Mayın 6-da Mərkəzi Bankın sədri Taleh Kazımovun ekspertlərlə növbəti görüşü olub.
Mərkəzi Bankın məlumatında deyilir ki, görüşdə makroiqtisadi və monetar şərait, maliyyə sabitliyi, inflyasiya prosesləri, eləcə də mərkəzi bankçılıq gündəmində yer alan digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Medianews.az bildirir ki, görüşdə iştirak edən ekspertlərdən Osman Gündüz, Natiq Cəfərli və Əkrəm Həsənov sosial media hesablarında aparılan müzakirələrlə bağlı fikirlərini bölüşüblər.
Osman Gündüz yazır:
“Ötən gün Mərkəzi Bankın sədri Taleh Kazımovla ekspertlərin növbəti görüşü keçirildi. Artıq bu görüşlər real diskussiya platformasına çevrilib. Formal yox, kifayət qədər açıq, bəzən isə kifayət qədər gərgin. Hətta bəzi məqamlarda “vuruşma” səviyyəsinə qədər yüksələn debatlar da olur.
Müxtəlif mövqeləri təmsil edən ekspertlərlə Mərkəzi Bank rəhbərliyi arasında bəzən bir sıra məsələlərdə yanaşmaların ciddi şəkildə haçalandığı hallar müşahidə olunur. Bu tip situasiyalarda Taleh müəllim tənqidlərə dözümlülük və hövsələ nümayiş etdirir, tərəflər isə əksər hallarda öz mövqelərində qalırlar.
Dünənki görüşdə də inflyasiya gözləntiləri, kredit faizlərinin yüksəkliyi, bazarda real iqtisadi aktivliyin zəifləməsi, cərimələrdən tutulan rüsumlar və s. kimi məsələlər ətrafında fərqli baxışlar açıq şəkildə səsləndirildi.
Mənim qaldırdığım 3 əsas məsələ:
- Startaplar, e-ticarət qurumları və kiçik biznes üçün ödəniş sistemlərini qurmaq yenidən çətinləşib
5–10 il əvvəl aylarla çəkən proses sonradan, məhz Taleh müəllimin dövründə 1–2 günə qədər sadələşmişdi.
Hazırda isə yenidən qəlizləşmə müşahidə olunur. Ödəniş təşkilatları kiçik bizneslərdən həddindən artıq, çox vaxt da birbaşa aidiyyəti olmayan sənədlər tələb edir. Bu da yeni yaranan bizneslər üçün real baryer yaradır.
Taleh müəllim bu problemdən xəbərdar olduqlarını, müəyyən tələblərin digər maliyyə qurumlarından qaynaqlandığını və prosedurların yaxın zamanda sadələşdiriləcəyini bildirdi.
- Virtual aktivlər və vençur maliyyələşmə qanunlarının ləngiməsi.
Bu sahədə gecikmə artıq bazarın inkişaf tempinə mənfi təsir edir. Təklif etdim ki, proseslər sürətləndirilsin və müstəqil ekspertlər daha aktiv cəlb olunsun.
Bildirildi ki, vençur maliyyələşmə və kraudfanding qanun layihələri üzrə işlər yekunlaşıb və bu ayın sonu Milli Məclisə təqdim olunacaq.
Virtual aktivlər üzrə qanun layihəsi isə razılaşma mərhələsindədir və ilin sonuna qədər tamamlanması gözlənilir.
- m10 ətrafında baş verənlər
Son dövrlərdə m10 sistemi ilə bağlı yaranan problemlər və milyonlarla çirkli pulların yuyulması ilə bağlı iddialar fonunda məsələni qaldırdım.
Verilən məlumata görə, vətəndaş vəsaitləri ilə bağlı heç bir problem olmayıb.
Problemin yalnız platformanın öz vəsaitləri ilə bağlı olduğu bildirildi. Həmçinin qeyd olundu ki, bu məsələ üzrə araşdırmalar Mərkəzi Bank tərəfindən deyil, digər qurumlar tərəfindən aparılır.
Yekun oilaarq qeyd edim ki, Mərkəzi Bankın formalaşdırdığı bu açıq müzakirə platforması doğrudan da uğurlu yanaşmadır.
Bu görüşlər göstərir ki, fərqli mövqelər olsa belə, açıq dialoq və real debat mümkündür və faydalıdır.
Mərkəzi Bankın şəffaflığın və sağlam dialoq mədəniyyətinin formalaşması istiqamətində atdığı addımlar, formalaşdırdığı platforma təqdirəlayiqdir”.
Natiq Cəfərli yazır:
“Dünən Mərkəzi Bankın sədri hörmətli Taleh Kazımov bir qrup iqtisadçını növbəti dəfə görüşə dəvət etmişdi – belə diskussiyalar artıq çox yaxşı bir ənənəyə çevrilir. Taleh müəllimə dəvətə və açıq müzakirələrə görə təşəkkür edirəm.
Görüşdə bir neçə vacib məsələlər qaldırıldı, mən öz çıxışımdakı tezisləri və sualları qısa qeyd etmək istədim.
