Medianews.az
Putinin 9 günlük susqunluğu, Dilican görüşü və...
86 baxış

Putinin 9 günlük susqunluğu, Dilican görüşü və... 2 aya hazırlanacaq SƏNƏD

Putinin Paşinyana qəzəbi hələ də soyumayıb. Hər halda, Rusiya lideri parlament seçkilərin rəsmi nəticələrindən sonra da Nikola təbrik göndərmədi. Beləcə, 9 gündür susur. Moskvadan İrəvana hədə-təhdidlər isə azalmayıb.

Son olaraq, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Serget Narışkin bu xüsusda fərqlənib. Narışkin deyib ki, “Ermənistan rəhbərliyi yalnız Qərbdən gələn hansısa yardım və ya dəstəyə güvənərsə, böyük səhv etmiş olar və bu, daxilində vəziyyəti daha da çətinləşdirər”.

“Əlbəttə ki, o zaman ölkənin iqtisadi inkişafında əlavə maneələr və çətinliklər yaranacaq. Amma yenə ümid edirəm ki, Ermənistan rəhbərliyi ağıllı hərəkət edəcək”, - Narışkin Moskvaya xas ənənəvi şantaj tonunda əlavə edib.

Belə çıxır, yalnız Rusiyanın dediyi ilə oturub-durmaq ağıllı hərəkət sayılır(mış)...

Göründüyü kimi, Moskva neçə həftədir tətbiq elədiyi iqtisadi-ticari sanksiyalara qarşı İrəvanın kimdənsə kömək istəməsinə belə son dərəcə əsəbi reaksiya verir. Yəni ki, “səni nə qədər döyüb əzişdirsəm də, ağlama, səsini çıxarma, heç kimi köməyə də çağırma” absurd yanaşması.

Bu çəkişmə-boğuşmanın təbii ki, bir sonu olacaq. Ya Rusiya geri çəkiləcək, ya da Paşinyan Kremlə hansısa reverans edəcək. Bu isə həm də ABŞ və Avropa Birliyinin Ermənistana siyasi-maliyyə dəstəyinin nə dərəcədə yetərli olacağına bağlı. Çünki daxildəki sosial-iqtisadi durum hakimiyyətlərin taleyinə həmişə ciddi təsir edib. “Ac qılınca çapar”...

Paşinyan isə seçkilərdən sonrakı iki ay ərzində yeni hökuməti formalaşdırmalıdır. İstisna deyil ki, o, öz kabinetində ciddi dəyişikliyə getməsin. Ancaq daha mühümü, hökumətin növbəti 5 il üçün elan edəcəyi proqramdır. Hansı sənəddə ki, daxili və xarici siyasətin əsas prioritetləri əksini tapacaq. O cümlədən Rusiya, ABŞ və Avropa Birliyi ilə münasibətlərin xarakteri göstəriləcək.

Yeni sənəddə Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşması məsələsi də ön sıralarda olacaq. Amma 5 il öncəkindən (2021) fərqli olaraq, budəfəki proqram- sənəddə heç bir “artsax-sarsaq” söhbəti yer almayacaq...

Ancaq İrəvanın xarici siyasətdə hansı oriyentirlərə üstünlük verməsi onun suveren hüququ olsa da, Azərbaycan və ümumən regionunuz üçün ən önəmlisi Ermənistanla sülh gündəliyi çərçivəsində prosesə davam eləməsidir. Bu prosesdə rəsmi Bakı ona sözsüz ki, mümkün köməyi göstərəcək. İki gün öncəki Dilican görüşü həm də bunun anonsu idi.

Hikmət Hacıyevin Dilican səfərindən görüntülər - VİDEO

Lakin erməni tərəfi anlamalıdır ki, bütün hallarda “güc doğana düşəcək” – erməni xalqının və onun mandat verdiyi hakimiyyətin üzərinə. Çünki yaranmış vəziyyətə görə nə qonşular günahkardır, nə də ABŞ və ya AB. Hətta Rusiya da böyük günah yiyəsi sayılmaz.

Əsas günahkar on illərlə sərsəm “miatsum” xülyası ilə yaşayıb bölgədə fitnə-fəsad törədən, mifik hədəflər naminə böyük güclərin əlində maşaya çevrilməyə belə razı olan erməni xalqıdır. Xəstəliyin diaqnozu budur. Qalır düzgün müalicə. Simptomatik yox, kardinal müalicə!

Qısacası, “zibili kim tökübsə” o da yığışdlrmalıdlr. Erməni cəmiyyəti, nəhayət, sivil millətlər və dövlətlər cərgəsinə qoşulmaq istəyirsə, özündə cəsarət tapıb “sağalmalı”, qonşuların ona uzatdığı keyfiyyətli “dərmanlardan” imtina etməməlidir...

Əslində ermənilər on illər öncə verdikləri axmaq qərarın girovuna çevriliblər. Bununla Azərbaycan və Türkiyə ilə böyük sülhü də qəlizə salıblar. Konstitusiyada Azərbaycan əleyhinə ərazi iddiası ilə bağlı istinadı nəzərdə tuturuq. Əfsus ki, bu əngəli götürmək Minsk Qutunu ləğv etmək qədər asan deyil. Ona görə ki, hüquqi maneələr var.

Məsələn, referendumda seçkilərin 2/3-si iştirak etməli, onların da bir o qədəri konstitusiya dəyişikliyinə səs verməlidir. Son parlament seçkiləri isə göstərdi ki, cəmiyyətin 40%-ə yaxını hələ də xəstədir və revanşist ideyalarla yaşayır. Bu rəqəmin 1/3-ə düşməsi üçün xeyli çalışmaq lazım gələcək. Və bu, nə qədər tez baş versə, Ermənistan adlı saxta dövlət üzərindən qara bulud da bir o qədər tez çəkilər.

Fəqət, bu, bizim problem deyil...

Z. SƏFƏROĞLU

Bizə qoşulun