Medianews.az
Rusiya Ukraynanın hökumət binalarını və Prezident sarayını vuracaqsa...
119 baxış

Rusiya Ukraynanın hökumət binalarını və Prezident sarayını vuracaqsa...

Siyasi şərhçi Məhəmməd Əsədullazadə hesab edir ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiyanın əli ilə hərbi cəhətdən təzyiq göstərir.

Bunu M.Əsədullazadə Medianews.az-a Trampla Zelenskinin dekabrın 29-u Florida ştatındakı Mar-a-Laqo iqamətgahında keçirdikləri görüşü şərh edərkən deyib.

Ekspert vurğulayıb ki, Moskva həmin görüşü nəticə verməyə qoymayıb: “Rusiya sülh danışıqlarında maraqlı deyil. Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin Floridadakı görüşdən əvvəl Trampla telefonla danışıb. Məhz bu telefon zəngi Ukraynanın əleyhinə işlədi”.

M.Əsədullazadənin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçir: “Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna dronlarının Putinin iqamətgahını hədəf sevdiyini açıqladı və buna cavab veriləcəyini vurğuladı. Faktiki Rusiya danışıqlar prosesindən çıxdığını bəyan edib. Əslində, danışıqların intensiv şəkildə davam etdiyi bir məqamda Zelenski Trampı qəzəbləndirməmək üçün belə bir hücum əmri verə bilməzdi.

Zelenski ərazi güzəştinə getmir və Tramp buna görə ona təzyiqlər edir. ABŞ və Rusiya prezidentləri Ukrayna Prezidentinin mövqeyini zəiflətmək, onu güzəştə razı salmaq üçün birgə hərəkətə keçib. Rusiya Ukraynanın hökumət binalarını və Prezident sarayını vuracaqsa, müharibənin miqyası dəyişəcək. Bu, Avropa ölkələri üçün ciddi təzyiqlər deməkdir.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun