“Ac toyuq yuxusunda broyler fabrikində işlədiyini görər”
(modern ata sözü)
Gündəmdə iki əsas məsələ hələlik bütün gərginliyi ilə qalmaqdadır: akademiklərimizin kollektiv yatışı və Tolikin aparıcılığı.Tolik müəllimdən başlayaq. Açığı, mən əsl adı şanlı tariximizi özündə əks etdirərək Tarix qoyulmuş bu gözəl insanın heç bir verilişinə indiyə qədər tamaşa eləmək şərəfinə nail ola bilməmişəm. Yalnız bircə dəfə, hansısa il idi, Qurban bayramında Tolik müəllim bir sürü quyruqlu qoyunu qatmışdı qabağına, zəhmətkeşlərimizə bayram payı aparırdı – o zaman onu, necə deyərlər, “efirlərdə” ötəri görmüşəm. Qoyunlar həqiqətən yağlı qoyunlar idi, efirdə quyruqlarını pis çıxmasın, erməni bayrağı kimi yellədirdilər (başa düşürəm, bu ifadə ilə qarşıdan göyərçin dimdiyinə gələn barış mərasiminə zərər vururam, ancaq əlim dinc durmadı, oxuculardan və Trampın sülh şurasından üzr istəyirəm). Aparıcı qoyunları hansı bazardan almışdı, efir rejissoruna da qurban payı verildimi, ümumiyyətlə, bu format dünya TV məkanına, məsələn, BBC və ya CNN efirinə də tətbiq oluna bilərmi və sairə - bunlar barədə də indiyəcən heç bir məlumatım yoxdur.
Yəni, təxminən Pasternak Nobel alanda onu tənqid edən sovet zəhmətkeşlərinin günündəyəm: “baxmamışam, lakin Tolikin verilişinə münasibətim neqativdir”. Yəqin ki, Boris Leonidoviçin ruhu məni bağışlayar – Toliklə onu bir mətnə daxil elədiyim üçün. Ya da Tolik məni bağışlasın – Pasternaka görə. Kimə necə mümkündürsə. Mənim həyatda belə qələtlərim çoxdur. Məsələn, bir dəfə də Əkrəm Əylislini Hüseynbala Mirələmovla eyni mətnə salmışdım, sonra elə pis oldum, Əkrəm müəllimdən üzr istədim, halbuki, “Daş yuxular” əsərinə görə ondan zəhləm gedir.
Verilişinə baxmasam da, ətrafındakı müzakirələri izləyirəm və mənə həmişə çox təəccüblü gələn bir faktı oxucularla bölüşmək istəyirəm. Qəribədir, nədənsə bizim media orqanları Tolik haqqında xəbərlərdə onun fotosunu adətən cüt-cüt verirlər. Fərqli portret olsa, bəlkə anlaşılar, ancaq eyni şəkili təkrar edirlər! Bunun mənası, sirri nədir? Heç cür mənə çatmır. Hətta bəzən elə fikirləşirəm bəlkə məni gözüm aldadır, çəpləşmə yaranıb və s. Ətrafdakılardan soruşuram, onlar da təsdiqləyir ki, xəbərdə Tolikin 1 fotosu 2 dəfə verilir.
Bəlkə də buna görə hazırda şaiyə yayılıb, deyirlər onun verilişini bağlayıblar, özünü isə bütün bu cür verilişlərə müdir qoyublar. Bir növ, gözəl sənətkar olduğu üçün şəxsiyyətini hərtərəfli “kopi-past” etmək qərarına gəlmişlər. Əgər elədirsə, halal olsun. Vado müəllim “Speys” kanalında Vaqif müəllim irsini layiqincə davam etdirir.
Keçid alaq yatışmaq hadisəsinə. Akademiklərimizdən təkziblər axışmaqdadır. Biri deyir gözümə işıq salıblar, biri deyir sənədlərə baxırdım, üçüncüsü uşaqlıqdan bəri yata bilmədiyini söyləmişdir. Kim haqlıdır, bilmirik, lakin mən özüm keçən gecə yuxuda gördüm ki, həmin iclasa Ramiz Mehdiyev yuxu dərmanı qatıbmış. Akademik adından məhrum etmək istədiklərini eşitdiyi üçün. Məhz hamı yatdığı üçün qərar qabul edilməyib. Təxribatın foto-videosu hazırlanır, inşallah, yaxın vaxtlarda xalqa nümayiş olunacaq. Hələlik yüngülvari anons verim: salona sinir qazı buraxıbmış.
Şanlı akademiklərimizin yuxuda nə gördüyü də xalqı maraqlandırır. Əldə etdiyim elmi informasiyaya görə onlardan biri yuxusunda Nobel mükafatı alırmış. Rüşvətxorluq və yaltaqlıq üzrə. İkincisi Misir Mərdanov adına Qahirə kitabxanasının beşinci mərtəbəsinin altından Anarın farsca divanını tapıb Göyçay nar bayramında milyarder Fərhad Əhmədova nümayiş etdirirmiş. (Ağzında yuxu deyirsən).Üçüncü akademik daha konkret və lazımlı yuxuya dalıbmış: ona yuxuda hökumət növbəti mənzilin açarlarını, oğluna Uqanda səfirliyində 2-ci katib vəzifəsi, gəlininə silikon dodaq, nəvələrinə isə “Ayfon”un son modelini hədiyyə edirmiş. Bais fotojurnalistin kamerasının gözü çıxsın, imkan verməyib yuxu xoşbəxt bitsin, çaqqıltı salıb kişini oyadıb, dodaq əldə qalıb.
Sonda mən sizə bir dövlətçi nostaljimi də çatdırım. Hörmətli yoldaşlar, xatırlayın, vaxtilə Akademiyanın iclaslarında niyə heç kim yatmırdı? Çünki onları yatmağa qoymayan Cəlal müəllim var idi! Bəli.P.S. El inancımıza görə yuxuda silikon görmək bərəkətdir, maaşların və bəlkə pensiyanın qalxacağına dəlalət edir.