İtaliyada keçirilən Qış Olimpiya Oyunlarının ilk yarış günündə beş medal dəsti sahiblərini tapıb.
Medianews.az xəbər verir ki, ilk qızıl medalı 24 yaşlı isveçrəli dağ xizəkçisi Franyo fon Allmen qazanıb.
O, kişilər arasında sürətli eniş yarışında qalib gəlib. İtaliyalı Covanni Franzoni və Dominik Paris gümüş və bürünc medal qazanıblar.
İsveçli Frida Karlsson qadınlar arasında skiatlon yarışında Olimpiya çempionu olub. Həmyerlisi Ebba Andersson gümüş, norveçli Heydi Venq isə bürünc medala layiq görülüblər.
Ev sahibi İtaliya üçün Olimpiadada ilk qələbəni Françeska Lollobricida təmin edib. Öz doğum günündə yarışan Lollobricida təkcə qızıl medal qazanmaqla kifayətlənməyib, həm də qadınların 3 000 metrlik sürətli konkisürmə yarışında 3:54.28 dəqiqəlik nəticə göstərərək yeni Olimpiya rekordunu müəyyənləşdirib. Norveçli Raqne Viklund gümüş, kanadalı Valeri Malhe isə bürünc medal qazanıblar.
Bundan başqa, qadınlar arasında tramplindən tullanma yarışında norveçli Anna Odin Ström qızıl slovaniyalı Nika Prevts gümüş, yaponiyalı Nodzomi Maruyama isə bürünc medal qazanıblar.
Kişilərin snoubord yarışında Yaponiya iki medal əldə edib. Biq-eyr növündə Kira Kimura qızıl, Rema Kimata isə gümüş medal qazanıb. Biq-eyr üzrə hazırkı dünya çempionu, Çin idmançısı Yimin Su bu dəfə bürünc medalla kifayətlənib.