İspaniyada tanımadığı qadının əlini icazəsiz öpən şəxsin hərəkəti rəsmən cinsi zorakılıq elan edilib. Ali Məhkəmə Madrid yaxınlığındakı Alkobendas şəhərində baş vermiş hadisə ilə bağlı aşağı instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.
Hadisə avtobus dayanacağında yaşanıb. Bir nəfər qadına yaxınlaşaraq onun əlini öpüb və pul təklif edərək birlikdə getməyi təklif edib. Məhkəmə bu davranışı sadə nəzakət jesti hesab etməyib. Hakimlər prosesin qadının bədən bütövlüyünə və şəxsi toxunulmazlığına qarşı yönələn seksual məzmunlu hərəkət olduğunu təsdiqləyib.
Təqsirləndirilən şəxs 1500 avrodan ( günün məzənnəsinə uyğun 2942 manat ) çox cərimə ödəməli olacaq. Məhkəmə daxilində bəzi üzvlər hərəkətin köhnəlməkdə olan nəzakət forması kimi yozulmasını təklif etsələr də, yekun qərar dəyişməyib.
Bu hüquqi addım ölkədə tətbiq edilən "yalnız bəli razılıq deməkdir" prinsipi ilə bağlıdır. İspaniya qanunvericiliyi artıq razılıq alınmadan edilən hər növ fiziki təması cinsi zorakılıq çərçivəsində nəzərdən keçirir.
Qərar gələcəkdə oxşar hadisələr üçün mühüm hüquqi baza formalaşdırır.