarı mərtəbələrə qalxan pilləkənin altında yığışıb olanımızdan tüstülətməyə başlamağa girişəndə kimsə dirsəyimə toxundu. Çevriləndə müəllimi gördüm: “Nə çəkirsən?”. O dövrün ən populyar, ucuzdan ucuz siqaretinin – ”Prima”nın adını çəkdim. “Birini ver” – dedi müəllim. Bu, həmin gün 17 yaşlı bir kənd uşağının ikinci dəfə şoka düşməsi demək oldu: müəllim tələbəsindən (şagirdindən) siqaret istəyirdi!
(Dünyada, görünür, heç nə izsiz ötüşmür, heç nə itmirmiş: düz 25 il sonra o, “Marlboro” siqaretiylə “Prima”nın əvəzini çıxdı. Bu barədə sonra…)
Mən vəziyyətin məhrəmliyindən istifadə edərək, canıyananlıq göstərmək istədim:
– Dediklərinizin hamısıynan şərikik, mahiyyətini dəqiq anlamasaq da ürəyimizdən xəbər verir. Ancaq nəzərə alın ki, 20-25 nəfərlik bir dəstədə dostlarla yanaşı, ürəyi istəməyənlər, çuğullar, satqınlar da ola bilir…
O, siqaretə dərin bir qullab vuraraq bic-bic gülümsədi:
– Boş şeydir. Mən Nil üstündəki Əsvanda, yəni sizin dillə Asuanda tərcüməçi işləyəndə Xruşşov ora gəlmişdi. Tikintidə olduğu bir neçə saat ərzində Sovetlərdən gələnlər onun ayaqqabılarını yalayırdılar – hərə bir şey diləyirdi, o da əshabələrinə göstəriş verirdi ki, vətəndə bu xahişlər dərhal yerinə yetirilsin. Tək mən ehramlardan birinin kölgəsinə sığınıb özüm barədə, imperiya dövləti başçısının təbəələrinə verə biləcəyi sədəqənin mahiyyəti barədə düşünürdüm. Yerli iş icraçısının gözü mənə sataşdı, dedi ki, bəs sən niyə bir şey xahiş eləmirsən? O vaxt dövlətin başçısından istənilməli iki şey vardı: ev və minik maşını. Mənimsə bunların heç birinə ehtiyacım yoxdu… On-on iki il qabaq kənddən çıxıb Bakıya gələndə anamdan halallıq almışdım, demişdim ki, ana, mən bu yola düşürəm – bunun tutulmağı var, şikəst edilməyi var, öldürülməyi var. Mənə südünü halal elə və hesab et ki, mən adda oğul dünyaya gətirməyibsən, o vaxt mənimlə bağlı ən ağır xəbəri də göz yaşı axıtmadan, mərdi-mərdanə qarşılaya bilərsən… (1991-ci ilin oktyabrında “Azadlıq” qəzetinə verdiyi müsahibədə [Bax: Elçibəy Əbülfəz. Bu mənim taleyimdir. Bakı: Gənclik, 1992, səh. 131) o, anası ilə münasibətləri barədə belə deyib: “Mənim taleyimdə iki varlıq həmişə ziddiyyət təşkil edib: anam və xalq. Çox vaxt fikirləşmişəm ki, onlardan hansını hansına dəyişmək olar? Heç vaxt da bu suala cavab tapa bilməmişəm. Elə vaxt olub ki, hirslənmişəm, demişəm ki, ana da, hamı da əqidəyə qurban getməlidir, sonra fikirləşmişəm ki, yox, ana məsələsi çox ağırdır; yəni uşağı, ailəni, qardaşı, hamını qurban vermək olar (bəlkə başqası üçün uşaq olmaz, qardaş olmaz), təkcə anadan savayı… Elə olub ki, mən onun sözünə baxmamışam. Məsələn, deyib ki, bu şeylərdən əl çək, səni tutacaqlar; filan-filan şeyləri get de, qurtarsın getsin… Yəni o, bir ana kimi məni istədiyi qədər danlaya da