Əvvəla, mən yenə dövlət qurumlarına online cərimə və digər ödənişlər edərkən rüsum tutulmasının doğru olmadığını söylədim. Taleh müəllim söz verdi ki, bu məsələ ilə ciddi məşğul olacaq – doğrudan da, məsələn qaydanı pozursan, 10 manat cərimə gəlir, tez ödəyəndə 10% endirim var, yəni 9 manat ödəmək lazımdır, amma ödəniş edərkən 40 qəpik də xidmət haqqı tutulur. Bu düzgün və ədalətli yanaşma deyil. O məşhur filmdə deyildiyi kimi, söhbət 40 qəpikdə deyil e, yanaşma ədalətsizdir.
Digər sualım iqtisadiyyatımızın vəziyyəti haqqında idi – doğrudur, iqtisadi aktivlik birbaşa Mərkəzi Bankın mandatına aid deyil, ona görə də, sualım vacib dövlət institutu olan Mərkəzi Bankın hökumətin iqtisadi siyasətinə baxışı haqqında idi. Məlumdur ki, iqtisadiyyatımız donub, iqtisadiyyat 1-cü rüb 0,3% daralıb, aktivlik azalıb, biznes önünü görmür və iqtisadiyyat naziri də bugünlərdə bəyan etdi ki, Azərbaycan artıq yeni iqtisadi modelə keçir.
Çıxışımda qeyd etdim ki, biz hələ köhnə modelin nə olduğunu bilmirdik, adı qoyulmamışdı, bəs yaxşı, bu yeni model necə olacaq?! Taleh müəllim dövlət-hökumət orqanlarında bu məsələ ilə bağlı ciddi diskussiya olduğunu söylədi və dedi ki, yeni yanaşma kiçik-orta sahibkarların və investorların marağı üzərində inşa olunacaq. İnşallah, təki elə olsun.
Dövlət qurumu olan Mərkəzi Bankən belə açıq diskussiyalar təşkil etdiyi üçün bir daha təşəkkür edirəm, yaxşı olardı ki, hökumət qurumları da belə addım atsınlar...”
Əkrəm Həsənov yazır:
“Mərkəzi Bank sədrinin 14 ekspertlə 3 saatdan çox davam edən ənənəvi rüblük görüşü oldu. Həmişəki kimi çox maraqlı, qızğın və səmimi müzakirələr oldu. Taleh Kazımovun yaratdığı bu formatın dövlət qurumları arasında analoqu yoxdur. Baş bankir nəinki bütün suallara dolğun cavab verir, tənqidə də kifayət qədər dözümlü münasibət bəsləyir. Digərlərinə ibrət olsun! Zatən bu keyfiyyətlər savad və dürüstlük göstəricisidir.
Görüşdə əsas müzakirə mövzusu inflyasiya göstəricisi ilə bağlı idi. Ekspertlər qiymət artımını daha az saylı malların qiyməti əsasında müəyyən edilməsinin tərəfdarıdır. Çünki Mərkəzi Bankın bugünkü metodologiyası həmçinin çoxsaylı tələbatı az olan malları (onların qiyməti adətən qalxmır) da əhatə edir, bu da yekunda rəsmi inflyasiya səviyyəsini aşağı göstərir. Taleh müəllim bu məsələni bir daha Statistika Komitəsi ilə müzakirə edəcəyini bildirdi.
Təbii ki, bankların kredit faizləri və komissiya haqları (bazar konyunkturası dəyişməz olaraq qalır), habelə təmərküzləşmə və sağlam rəqabət (burada problemlər qalır və Mərkəzi Bankın işini davam etdirir), manatın məzənnəsi (devalvasiya təhlükəsi yoxdur) və bank sisteminin sabitliyi (problemli bank yoxdur) müzakirə olundu.
Məni maraqlandıran üç mövzu isə bunlar idi (qısaca yazıram):
- Əmək haqqı və pensiya üzrə vətəndaşların bank seçimi imkanının təmin olunması. Bu mövzunu əvvəlki görüşlərdə də qaldırmışdım. Yay aylarında məsələ həllini tapacaq: hər kəs bankını özü seçəcək.
- Lizinq haqqında qanun qəbul olundu, amma lombardlar haqqında yox, halbuki sonuncular banklar üçün daha çox problem yaradır. Bildirildi ki, lombardlar haqqında qanun layihəsi artıq təqdim olunub və daha çox istehlakçıların hüquqlarının müdafiəsinə yönəlib.
- Xarici valyutanın izafi likvidliyi şəraitində sərt valyuta rejiminə nə ehtiyac var? Ehtiyac varsa belə, əksər hallarda sahibkarlar pulu xaricə köçürəndən sonra 2 il ərzində malı idxal edirlər, amma sənədləşdirmədə hansısa formal və texniki problemə görə onları cərimələyirlər. Yəni detallı araşdırma aparılmır. Bildirildi ki, Mərkəzi Bankın əməkdaşlarına tapşırılıb ki, bu məsələdə məhkəmə mərhələsində sahibkarların malı idxal etdiklərini nəzərə alaraq mövqe bildirsinlər.
Əlbəttə, maliyyə sektorunun problemi az deyil. Amma hər bir halda şəffaflıq və dialoq şəraitində onların çoxunu həll etmək olar. Odur ki, digər qurum rəhbərlərinə səslənirəm: ekspertlərdən qorxmayın, biz sizi ölkəmizin xoş günü naminə tənqid edirik. Buna görə də bizim yox olmağımızı arzulamayın, əməkdaşlıq edin, işinizə xeyri var ki, zərəri yoxdur”.