Medianews.az
Sağıcının intervüsü
41 baxış

Sağıcının intervüsü

Yaxud, akademik adını necə geri alaq

Son günlər elm xadimlərimizin diqqət mərkəzinə gəlməsi xalqda istər-istəməz müəyyən proqnozlara səbəb olur. İlk növbədə AMEA-nın ləğvi şayiələri dolaşır. Hazırda karbohidrogen qazancımız aşağı düşdüyü üçün dövlət büdcəsi təşkilatlarında çoxlu ixtisarlar aparılır, idarələr bir-birinə calaşdırılır.

Mən təklif edirəm Kənd Təsərrüfatı Nazirliyi ilə Mədəniyyət Nazirliyi də birləşdirilsin. Bunu havadan yazmıram. Sovet vaxtı ölkəmizdə “mədəni tövlə” deyə bir iqtisadi-aqrar anlayış var idi. O cümlədən, artistlər kəndləri gəzir, çobanlar, sağıcılar, pambıqçılar qarşısında konsert, tamaşa verirdilər. Şəxsən mən uşaq vaxtı rayon mədəniyyət evinin, xəstəxananın əmək kollektivlərinin üzüm yığımına cəlb edilməsini canlı görmüşəm. Bunu təşkil edən raykom katibi Əhməd Əhmədzadə hələ də NK-da hansısa müşavir vəzifəsində saxlanmalıdır, çağırın, sizə təcrübə dərsi keçsin.

Ancaq mövzudan çox uzaqlaşmayaq. AMEA-nın ləğvi deyilənə görə, hələ AXC-Müsavat cütlüyü vaxtı gündəmə gəlibmiş. Hər halda, başda Elçibəy, İsa Qəmbər, Pənah Hüseyn və sairə olmaqla, AXC rəhbərliyinin az qala hamısı AMEA-nın müxtəlif institutlarından çıxmışdılar və oranın nə yuvası olduğunu hamıdan yaxşı bilirdilər. Lakin hakimiyyətin ömrü qısa çəkdi, akademiyanı ləğv eləyə bilmədilər. İndiki dövrümüzdə isə AMEA-nın ötən il 2 yerə parçalanması, bir hissəsinin Elm-Təhsil Nazirliyinə verilməsi bəlkə də qurumun ləğvi üçün ilk addım idi.

Əlbəttə, şəxsən mən oranın ləğvinə qarşıyam, çünki alimlərimizə müştəri çıxanlar çoxdur. Ləğv etsək, akademiklərimizin hamısı Amerika, İngiltərə, Niderland, Fransa, Rusiya akademiyalarına axışacaqlar. Beyin axını bizə lazım deyil. 1 akademiki yetişdirmək üçün millət 10 illərlə əziyyət çəkir. Məsələn, Ramiz müəllimin akademik olmağına biz milyonlarla manat, dollar, avro yatırmışıq. Neçə yeşiyi evindən çıxdı.

Söz açılmışkən, AMEA Rəyasət Heyətinin son iclasında Ramiz Mehdiyevin akademik adından məhrum edilməməyi də müzakirə olunur. Fikrimcə, burada yanlış arzu-istək var, rəyasət heyəti istəsə belə, bunu edə bilməzdi, AMEA nizamnaməsinə görə, akademik adı ömürlük verilir (“AMEA nizamnaməsi, maddə 5.7. Akademiyanın həqiqi və müxbir üzvləri ömürlük seçilirlər”, bax: science.gov.az) . Yəni, nə qədər ki Ramiz müəllim sağdır, onun akademik adını heç kim əlindən ala bilməz.

Əlbəttə, ölkəmizin analoqsuz inkişafını nəzərə alsaq, burada hər bir şeyə istisna mümkündür. Məsələn, vaxtilə səhiyyə naziri, akademik Əli İnsanov iqtidar üçün “fıs” çıxanda, 11 illik türməyə salınanda onu AMEA-dan çox ləzzətlə qovmuşdular (Həmin iclasdan bir sitat, məncə oxucularımız üçün maraqlı olar: “Akademik Budaq Budaqov bildirmişdir ki, insanın özü-özünə elədiyini el yığılsa, edə bilməz. Əli İnsanov özü-özünə balta çaldı. Məhkəmənin gedişi müddətində biz onun daxili aləmi ilə yaxından tanış olduq. Elimizin gözəl misalı var: neylirəm qızıl teşti ki, içinə qan qusam. Qızıl teşt dalınca qaçanların hamısının aqibəti məhz belə olur. “Akademik” adını həbsxanadan xilas etməliyik. “Akademik” sözü həbsxanada işlənməməlidir. Bu müqəddəs sözlərin təmizliyini qorumalıyıq. Akademik etiraf etdi ki, vaxtilə Əli İnsanov haqqında yaxşı fikirdə olmuşdur. İndi dəhşətə gəlib ki, bu insan daxilini necə məharətlə gizlədirmiş!”).

Yəqin indi də “akademik adını ev dustaqlığından çıxarmaq” lazım gələcəkdir. O vaxt İnsanovun məsələsi müzakirə ediləndə AMEA prezidenti Mahmud Kərimov tragikomik açıqlama vermişdi: “Nizamnamədə ömürlük yazılması bunun əbədi olması demək deyil”.

Deyəsən alimlərimizdən çox yazdım, buna görə oxuculardan üzrxahlıq edərək cızmaqaramı bir əski anekdotla bitirir və KTN-lə mədəniyyət sferamızın birləşməsi ideyasına öz töhfəmi verirəm: “Kəndin ferma müdirinə yuxarıdan zəng edirlər. Deyirlər sabah müxbir gələcək, sağıcınız ona intervü verər. Müdir sağıcını çağırır, deyir sabah hazırlaş, intervü verəcəksən. Sağıcı soruşur, müdir, başına dönüm, intervü nə deməkdir? Müdir: “Vallah, nə gizlədim, mən özüm də bilmirəm intervü vermək nə deməkdir, ancaq sən hər ehtimala qarşı sabah çimib gələrsən”.

Zamin HACI

Bizə qoşulun