bilərdi, hər şeyi deyə bilərdi, ancaq axırda milli məsələdə o, təslim oldu. Dedi ki, sən xalqın adamısan, Allahın adamısan, səni tapşırdım Allaha, indi özün bilərsən, daha sənin işinə qətiyyən qarışmayacağam”]. Bax, bu mənada bir həsir, bir Məmmədnəsir olanın nəyinə lazımdı ev, maşın?! Xruşşov oturduğum yerə yaxınlaşanda müşayiətçilər qımıldanmadığımı görüb “xatası bizdən uzaq” prinsipi ilə, məni uzaqdan-uzağa bir yerli kimi qələmə verdilər… Bəli, mən həmin adamam; bir də qorxan gözə çöp düşər, mənə heç nə olmaz. Siz özünüzü qoruyun ki, gələcəkdə sıralarımız boş qalmasın…
[“Mənə millətçi deyirlər, amma mən millətçi deyiləm, mən inqilabçıyam və bu yol mənim taleyimdir: gedirəm, harada qırılacaq, orada dayanacağam, başqaları gedəcək bu işin dalınca…” – bu da onun sözləridir, 1989-cu ildə, Azərbaycan Xalq Cəbhəsinin 5-ci Məclisindəki çıxışı zamanı belə deyəcəkdi.
Düz 44 ildən sonra “Ünsiyyət” nəşriyyatı tərəfindən çap edilmiş “Qardaşım Elçibəy haqqında xatirələrim” kitabında isə Murad bəy belə yazacaq: “Müəllim bir neçə dəfə mənimlə söhbət zamanı tutulmaq haqqında mənə söyləyib ki, sən sonralar biləcəksən, – bu söhbəti o, həmişə ona evlənmək təklif edəndə edərdi. – Siz hamınız – ev, ailə mənim tutulmaq vaxtıma hazır olmalısınız. Yəni təmkinli, səbirli olmalısınız, – deyib.
1974-cü il idi. O, yay tətilində Kələkiyə gəlmişdi. Onunla müəllim yoldaşının ailəsi də dincəlməyə gəlmişdi. Bir neçə həftə qalıb dincəldilər. O vaxt dayım ona bu hərəkətləri haqqında məsləhətlər verirdi: “Tutduğun bu yol çox çətin yoldur, ay oğul. Bu işlər üçün bir neçə adamlarımız Sibir çöllərində itib-batıb, heç sorağı da yoxdur. Gəl bu işdən əl çək. Sən danışdığın, tutduğun yol çox çətin yoldur. Görürsən, ailəmiz təzə-təzə özünə gəlir. Atan müharibəyə getdi gəlmədi. Məni tutdular. Allaha şükür, 4 il yatandan sonra qayıtdım. Qardaşların hamısı evlənib ailə qurublar. Gəl səni də evləndirək. Ailə sahibi ol. Görürsən, sənin müəllim yoldaşın evlənib, iki dənə də uşağı var. Allaha şükür, sən də evlənərsən, yaxşı olar. Yaxşı vaxtındır, gəl səni də evləndirək. Gəlmisən, de görək məsləhətin nədir?”.
Müəllim dedi ki, dayı, ana, qardaşlar da burdadı. Mənə evlənmək haqqında söhbət salmayın. Mən tutduğum bu yolu bir yerə çıxarmalıyam. Sonra məni bəlkə də tutdular. Tutacaqlar da. Bu, mütləq olacaq. Buna siz də hazır olmalısınız. Heç vaxt dedi-qoduçuların sözünə baxıb əsəbiləşməyin. Özünüzdən çıxmayın. Səbirli, təmkinli olun. Mənim haqqımda danışıqlara fikir verməyin. Allah qoysa, evlənməyə vaxt olacaq. Bu barədə bir daha mənə təklif etməyin”…].
…Bizim otuz yaşlı o müəllimimiz, böyük qardaşının Müəllim dediyi o şəxs Əbülfəz Qədirqulu oğlu Əliyevdi – 24 ildən sonra müstəqil Azərbaycan Respublikasının Prezidenti olacaq Əbülfəz Elçibəy!..
