Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldo "Yuventus"la bağlı məhkəmə işində qalib gəlib.
Milli.Az xəbər verir ki, bu barədə İtaliyanın nüfuzlu nəşri La Gazzetta dello Sport məlumat yayıb. Turin Apellyasiya Məhkəməsi "Yuventus"un əvvəlki qərardan verdiyi şikayəti təmin etməyib və klubun Ronaldoya 9,7 milyon avro ödəməli olduğu hökmünü qüvvədə saxlayıb.
Məhkəmə çəkişməsi koronavirus pandemiyası dövründə tərəflər arasında bağlandığı iddia edilən gizli razılaşma ilə əlaqədardır. Həmin razılaşmaya əsasən, "Yuventus" Ronaldonun maaşının bir hissəsini müvəqqəti olaraq təxirə salmışdı. Sonradan məlum olub ki, klub portuqaliyalı hücumçuya 9,8 milyon avro məbləğində borclu qalıb.
Qeyd edək ki, Ronaldo əvvəlcə bu məbləğin təxminən iki qatını - 19,9 milyon avro tələb edib. Lakin 2024-cü ildə arbitraj məhkəməsi futbolçunun iddiasını qismən təmin edərək, "Yuventus"un daha az məbləğ ödəməsinə qərar vermişdi. Apellyasiya instansiyası da bu qərarı dəyişməz saxlayıb.
Beləliklə, İtaliya məhkəmələrinin yekun mövqeyinə əsasən, Turin klubu Ronaldoya borclu olduğu məbləği ödəməli olacaq.