“İndi biz ikrah edib meydən, nəzərdən düşmüşük,
Yoxsa min-min məclisi-məstanələrdən çıxmışıq”
(Əliağa Vahid)
Yazını bir Budda pritçası ilə başlayaq, maraqlı olsun. Deyir, günlərin bir günündə uca Budda müəllim şagirdi ilə səfərə çıxıbmış. Gəlib çatırlar çayın qırağına. Burda görürlər babat fiquralı yad qadın da çayı keçmək fikrindədir. Ağsaqqal dərhal yardım əlini zənənə uzadır, onu belinə mindirib çaydan keçirdir. Təzədən yola düzəlirlər, az gedirlər, uz gedirlər, dərə-təpə düz gedirlər, yorulub əyləşirlər. Süfrə açılır, Surət müəllim demişkən, “bir qısmat” çörək kəsmək istəyəndə Budda baxır ki, şagirdi nəsə sözlü adama bənzəyir. Deyir, a bala, qarnının dərdi-azarı nədir, söylə. Şagird ərz edir: “Ey uca Budda, sən bizə təlim eləmisən ki, naməhrəm zənənə toxunmaq olmaz. Lakin özün onu basmarlayıb çaydan keçirdin. İndi bu günah deyilmi?”. Budda qımışır: “Məsələ budur ki, mən o zənəni həmin çayın qırağında yerə qoyub gəldim, ancaq sən hələ də daşıyırmışsan”.
Bəli. Şübhəsiz burada anlayanlar üçün böyük hikmət vardır. İndi keçək mövzuya. Mövzumuz isə budur ki, Azərbaycanda hamı başqasının işinə-gücünə, həyatına qarışmağı, burun soxmağı adət eləmişdir və bu, heç də müsbət vəziyyət deyildir.
Elə götürək sonuncu biabırçılığı. Yəqin xəbəriniz vardır, akademiklərimizdən biri zənənləri pisləyən açıqlama vermişdir. (Bunun da adını çəkməyə ehtiyac yoxdur, çünki aşağı-yuxarı bütün akademiklərimiz “Ramiz Mehdiyev” trikotaj fabrikinin konveyer lentindən çıxmış bir bezin qırağıdır). Sitat: “Qadını evdə saxlayıb uşaqlarına baxmağa yönəltsək, daha çox xeyir gətirər”.
Fikir verin, qadınlar haqqında ümumi isim şəklində danışır. Demir ki, “qadınım, anam, nənəm, qızım, gəlinim” və sairə. Eləcə bütün dünya qadınlarını sürüləyib qatır bir arxaca. Soruşmaq lazımdır ki, ay yoldaş, axı sənə bütün qadınları de-fakto, de-yure ev dustağı eləmək haqqını, hüququnu kim verib?
Ancaq kim soruşacaq? Biz bilirik, bilməsək də şüurumuzun rüşeymlərindəki cupbulu, təzə-təzə iməkləməyə başlayan neyronlar vasitəsiylə təxmin edirik ki, insan nəslinə münasibətimiz aşağı-yuxarı elə bu akademikdəkindən fərqlənmir. Allah haqqı, Budda haqqı, İsa haqqı belədir.
Sözgəlişi, bilmirəm buna diqqət eləmisiniz, ya yox, azərbaycanlıların bir qismi öz ata-anasından bəhs edəndə ümumi isim şəklində danışır. Demir “mənim atam”, “anam”, deyir “ata”, “ana”. Misal üçün, “Atam ağzıma qapaz vurdu” cümləsi bu əcaib varlıqların dilində adətən belə səslənir: “Ata ağzıma qapaz vurdu”. Yaxud, “Ana fırtığımı sildi”. Sanki bunun atası-anası cəmi bəşəriyyətin valideynidir, bəlkə, əstəgfürullah, Adəmlə Həvva şəxsən bunların Alatavadakı xarabasında yaşamaqdadır. Bu supereqoizm hardan yaranır? Bəlkə uşaqlıq travmasının nəticəsidir?
Sözü ona gətirirəm ki, akademikin cəmi qadınlar üzrə qərar verməsi də təxminən bu cür sosial davranışdır. Adətən Əfqanıstanda, İranda, Banqladeşdə, Səudiyyədə-filanda – müsəlman icmalarının yaşadığı bölgələrdə qadına münasibət belədir. Məhz oralarda, məhz buralarda qadın “yarıminsandır”, “tarladır” və sairə. Onun geyimindən tutmuş kimə ərə getməyi, işindən təhsilinə, doğuşdan ölənəcən bütün həyatı erkəklərin qərarı altında keçməlidir.
Yuxarıda yazdığım kimi, ancaq bu tək qadına münasibətdə belə deyil axı. Biz azərbaycanlılar üçün “Filankəs filan cür yaşasa yaxşı olar” qənaəti hərtərəflidir, bütün sferaları bürümüşdür. Hamı asqırır-oyanır, başqalarının həyatına hökm kəsir. İnsanın şəxsi azadlığı, şəxsi duyğuları, şəxsi istəkləri bizim üçün Vəzirovun o məşhur meyvəsi qədər əhəmiyyət daşımır. Təəssüf ki, bu münasibətdə biz hökumətimizdən çox fərqlənmirik.
Şəxsi azadlıqlar olmayanda, ümummilli azadlıq da olmur, çünki dama-dama göl yaranmalıdır.
Dahi Məhəmməd Əmin Rəsulzadənin möhtəşəm şüarı elə bunu nəzərdə tuturdu: “İnsanlara hürriyyət, millətlərə istiqlal!”
Qeyd: Epiqrafdakı beytdə “məstanə” “xumarlanmaq” deməkdir.
Zamin HACI