Oktyabr 2012
Prezident baş redaktorları görüşə çağırmışdı…
Adi iş günlərindən biriydi. Telefon zəng çaldı. Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Arif Əliyevdi:
– Şənbə günü Prezident ölkənin yüksək tirajlı qəzetlərinin baş redaktorlarıyla görüşməyi planlaşdırır. “Səhər” qəzeti də bu qrupa daxildir. Ancaq mənə dedilər ki, baş redaktorunuz xaricdə səfərdədir, Prezidentlə görüşə, baş redaktorun birinci müavini kimi, Siz dəvət olunursunuz. Şənbə günü, saat 10-da, Prezidentin iqamətgahında…
Ömrüm boyu heç kimi əvəzləmədiyim üçün və buna cəhd də göstərmədiyim üçün bu dəfə də nəm-nüm eləsəm də köhnə “Molodyoj Azerbaydjana”çı Arif, bir həmkar olaraq, “Azərbaycan gəncləri”nin lap köhnə təmsilçisini bu görüşə razı saldı.
1993-cü il fevralın 6-sı. İki gündən bəri şıdırğı yağan qar dayanmış və yavaş-yavaş əriməyə başlamışdı. Küçələrdə nəqliyyat vasitələri az olsa da, hər halda, adamın ayağını yerdən götürməyə yetirdi.
Prezident iqamətgahının qapısı önündə toplaşanları barmaq hesabı saymaqla “yüksək tirajlı qəzetlər”in sayının 10-u keçmədiyini təyin eləmək çətin deyildi. Yüngülcə salamlaşdıq, bugünkü nömrələrdəki bəzi yazılara eyhamla işarə vurduq və… Giriş qapısı açıldı, bizi içəri dəvət elədilər. Adətən belə məqamda başlanan ənənəvi “buyur-buyur” onunla nəticələndi ki, kiçik dəhlizdən içəri birinci mən keçəsi oldum.
Qəbul otağına qədəm qoyan təki qapının sağ layının arxasında dayanmış Prezident Əbülfəz Elçibəyə gözüm sataşdı. O, görüşmək üçün bir addım irəli atıb sağ əlini uzatdı. Belə olacağını gözləmədiyimə və Prezidentin bizi məhz bu şəkildə qarşılayacağına dair xəbərdarlıq almadığımıza görə duruxub qaldım, ancaq dərhal özümə gəlib mən də şəstlə əlimi onun əlinə verdim və elə bu an arxamca gələnləri də şoka salan hadisə baş verdi: əlim əlində olduğu halda Prezident məni özünə tərəf çəkib bağrına basdı…
Sonra arxamca otağa daxil olan baş redaktorların hamısıyla birbəbir əl verərək görüşüb, balaca qəbul otağının ortasında qoyulmuş uzunsov stolun arxasına keçdi. Sağında-solunda, hər tərəfdən 2-3 nəfər özünə yer elədi. Mən onunla üzbəüzdə qərar tutası oldum.
İndiki uydurma dillə desək, “media kapitanları”nı salamladıqdan sonra görüşün məqsədini bildirdi: “İstədim bir görüşək, dərdləşək” – dedi. Sonra üzünü mənə tutub: “Hardan tanıyıram səni?” – deyə soruşdu. Tam qətiyyətlə “Bakı Dövlət Universitetindən… 1968-ci ilin 2 sentyabrından” – dedim. Keçən qeydlərimdə yazdığım kimi mən HƏMİN tarixi uzun müddət məhz 2 sentyabr hesab eləmiş, həmişə də həmin tarixi hamıya bu cür nişan vermişəm. Ona görə indi də belə söylədim: 2 sentyabr… O isə tarixin qeyri-dəqiqliyinə məhəl qoymadı, eləcə il üçün sanki gözlərinə işıq gəldi, çoxdan arxada qalmış gənclik illərinə qovuşdu. Ona görə başqa dəqiqləşdirmə elədi: “Tarix fakültəsində?”. “Yox, kitabxanaçılıqda…” – cavab verdim. Mənzərə tam aydınlaşdı: “O ilk beşliyimiz yadındamı? – soruşdu, sonra hamıya müraciətlə dedi: – Mən bu gün üçün deyirdim ki, bizim azadlıq hərəkatı beşliklərdən onluqlara, onluqlardan yüzlüklərə çevrilməklə, bütün milləti əhatə eləyəcək və onda bu millətin qabağında heç nə, heç kim dayana bilməyəcək…”.
“İlk beşlik” deyə nəzərdə tutduğu, yaxud ehtimal elədiyi adamları – keçmiş tələbələrini soruşdu, onların aqibəti ilə maraqlandı. “Gəlib-gedənin əlindən gecəm-gündüzüm yoxdur: hərəsi bir xahişə gəlir. Bəs siz niyə gəlmirsiniz?” – bu da onun mənə fərdi müraciəti oldu.
Mən onun güman elədiyi beşliyin bütün üzvlərinin adını çəkib harada və nə işlə məşğul olduqlarını söylədim, iradına isə: “Siz onsuz da bizi buna öyrədirdiniz ki, yaxşı mütəxəssis olub vətənin dərdlərinə dərman olmaq lazımdır. İndi biz də azdan-çoxdan bu tövsiyənizə əməl eləməklə məşğuluq. Nəsə bir problemimiz olanda da özümüz həll eləməyə çalışırıq. Daha hər şeydən ötrü Prezidentin üstünə qaçmazlar ki?!.”
Yenə bic-bic gülümsədi və sol qolunun altındakı qəzet topasına – qəzetlərin təzə nömrələrinə işarə ilə: “Düz eləyirsən, budu, burda – “Səhər”də hərdən-birdən mənə də möhkəm çəkirsən” – deyib, söhbətin miqyasını bir az da genişləndirdi: – Buyur, “7 gün” bu gün təcili yardım stansiyasından məlumat verib – bu qarda-çovğunda Bakının küçələrində neçə nəfər yıxılıb, neçəsinin qolu-qıçı əzilib. Bunu da elə verib ki, elə bil qar da Əbülfəzin sifarişi ilə yağıb, küçələri də Əbülfəz qardan-şaxtadan təmizləməliymiş, avtobusların işini də Prezident nizamlamalıymış… Yaxud bu da mənim dostum Aqil Abbasın qəzeti, “Ədalət”. Görün, adı “Ədalət” olan bu qəzet nə yazıb…
Bu cür fərdi iradlarla davam edən söhbət gəlib çıxdı xarici medianın üstünə. Prezident sözünə davam elədi:
– Siz bilirsiniz ki, srağagün gecə Cövhər Dudayev Bakıda olub. Özü də dəvətsiz. Mən burada Eduard Şevardnadzeynən şam yeməyi yeyirik, gəlib qulağıma pıçıldayırlar ki, bəs, Dudayev şəxsi təyyarəsiynən bizim aeroporta enib, bura gəlib Şevardnadze ilə görüşmək istəyir. Bilirsiniz ki, bu, az qala mümkünsüz bir işdir – çünki Zviad Qamsaxurdiya bunun qatı düşmənidir, o da qaçıb girib Dudayevin qoltuğunun altına. İndi Dudayev də, Allah bilir, hansı niyyətlə bununla görüşə can atır. Amma mən bizim Qafqaz adət-ənənələrinə yaxşı bələdəm, bilirəm ki, burda heç bir kişi başqa birisinin süfrəsi başında namərd hərəkət edə bilməz və eləməz də… Mən bir qədər düşünüb Şevardnadzeyə sirri açıram və Dudayevi Bakıya şəxsən özüm, onunla görüşdürmək üçün çağırdığımı söyləyirəm. “İcazə verirsənmi gəlsin və bizim süfrəmizdə otursun?” – deyə soruşuram. Hiss edirəm ki, rəngi ağappaq ağarıb, özünü tələyə salınmış kimi sanır. Bir daha əmin edirəm ki, can narahatlığı üçün əsas yoxdur, hər şey mənim boynumdadır, ancaq bu görüşün bütövlükdə Qafqazda sülh üçün, sakitlik üçün böyük əhəmiyyəti var… Onu inandıra bilirəm. Dudayev gəlir, bunları görüşdürdüyüm