Baş nazir Nikol Paşinyanın qarşıdakı seçkilərlə bağlı rəqiblərini neytrallaşdırmaq istiqamətində planları bəzən müqavimətlə qarşılaşır. Biznesmen və Nikol Paşinyanın əsas rəqibi olan Samvel Karapetyanın təcridxanadan evə buraxılması barədə növbəti qərar da bu təzyiqlərin məntiqi nəticəsidir.
Musavat.com-un erməni mediasına istinadən bildirdiyinə görə, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi müstəntiqin vəsatətini təmin etməyib və erməni milyarderin ev dustaqlığına buraxılması barədə qərar çıxarıb.
Yayılan kadrlardan görünən budur ki, S.Karapetyanın tərəfdarları hazırda onun evinin qarşısında toplaşırlar.
Ötən ilin yayından həbsdə olan S.Karapetyan bir müddət öncə ev dustaqlığına buraxılsa da, ittiham tərəfin vəsatəti əsasında təcridxanaya qaytarılmışdı.
Vaxtilə Robert Köçəryan da ev və həbsxana arasında qalmışdı, vaxtaşırı barəsində seçilmiş qərar dəyişdirilirdi. İndi də erməni kilsəsinin donoru, “5-ci kolon”un əsas liderlərindən və Rusiyanın seçkilərdə önəm verdiyi iddialılardan biri ilə bağlı Paşinyan hakimiyyəti “bir addım irəli, iki addım geri” siyasəti yürüdür. Hakimiyyət həbsxanada olduğu vaxtda belə, Paşinyana meydan oxuyan, hərəkat yaradan S.Karapetyanı niyə cəzalandıra bilmir? Rusiyanın adamı nəyin müqabilində azadlığa nail olub? Bu qərar kilsənin revanşına və Paşinyanın seçkilərdə məğlubiyyətinə səbəb ola bilərmi?
Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan iyun ayında keçiriləcək parlament seçkilərində qələbə qazanmaq məqsədilə müxtəlif qüvvələrlə mübarizə aparmaq məcburiyyətindədir: “Paşinyana radikal müxalifətdə olan Qarabağ klanı zəifdir və seçkidə qələbə qazanmaq şansı azdır. Paşinyanın əsas rəqibləri kilsə və Rusiyanın dəstəklədiyi iş adamı Samvel Karapetyandır.
Ermənistan məhkəməsinin Samvel Karapetyanı ev həbsinə buraxması Paşinyan üçün gözlənilməz olub. Çünki, Paşinyan parlament seçkilərinin sonuna qədər əsas rəqibinin həbsdə qalmasında maraqlı idi. Buna baxmayaraq, Karapetyana qarşı ciddi ittihamlar var və məhkəmə prosesi uzun çəkəcək. Bu amil Karapetyanın və onun tərəfdarlarının diqqətini seçkidən çox məhkəmə prosesinə yönəldəcək. Eyniilə keçmiş Prezident Robert Köçəryan da vaxtilə ev həbsinə buraxılsa da, məhkəmədə ciddi ittihamlarla bağlı suallara cavab verirdi. Bu, Köçəryanın ermənilər arasında reytinqinə mənfi təsir etmişdi. Hazırda Robert Köçəryan müxalifətin vahid seçki blokunu yaratmağa çalışır. O, hakimiyyətdə olanda Daşnaksütun Partiyası ilə ittifaqda idi. İndi yenidən bu ittifaqı bərpa etmək istəyir. Ancaq Daşnaksütun Partiyasının da ermənilər arasında böyük reytinqi yoxdur. Mümkündür ki, Robert Köçəryan Samvel Karapetyanla da ittifaq yaratmaq istəsin”.
Politoloq qeyd etdi ki, Rusiya həm Robert Köçəryanı, həm də Samvel Karapeytanı dəstəkləyir: “Bu ittifaq Rusiyanın maraqlarına cavab verərdi. Ancaq Köçəryanla ittifaq Samvel Karapetyanın reytinqinə mənfi təsir edə bilər. Samvel Karapetyanın lideri olduğu partiya seçicilərin ən azı üçdə birinə iddialıdır. Kilsənin də Samvel Karapetyanı dəstəkləməsi ehtimalı yüksəkdir. Bu, Samvel Karapetyanın səslərini bir qədər artıra bilər. Belə viziyyətdə Nikol Paşinyan var gücü ilə kilsə rəhbərliyini nüfuzdan salmağa çalışacaq”. E.Şahinoğlunun sözlərinə görə, Paşinyan hələ ki, erməni katolikosu II Qaregini kilsə rəhbərliyindən uzaqlaşdıra bilmir: “Paşinyan bunun yerinə kilsəni parçalamağa və keşişlər arasında tərəfdar qrupu formalaşdırmağa çalışır”.