Azərbaycana turist kimi gəlmiş üç əcnəbinin paytaxtımızın Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməsi, bunu videoya çəkərək sosial şəbəkədə yayması ölkəmizdə haqlı olaraq sərt reaksiyalar doğurdu. Artıq faktla bağlı Cinayət Məcəlləsinin 245-ci maddəsi (Qəbir üzərində təhqiredici hərəkət) ilə cinayət işi başlanıb, polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər üç əcnəbi saxlanılaraq istintaqa cəlb edilib, Səbail Rayon Məhkəməsinin qərarı ilə onlar 3 ay müddətinə həbs olunublar.

Bu hadisə belə bir məsələni də aktuallaşdırır: Azərbaycan gələn turistlərin bilməli olduqları ən vacib məqamlar hansılardır? Həmin məqamların, tutalım, kitabça şəklində nəşr edilib ölkəmizə gələn turistlərə verilməsi, yaxud bu məqsədlə zəruri tövsiyələrin xüsusi onlayn platformalarda yerləşdirilməsi lazımdırmı? Yəni Azərbaycana gələn turistləri xalqımız üçün həssas olan məsələlərdən xəbərdar etmək üçün addımlar atılmalıdırmı?
Mövzu ilə bağlı Medianews.az saytı turizm eksperti Ceyhun Aşurova müraciət edib.

Ceyhun Aşurov sayta açıqlamasında deyib: “Bugünlərdə bəzi turistlərin bizim milli-mənəvi dəyərlərimizi məsxərəyə qoyduqlarının şahidi olduq. Ola bilər, onlar nəyi məsxərəyə qoyduqlarının o qədər də fərqində deyildilər. Halbuki şəhidlər, Şəhidlər xiyabanları, milli-mənəvi atributlarımız bizim ən həssas yerimizdir. Bunu əlbəttə ki, ölkəmizə gələn turistlərin nəzərinə çatdırmağımız, onları belə məsələlər haqda məlumatlandırmağımız vacibdir. Ona görə turistlərlə bu istiqamətdə iş aparılmalıdır. Turizm şirkətləri turistlərlə ünsiyyət zamanı milli cəhətdən həssas məqamları qeyd etməlidirlər. Əlbəttə, turistlərə qonaqpərvərliyimizi göstərməliyik, amma həssas məqamlarla bağlı xəbərdarlığımızı da etməliyik ki, müşahidə etdiyimiz qüsurlu davranışlar təkrarlanmasın. Ölkəmizə gələn turistlərin bizim adət-ənənəyə, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşması zəruridir”.
Ekspert qeyd edib ki, cəmiyyət olaraq da biz bu kimi halları görəndə reaksiyamızı bildirməliyik: “Bu mənada yeri gələndə əcnəbilərə həssas məqamların çatdırılması hər bir vətəndaşın işi olmalıdır. Özünü nalayiq aparan, müqəddəs dəyərlərimizə məhəl qoymayanlarla isə hüquq mühafizə orqanları məşğul olacaq, lazımi tədbirləri görəcək. Söhbət turistləri qorxudacaq bir atmosferin yaradılmasından getmir. Təbliğat, maarifləndirmə elə aparılmalıdır ki, ölkəmiz haqqında yanlış imic formalaşmasın, əcnəbilər bizi düz başa düşsün, milli dəyərlərimizə, atributlarımıza hörmətlə yanaşmağı özlərinə borc bilsinlər”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, 2019-cu ildə Azərbaycana 3 milyon 170,4 min əcnəbi gəlib, 2020-ci ildə ziyarətçilərin sayı 795,7 min nəfərə, 2021-ci ildə 791,8 min nəfərə düşüb. 2022-ci ildə Azərbaycana 1 milyon 602,3 min, 2023-cü ildə 2 milyon 85,8 min, 2024-cü ildə 2 milyon 626,7 min əcnəbinin qədəm basdığı bildirilir.
Sırf turizm məqsədilə gələnlərin sayı belədir: 2019-cu il – 2 milyon 863,5 min nəfər, 2020-ci il – 519,4 min nəfər, 2021-ci il – 461,7 min nəfər, 2022-ci il – 1 milyon 58,1 min nəfər, 2023-cü il – 1milyon 402,6 min nəfər, 2024-cü il – 1 milyon 855,1 min nəfər.
Rəsmi açıqlamaya əsasən, 2019-cu ildə xarici turistlər Azərbaycanda 2,9 milyard manat, 2020-ci ildə 414,7 milyon manat, 2021-ci ildə 492,6 milyon manat, 2022-ci ildə 1,3 milyard manat, 2023-cü ildə 2,4 milyard manat, 2024-cü ildə 3,4 milyard manat xərcləyib.
Nailə Qasımova,
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanıb.