üçün bilmir ki, mənə nə cür təşəkkür eləsin. Bizim birgə şam yeməyindən sonra bunlar düz iki saat təklikdə qalıb söhbətləşirlər. Belə bir razılıq əldə olunur ki, Çeçenistan və konkret olaraq, Qamsaxurdiya tərəfdən Şevardnadzenin hakimiyyətinə heç bir sədəmə toxunmayacaq… Sonra üçümüz görüşür, bu niyyətə xeyir-dua veririk və… razılığa gəlirik ki, bu barədə mətbuat orqanlarında bir cümləynən olsa da məlumat verilməsin. Amma bugünkü “İzvestiya” “Şevardnadze Qafqazda sülh yaradır” başlığıynan bu barədə məlumat yayıb. Deyən də yoxdur ki, Şevardnadze sülh yaradırsa, bunu niyə Tiflisdə eləmir, gəlib Bakıda eləyir? Bax, sizin təmsilçisi olduğunuz mətbuatın bu cür həlləm-qəlləm işləri var…
“İstəyirəm biləsiniz, – Prezident söhbətinə davam elədi, – biz sizinlə – kimiynən 30 il, kimiynən 20 il, kimiynən 10 il, kimiynənsə də cəmi 1 il əvvəl – bu mübarizəyə başlayanda məqsədimiz, məramımız milləti, vətəni ağ günə çıxarmaq olub. Heç birimiz prezidentlik, ya baş redaktorluq iddiasında olmamışıq, bunun üçün təcrübəmiz də olmayıb, bunları indi – işləyə-işləyə, görüb götürə-götürə əldə edirik. Ona görə də birimizin səhvini götürüb dağın başına qoymamalıyıq, o səhvin aradan qaldırılmasına kömək eləməliyik. Təbii ki, bu, bilərəkdən edilməyən səhvdisə… O il mən Moskvada Yeltsinlə görüşmüşəm. Deyir cənab Elçibəy, gəlin filan işi filan cür görək. Mən fövrən anlayıram ki, bu, çox qorxulu məsələdir, buna getmək olmaz, bunun qorxusunu heç özü də anlamır. Deyirəm ki, Boris Nikolayeviç, Siz məsələni çox gözəl qoyursunuz, mən də düşünürəm ki, o məsələni məhz Siz deyən təki həll eləmək olar, ancaq bilirsiniz ki, məsələyə ictimai münasibət də var: bizim bir daxili işlər nazirimiz var – İsgəndər Həmidov, o, çox çılğın adamdır, radikaldır, xalqı bizim əleyhimizə qaldırar, necə deyərlər, it də gedər, ip də… O, dərindən köks ötürüb, “Tamamilə doğru söyləyirsiniz, cənab Elçibəy, qoyun bu məsələ hələ gözləsin” – deyir. Yaxud mən deyirəm ki, filan məsələni belə eləsək, məncə, hər iki dövlət üçün yaxşı alınar… O da mənə dəstək verir və… bunun baş tutacağına inanmadığını bildirir, çünki ortada Prezidentin milli məsələlər üzrə müşaviri Sergey Şaxray var, deyir ki, onu razı salmaq böyük problemdir… Bax, dövləti idarə eləməyin bu cür incə məqamları var və siz jurnalistlər bu məqamları bilib nəzərə almayınca, həm sizin, həm də dövlət idarəçilərinin başı qeylü-qaldan ayılmaz…
Prezidentdən sonra ayrı-ayrı dəvətlilər qaldırılan məsələlərə münasibət bildirdilər, mən də dedim ki, “siz səhv eləyincə mən yazacağam, çalışın ki, səhv etməyəsiniz, yaxud səhviniz mümkün qədər az olsun”.
