Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Vaşinqton hələlik Rusiyanın Strateji Silahların Azaldılması Müqaviləsi (Yeni START) ilə bağlı irəli sürdüyü təkliflərə dair qəti mövqe ortaya qoymayıb.
Medianews.az TASS-a istinadən xəbər verir ki, Ryabkov bu fikirləri müsahibəsi zamanı səsləndirib.
Diplomatın sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Yeni START müqaviləsinin müddəti bitdikdən sonra kəmiyyət məhdudiyyətlərinin qorunması ilə bağlı təklifini “yaxşı fikir” kimi qiymətləndirib. Tramp həmçinin nüvəsizləşdirməni də “yaxşı ideya” adlandırıb.
Lakin Ryabkov qeyd edib ki, Moskva hazırda nüvəsizləşdirmə mövzusunu müzakirə etmir və prosesdə real irəliləyiş yoxdur:
“Ümumi müsbət siqnallara baxmayaraq, Vaşinqtonun bu təkliflə bağlı hansı mövqeni tutacağını söyləmək üçün hələ tezdir. Güman edirəm ki, ABŞ-də müxtəlif variantları təhlil edən mütəxəssislər hələlik qəti bir qərar verə biləcəkləri mərhələdə deyillər”.
Rusiya rəsmisinin sözlərinə görə, ABŞ tərəfi hələ də müxtəlif ssenariləri qiymətləndirir və yaxın zamanda məsələ ilə bağlı daha konkret mövqe gözlənilmir.
Medianews.az