Medianews.az
Mənfi milli hallar
40 baxış

Mənfi milli hallar

Öncə bir milli kriminal xəbəri yazaq. Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu Etibar müəllimin Bilgəhdəki villasından 19 min dollar oğurlayan milli bağbanın oğlu tutulmuşdur. Milli məhkəməmiz oğru gəncə təxminən 2 il şərti cəza təyin etmişdir. Gənc həmin vəsaiti milli eyş-işrət işlərinə - qızlarla əylənməyə sərf etdiyini açıqlamışdır.

Çox gözəl, humanist informasiyadır. İlk növbədə, Etibar müəllimin milli azadlıq hərəkatımız uğrunda mübarizəsinin ən azı villa ilə yekunlaşmasına sevinirik. O vaxt, yaxşı yadımdadır, biz meydanlara toplaşanda müxalifət liderləri bizə elə bu cür villalarda yaşayacağımızı, Azərbaycanın hər millimetrinə 10 santı qızıl döşənəcəyini vəd edirdilər.

İkincisi, oğru gəncin əldə etdiyi vəsaiti pis məqsədlə deyil, milli qızlarımıza xərcləməsi müsbət haldır. Halbuki, 19 min dollar kimin əlinə düşsə, ya xarici maşın alardı, ya da gedib turist kimi xaricdə başına daş salardı. Bu gənc isə çox milli davranmışdır.

Məndə olan məlumata görə, məhz bu cür vətənpərvər davranışı üzündən Etibar müəllim gənc oğrunu bağışlamışdır, hakimin yüngül cəza təyin eləməsinin əsas səbəbi məhz budur! Etibar müəllim hətta belə söyləmişdir: “Öz millətimin oğrusu, başqa millətin demokratından əzizdir”.

Açığı, mən bunu eşidəndə ağladım, ölməz şairin misraları qəlbimdən keçdi: “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı!”

İşin içində yeganə olaraq mənə anlaşılmaz qalan detal oğurlanan vəsaitin manatla deyil, dollarla olması idi. Axı milli istiqlalçı öz valyutamızı qoyub, niyə pulu dollarla yığsın? Yəqin ki, burada nəsə anlaşılmazlıq vardır. Biz vətəni sevməyi Etibar müəllimdən öyrənmişik.

Anlaşılmaz işlər çox olur. Məsələn, bu yaxınlarda hava idarəsinin müdiri bəyan elədi ki, guya aprel ayında Bakıda və Abşeron yarımadasında havalar iqlim normasından... yüksək olmuşdur! Özü də düz 21 gün!

Lənət şeytana, biz, deyəsən, başqa-başqa ölkələrdə yaşayırıq axı?! Mayın 8-idir, camaat hələ də kombi yandırır, qazın qəbzlərindəki milli rəqəmlərə baxıb qan-yaş tökürük, Şahdağa gündə qar yağır, Keşlə daşqınlardan Banqladeşi xatırladır, gilas ağacı hirsindən ağcaqayına çevrilib, bu da deyir, hava normadan yuxarı olmuşdur...

Belə çıxır ki, iqlim norması normaya uyğun deyilmiş. Başqa nə söhbət ola bilər? Məmurlar bizə yalan danışası deyil ki.

Hərçənd, təxminən eyni vaxtda ekologiya nazirinin də açıqlaması vardı, deyir, apreldə yağan yağışın miqdarı normadan 5 dəfə artıq olmuşdur. Buyur... Həmin məntiqlə belə çıxır ki, keçən ay Bakıda həm isti olub, həm yağış yağıb. Yəni, isti yağışlar tökülüb, sadəcə, xəbərimiz olmayıb, hamamda israfçılıq eləmişik, çıxıb küçədə çimişmək əvəzinə. Mollanın sözüylə yazsaq, o da düz deyir, bu da düz deyir, mən də düz deyirəm.

Ancaq hələlik favorit açıqlama pul idarəmizin müdirindən gəlmişdir. Deyir: “2026-cı ilin mart ayının nəticələrinə əsasən, ümumi daxili məhsulun artımı mənfi 0,3 faiz təşkil edib”. Sitatın sonu.

Doğrusu, mən əvvəlcə bunu kiminsə zarafatı kimi anladım, axı artım necə mənfi ola bilər? Sonra dəqiqləşdirdim, gördüm, həqiqətən elə söyləmişdir.

Bu nəsə təzə söhbətdir. Məsələn, ola bilər, yaxın vaxtlarda camaat ölmək əvəzinə mənfi yaşayışa keçsin. Bunun özü də hardasa milli haldır, xaricdə belə olmur.

Zamin HACI 

Bizə qoşulun