ABŞ Dünya Səhiyyə Təşkilatını 22 yanvarda tərk elədi, Trampın keçən il anons elədiyi kimi. (Burada kiçik yan temaya ehtiyac var. Bizim media yanlış olaraq Dünya Səhiyyə Təşkilatının adını Ümumdünya Səhiyyə Təşkilatı kimi yazır. Rus dilindəki “vsemirniy” ifadəsinin hərf tərcüməsidir. Qəti ehtiyac yoxdur, ümumiyyətlə “ümumdünya” qurama sözdür).
Amerikalılar DST-nin illik büdcəsinin (5-7 milyard dollar arası idi) 15 faizini verirmişlər və indi BMT-nin bu qurumu ixtisara getməyə məcburdur. Bütünlükdə dünyadakı kasıb xalqların, xüsusilə afrikalıların anasının ağlar qaldığı gündür, çünki onlara peyvənd, ilkin səhiyyə xidməti tipli yardımları əsasən DST xəttiylə təşkil edirlər. Keçən yaz Tramp DST-ni tərk edəcəklərini açıqlayanda Çin üzvlük haqqını 500 milyon dollar artırıb bu azalmanı nisbətən əvəz edəcəklərini söyləmişdilər, ancaq bundan yaralı barmağa dərman olacağı şübhəlidir. Həm də bu yerdə adamın ağlından keçir ki, çinli qərdeşlərimiz yarasa-filan yeyib dünyanı zibilə salmasalar daha böyük yardım əli uzadarlar.
DST-nin illik büdcəsinin formalaşmağında əslində rəsmi dövlət üzvlük haqları çox böyük rol oynamır. Hardasa uzağı 25 faizi dövlətlər verir, qalan 75 faiz könüllü donor ödəmələridir. Öncə dövlətlərin ödədiyinə baxaq. 2020-ci ilin statistikası belə olub: ABŞ – 116 milyon dollar (DST büdcəsinin həmin vaxt 24 faizi), Çin – 57 milyon (12), Yaponiya – 41 milyon (8), Almaniya – 29 (6), Britaniya – 22 (4), Fransa – 21 (4), İtaliya -16 (3), Braziliya 14 (3), Kanada 13 (2) və sairə. Könüllü ödəmələrdə də vəziyyət təxminən oxşardır, donorlar əsasən ABŞ, Britaniya, Avropa Birliyi, Yaponiya, Avstraliya sakinləridir.
Bu xırdalıqları niyə yazdım? Çünki DST-yə donorluq edən könüllülərin ilk 10-luğunda yalnız 1 müsəlman dövlətinin adına rast gəlmək mümkündür! Qətər dövlətinin hansısa şeyxi 10 milyon dollar verib. Bir də koronavirus vaxtı Azərbaycan 5 milyon dollar vermişdi.
Başqa müsəlman dövlətləri yoxdurmu? Var. O cümlədən, Afrikada, Asiyada yoluxucu xəstəliklərdən qırılanların bəlkə böyük çoxluğu elə müsəlmanlardır. Ancaq müsəlmanlar bu cür işlərdə görünmürlər. Bizimkilərin adı 27 dəfə ziyarətə getmək, müğənnilərə milyon dollarlar xərcləmək, nə bilim, İsveçrədən 16 ton şokolad almaq kimi işlərdə çıxır.
Bu gün hansı müsəlman ölkəsinə getsən orda Billi Geytsin dünyanı toruna saldığı haqda “ciddi” araşdırmalar görərsən. Ancaq Geytsin şəxsi fondu son 24 ildə təkcə DST xəttiylə 6 milyard dollara yaxın humanitar aksiyalar keçirib. Hərçənd, bədbəxt oğlu yoxsullara peyvənd edəndə də deyirlər çip yerləşdirir...
Dünən xəbər lentində gördüm, ünlü Formula-1 pilotu Şumaxer yataqdan qalxa bilirmiş. Yetim on ildən çoxdur yarım-koma vəziyyətindədir, xizək sürəndə aldığı travma üzündən. Şumaxerin adını yəqin dünyada bilməyən olmaz, adətən kimsə bərk maşın sürəndə “Şumaxer kimidir” deyirlər. Nə maşına, nə onun yarışlarına bir qram hörmətim yoxdur, ancaq Şumaxerin taleyinə acıyanlardan olmuşam, həmişə dua eləmişəm yetim sağalsın. Səbəbi sadədir: 2005-ci ildə dəhşətli İndoneziya sunamisi minlərlə insanın həyatını alt-üst edəndə zərərçəkənlərə yardım fonduna Şumaxer təkbaşına 10 milyon avro yardım eləmişdi.
Şumaxerin ailəsi ötən illərdə onun səhhətinə artıq 20 milyon avro xərc çəkdiklərini açıqlamışdı. Mənə maraqlıdır, görəsən Şumaxerə o vaxt yardım elədiyi indoneziyalı müsəlmanlardan 1 avro göndərən olubmu? Çətin.
Hələ 90-cı illərdə uşaq hüquqları ilə bağlı bir araşdırma yazısı hazırlayanda çox təəccübləndiyim bir fakt öyrənmişdim: sən demə, BMT-nin uşaq fondu UNİCEF-in hazırladığı “Beynəlxalq Uşaq Hüquqları Konvensiyası”nı dünyada cəmi 2 dövlət imzalamayıb, bunlardan biri Səudiyyə Ərəbistanı, ikincisi isə... ABŞ imiş. Səbəbi, izahatı tam yadımda qalmayıb, deyəsən, ərəblərinki ənənəvi azyaşlı qızları ərə vermək “hüququ” ilə əlaqədar idi, amerikalılar isə deyirdilər ki, bizdə uşaqlar az yaşından əməklə məşğul olmalıdır, bu konvensiya isə uşaqların işləməsini qadağan edir.
Qısası, “molla dəli olub”, özünüz öz başınıza çarə qılın.