…Dövlət katibi Pənah Hüseynovun görüş otağına girib söhbəti bitirmək və növbəti qəbula başlamaq barədə ikinci təkidli qeydindən sonra görüşümüz bitdi. Prezident yenə hamıyla təkbətək əl verib xudahafizləşdi, mənə isə “Heç tanımadığım adamlar gəlib məndən vəzifə istəyir. Siz kimi gözləyirsiniz?” – tapşırığını verməyi də unutmadı.
Onunla sonuncu görüşümüz 1997-ci il dekabrın 27-də indiki Teatr meydanındakı yarımzirzəmidə yerləşən “Müllerbrau” restoranında – “Azadlıq” qəzetinin ilk nömrəsinin çapdan çıxmasının növbəti ildönümünə həsr olunmuş ənənəvi məclisdə oldu, amma bu dəfə “Kələki hicrəti”ndən sonra mənim kimi keçmiş, lap keçmiş “beşlik”lərdən birinin sıravi üzvünün ELÇİBƏYə sərbəstcəsinə yaxın düşməsi mümkünsüz idi…
***
İllər sonra Anar “Gecə düşüncələri” adlı essedə tamamilə haqlı olaraq belə yazacaq: “Əbülfəz Elçibəy… Azərbaycanın bəlkə də sonuncu romantik siyasətçisi idi. Bu cəhətdən onu, doğrudan da, romantik siyasətçi Məmməd Əmin Rəsulzadəylə müqayisə etmək olar. Əbülfəzdən sonra gələn cavan siyasətçilər əsasən praqmatikdirlər…
Amal, əqidə, doğrudan da, onun həyatının mənası idi. Əqidəsi yolunda əzab çəkməyə də hazır idi, xislətində qisasçılıq da yoxdu. Dünyagörüşünün miqyasları etibarilə müəyyən hüdudlar çərçivəsində düşünə və fəaliyyət göstərə bildi, amma sözlərində, əməllərində səmimi idi, dözümlü idi, mərhəmətli idi. Ətrafındakılar isə onun bu müsbət cəhətlərindən tam tərs məqsədlərlə istifadə etməyə başladılar…
Allah Əbülfəzə qəni-qəni rəhmət eləsin. Uğurlu siyasətçi olmasa da, saf insan idi” (Anar. Əsərlər. III cild. Bakı: Nurlan, 2004, səh. 716-717).
P.S. Gələcək Prezidentə “Prima” çəkdirməyimi mənə irad tutan dost-tanışlara və ümumiyyətlə, bütün oxuculara: hansı dövrdən, hansı ildən söhbət açıramsa, bütün faktları istisnasız olaraq həmin dövrdə, ildə adlandırıldığı kimi qeyd edirəm; bu, siqaretə də aiddir: Azərbaycanda o vaxtların ən bahalı və nüfuzlu siqareti Bolqarıstan istehsallı “Trezor” və Moskva istehsallı “Stoliçnaya” siqaretləri idi. Hər ikisinin də dadı mənə yaxşı tanış idi, 1968-ci ilin sentyabrında isə “Prima” çəkirdim. Səhv eləmirəmsə, qutusu 10 qəpiyə idi. Mən onu ötən qeydlərimdə “ucuzdan ucuz siqaret” adlandırmışdım. 70-ci illərin əvvəllərində sovet ordusu sıralarında xidmət zamanı gördüyüm “Oxotniçyi” isə həqiqətən SSRİ-nin ən ucuz siqaretiydi: pərakəndə satış qiyməti 5 qəpik idi, ancaq satışa buraxılmırdı – onu xaricdə xidmət edən əsgərlərə və sualtı qayıqların matros heyətinə, iki günə bir qutu hesabı ilə pulsuz paylayırdılar…
P.P.S. 1993-cü il fevralın 6-dakı görüşün gedişində hansısa məqamda Prezident cibindən “Marlboro” siqareti çıxardı, qutunu açıb: “Buyurun, çəkin” – deyəndə üzbəüzdə oturan mən – tərəddüdsüz-filansız əlimi uzadıb siqaretin birini götürdüm və… elə siqaretimi də Elçibəy yandırdı…
Oktyabr 2012