İranın hüquq müdafiəçisi, Nobel mükafatı laureatı Nərgiz Məhəmmədiyə hökm oxunub.
Medianews.az-ın məlumatına görə, fevralın 7-də Məşhəddə məhkəmənin çıxardığı qərarla Nərgiz Məhəmmədi 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Nərgiz Məhəmmədiyə “qanunsuz toplaşma və dövlətə qarşı qəsd” ittihamı ilə 6 il, “dövlət əleyhinə təbliğat” ittihamı ilə isə 1 il 6 ay iş kəsilib. Bundan əlavə, ona azadlığa buraxılandan sonra 2 il ərzində ölkədən çıxış qadağası qoyulub.
Məhkəmə qərarına əsasən, Nərgiz Məhəmmədi həmçinin 2 il müddətinə ölkə daxilində sürgünə göndəriləcək. O, sürgün həyatını Tehrandan təxminən 740 kilometr cənub-şərqdə yerləşən ərazidəki məntəqədə yaşayacaq.
Uzun illərdir hüquq müdafiəsi ilə məşğul olan 53 yaşlı Nərgiz Məhəmmədi indiyədək 13 dəfə həbs edilib, bunun 5-də azadlıqdan məhrumetmə cəzası alıb.
O, 2025-ci ilin dekabr ayından yenidən həbsdədir. Tərəfdarlarının dediyinə görə, Nərgiz Məhəmmədi 2026-cı il fevralın 2-dən həbsdə aclıq aksiyası keçirir.
Nərgiz Məhəmmədi İranda qadınların hüquqları, eləcə də insan hüquq və azadlıqlarının təşviqi sahəsində fəaliyyətinə görə 2023-cü ildə Nobel mükafatına layiq görülüb. Bu mükafata layiq görüləndə o, həbsxanada olub.
Nərgiz Məhəmmədi İranın digər Nobel laureatı Şirin İbadinin rəhbərlik etdiyi İnsan Haqlarının Müdafiəçiləri Mərkəzinin vitse-prezidentidir.