Medianews.az
“Patriot” ruslar Stalini niyə sevirlər –
88 baxış

“Patriot” ruslar Stalini niyə sevirlər – əsl səbəblər

Rusiyada Stalin dövrünə xiffətin rəsmi səviyyədə olduğuna dəlalət edən daha bir hadisə baş verib: məhkəmə sovet dövründəki repressiyaların tədqiqatçısı Oleq Novoselovu həbsdə saxlayıb.

Bu şəxs Stalin dövründə kompartiya-NKVD rejiminin Uralda həyata keçirdiyi siyasi repressiyaları araşdırıb, Sverdlovsk vilayətinin arxiv sənədləri ilə işləyib və təbii olaraq aşkar edib ki, 1930-50-ci illərdə bu regionda da xalqa, ziyalılara, partiya xadimlərinə qarşı terror baş verib, on minlərlə günahsız insan məhv edilib.

Yazdığı və dərc etdirdiyi məqalələrdən sonra tədqiqatçının barəsində cinayət işi açılıb və onun adı "terrorçular və ekstremistlər" siyahısında yer alıb.

Son 4 ildə Rusiyada yüzlərlə alim, yazıçı, jurnalist, rejissor, müğənni və başqa bu kimi peşə sahiblərinin ya “xarici agent”, ya da “ekstremist-terrorçu” elan edilməsi, adlarının xüsusi reyestrə salınması yeni hadisə deyil. Kiminsə “Ukraynaya qarşı müharibəyə başlamaq düzgün deyildi” deməsi kifayətdir ki, adını həmin siyahıların birində görsün. Bunu “rus ordusunun nüfuzuna xələl gətirmək, onu gözdən salmaq cəhdi” kimi tövsif edirlər və həmin fikirdə olan adamı sözün əsl mənasında “üzdəniraq”a (“izqoy”) çevrirlər.

İndiki hakimiyyətin Stalin dövrünə rəğbətlə yanaşmasının əsas iki səbəbi var. Biri odur ki, məhz Stalinin dövründə rus imperiyasının ərazisinin miqyası dünyada və tarixdə misli olmayan ölçülərə çatıb. Bundan başqa, göz boyamaq və əsarət altına alınmış xalqları qıcıqlandırmamaq üçün SSRİ adlandırılan Rusiya dünyanın iki ən güclü dövlətindən birinə çevrilib, Stalinin ekspansiya xəttinə sadiq qalaraq nüfuz dairəsini genişləndirməkdə davam edib, Avrasiyada hökmran olub, Yaxın Şərqə, Afrikaya nüfuz edib, Cənubi Amerikada müttəfiqlər qazanıb, Mərkəzi Amerikada (Kuba, Nikaraqua) bastionlara malik olub.

Patriot, millətçi, ultra-şovinist ruslar Staliinin bu xidmətinin haqqını verir, onun SSRİ xalqlarına, o cümlədən ruslara qarşı yeritdiyi repressiyaların üstündən keçə bilirlər. Onlar qəbul edirlər ki, bəli, Stalinin dövründə rus intelligensiyası da zərər çəkib, əvəzində Stalin ruslar üçün nəhəng və qüdrətli “derjava” əmələ gətirib, onu dünyanın iki ağasından biri edib. Ona görə də hazırda əhali arasında Stalinə rəğbətin 70 faiz civarında olduğu qeyd olunur.

Stalini müasir Rusiyanı idarə edənlərin sevimlisi edən daha bir amil rejimlərin inzibati-amirlik üsulunun bənzərliyidir. Stalinin dövründə də tək partiya və onun cəza aparatı hüdudsuz hakimiyyətə malik olub, indi də elədir. O zaman da təhlükəsizlik zabitlərinin əlinin üstündə əl olmayıb, indi də keçmiş təhlükəsizlik zabitinin kadrları və onun əlinin altına işləyənlər mütləq hakimiyyətə malikdirlər. İndiki rəhbərlər görürlər ki, bu, daha effektiv, daha rahat idarəetmə üsuludur: rəqib yoxdur, problem yoxdur; siyasi-hərbi elita toxunulmazdır; Moskva metropoliyadır, yaxın ətraf qeyd-şərtsiz ona vassallıq etməlidir.

Son illərdə Rusiya açıq ekspansiya siyasəti yeritdiyi üçün vaxtilə bu xətti yeritmiş xadimlərin tənqid olunmasını, pislənilməsini qəbul etmir. Milyonlarla əsgəri irəli verib qırdırmış, ancaq sonradan “qələbə marşalı” adlandırılmış Georgi Jukovun qorunmasının da səbəbi budur. Adamın haqqında rus mənbələrində hər şey var – despotluğundan tutmuş acgözlüyünə qədər (təkcə Almaniyadan özü üçün 19 vaqon qənimət gətirməsi faktı bəsdir). Di gəl, son illərdə bu barədə kim yazırsa, deyirsə, barəsində iş açırlar. Həmvətənimiz, intellektual yarışmaların qalibi Rövşən Əsgərov Jukov barədə dediyi sözlərə görə hələ də təqib olunur.

Əslində isə Almaniyanın soyulmasında bütün sovet marşal və generalları (eləcə də bütün rütbələrdən olan zabitlər və əsgərlər) iştirak edib, hamısı öz “qismət”inə düşəni götürüb gəlib. Hətta sonradan DTK şefi olmuş general İvan Serov Belçika kraliçasının brilyant daşlarla bəzədilmiş tacını belə mənimsəyib, arvadına veribmiş. Axırda Nikita Xruşov onu ağır sözlərlə təhqir edib və bahalı əmanət əsl sahibinə qaytarılıb.

İndi bütün bunlardan bəhs etmək olmaz, çünki rus ordusunun “xilaskar” obrazına xələl gələr, onun “işğalçı”, “qarətçi” kimi tanınmasına əsas verər.

Həqiqət isə başqa cürdür və onun olduğu kimi yazılması, deyilməsi lazımdır ki, kimsə “yalançı qardaşlıq” haqqında təbliğata uyub aldanmasın, yenidən özünü uzaq diyardakı “ana şəhər”də oturub dünyanı idarə etmək istəyənlərin iradəsinə təslim etməsin.

Xalid KAZIMLI 

Bizə qoşulun