Medianews.az
Rusiyanın Qafqazda SON çırpıntıları – “Иван, иди домой!” deməyin ZAMANI
132 baxış

Rusiyanın Qafqazda SON çırpıntıları – “Иван, иди домой!” deməyin ZAMANI

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-a budəfəki səfərindən də məmnun qayıtdığını bildirib. Sülh perspektivlərinə “indi daha böyük inamının olduğunu” söyləyib. Bu barədə o, Facebook səhifəsində yazıb.

ABŞ-nin, prezident Donald Trampın səyləri, zəmanəti öz yerində, belə bir inamın arxasında əlbəttə ki, hər şeydən öncə Azərbaycanla sülh prosesinin ikitərəfli formatda uğurla irəli aparılması gerçəyi dayanır. Və həm də Bakının müəyyən elədiyi sülh gündəliyi və “Yol xəritəsi” əsasında.

Bu “Yol xəritəsi”nin 2026-cı ildə, daha dəqiqi, birinci 6 ayda öz məntiqi sonluğa və hədəfə çatması gözlənilir. Çatmalıdır da...

eliyev-ve-pasinyan-yaxsi-liderlerdir

Əsas əngəl, ən böyük təhlükə çoxdan bəlli – Rusiya. On illərdir Qafqaz xalqları arasında sülh və əməkdaşlığın bərqərar olunmasından çox, öz imperialist maraqlarını güdən Moskva əfsus ki, aranı qarışdırmaq, ölkələri hədələmək, “bulanıq suda balıq tutmaq” vərdişlərindən hələ də əl çəkməyib. Əl çəkmək istəmir.

Və bütün bunların fonunda Kreml riyakarcasına özünə qarşı hörmət, ehtiram-etimad tələb edir. Necə? Səni vaxtaşırı şantaj edən, hədələyən, yuxarıdan aşağı baxıb səni ciddiyə almayan tərəfə rəğbət mümkünmü?..

“Vaxtilə SSRİ tərkibində olan, amma Qərblə ehtiyatsız yaxınlaşma yolunu seçən, suverenlik və müstəqilliyini ona təslim edən dövlətlər tərəfindən Rusiyanın maraqlarına ciddi təhlükələr var”.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bu absurdu İlham Əliyev, Nikol Paşinyan və Orta Asiyanın postsovet ölkələri rəhbərlərinin Vaşinqtonda Sülh Şurasının ilk iclasına qatıldıqları gün səsləndirib. Ondan bir gün qabaq isə Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistana xitabən “bir gecədə hər şey çökə bilər” xəbərdarlığını eləmişdi...

Yəni, yenə şər-böhtan, hədyan, təhdid. Moskvada heç cür anlaya bilmirlər ki, SSRİ artıq 35 ildir “gorbagor” olub və bu dövlətlərin liderləri xarici siyasət kurslarını seçərkən daha Moskvadan izn almalı deyillər. Almayacaqlar.

Axı nə demək “Qərblə ehtiyatsız yaxınlaşma yolunu seçənlər”, “suverenlik və müstəqilliyini Qərbə təslim edən dövlətlər”? Başqalarına nə qədər ağıl vermək olar, görəsən. Belə çıxır, xalqlar öz suverenlik və müstəqilliyini yalnız Rusiyaya “təslim edəndə” xoşbəxtliyə və rifaha qovuşa bilər, eləmi? Yaxın 100 ilin tarixi buna axı tam əks mənzərəni ortaya qoyur...

Odur ki, Putin Rusiyasının son çırpıntıları da əbəsdir. Hərgah, şəkk-şübhə yox ki, rəsmi Moskva axıradək öz pisliyindən qalmayacaq. Bu, onun tarixdən qaynaqlanan eybəcər xisləti.

Kreml xüsusən də məlum səbəblərdən regionun ən “zəif bəndi” sayılan, az sonra kritik parlament seçkiləri və konstitusiya referendumunun keçiriləcəyi Ermənistanda əvvəlki mövqeyini bərpa eləmək üçün bu il bütün hoqqalardan çıxacaq. Hamı hazırlaşsın...

“Rusiya ABŞ və Türkiyənin Xəzər bölgəsindəki təsirinə mane ola bilər”.

Sitat tanınmış amerikalı politoloq Brenda Şafferə məxsusdur.

“İyun ayında Ermənistanda seçkilər, həmçinin də Ermənistanın Qarabağdan imtina etməsini tanıyacaq konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçiriləcək. Bu məsələlər həllini tapanadək Moskva əhəmiyyətli təsir rıçaqlarına malik olacaq. Rusiyanın Ermənistanda iki hərbi bazası var. Moskva habelə ölkənin hava məkanına və nüvə elektrik stansiyası da daxil, bütün strateji infrastrukturuna nəzarət edir”, - Şaffer bildirib.

Onun qənaətincə, bunun qarşısını almaq üçün ABŞ Azərbaycandan Ermənistana elektrik enerjisi və neft məhsullarının tədarükünü stimullaşdırmaq niyyətindədir. “Söhbət həm də Ermənistanın Rusiyadan asılılığını və Kremlin internet üzərindən ona təsirini azaltmaq üçün yeni fiber-optik kabellərin çəkilməsindən gedir”, - politoloq vurğulayıb...

Diqqət edin, Amerika Azərbaycan və Türkiyə vasitəsilə Ermənistanın daha suveren, daha müstəqil olmasına çalışır, Rusiya isə əksinə, xəyal belə eləmək istəmir ki, Ermənistan nə vaxtsa vassal statusundan qurtular. Çünki o halda bölgədə legitim rus hərbi bazalarına, sərhədləri rusun qorumasına, süni şəkildə şişirdilən “Türk xofu” narrativinə lüzum qalmayacaq - Moskva üçün başqa siyasi nəticələrlə birgə. Qonşu ölkədə yalnız bir çağırış-tələb olacaq: “ИВАН, ИДИ ДОМОЙ!”

O GÜN uzaqda deyil...

Z.SƏFƏROĞLU

Bizə qoşulun