Murad Arifin açıqlaması illərdir davam edən ictimai müzakirələri yenidən aktuallaşdırıb - ekspertlərin mövqeyi...
Azərbaycan məktəblərində rus sektoru ilə bağlı illərdir davam edən ictimai müzakirələr yenidən aktuallaşıb. Bu dəfə mövzunu gündəmə gətirən tanınmış müğənni və aparıcı Murad Arifdir. O, Elm və Təhsil Nazirliyinə müraciət edərək rus dili bölməsində oxuyan şagirdlərin üzləşdiyi çətinlikləri qabardıb və sektorla bağlı kəskin təklif səsləndirib. Murad Arif bildirib ki, ibtidai siniflərdə rus bölməsinin saxlanmasına ehtiyac yoxdur və ölkədə 4-cü sinfə qədər bütün şagirdlər Azərbaycan dilini mükəmməl öyrənməlidir. Onun sözlərinə görə, əgər nazirlik doğrudan da dövlət dilinin tədrisini gücləndirmək istəyirsə, rus bölməsində Azərbaycan dili fənni ən azı həftədə 4 dəfə keçirilməlidir.
Müğənni vurğulayıb ki, rus sektorunda Azərbaycan tarixinin Azərbaycan dilində tədrisi yalnız bir nəticəyə gətirəcək - həmin şagirdlər ölkənin tarixini dərindən bilməyəcəklər. Bu fikirlər sosial medianın bütün seqmentlərində geniş müzakirələrə səbəb olub və cəmiyyətin mövzuda kəskin şəkildə iki yerə bölündüyü müşahidə edilir.
Məsələ ilə bağlı fikir bildirənlərdən bir qismi rus sektorunun illərdir təhsil sistemində qeyri-bərabər situasiya yaratdığını, dövlət dilinin tədrisini arxa plana keçirdiyini yazır. Onların fikrincə, rus sektorunun mövcudluğu milli identiklik baxımından da risklidir və bu sistemi “təhsil deyil, daha çox status göstəricisi” kimi qəbul edən valideynlərin sayı artır. Digər qrup isə əks arqument irəli sürərək bildirir ki, rus bölməsi keyfiyyətli təhsil axtaran valideynlər üçün real alternativdir və bu sektorun bağlanması yeni narazılıqlara, təhsil sistemində xaosa səbəb ola bilər. Həmin istifadəçilərin fikrincə, rus dilinin üstün mövqeyi təkcə mədəni təsirlərlə yox, həm də regiondakı praktiki əlaqələrlə bağlıdır.
Ekspertlərin yanaşması isə daha genişdir. Onlar qeyd edirlər ki, problem təkcə rus sektorunun qalıb-qalmaması ilə məhdudlaşmır. Təhsil sistemində dövlət dilinin zəif öyrədilməsi bütün sektorları əhatə edən struktur problemdir və boşluqları yalnız rus bölməsi ilə əlaqələndirmək düzgün yanaşma deyil. Mütəxəssislər bildirirlər ki, valideynlərin rus bölməsinə üz tutmasının səbəbi bəzən rus dili yox, Azərbaycan bölməsindəki tədris keyfiyyətinə inamsızlıqla bağlıdır. Bu səbəbdən də, istənilən qərarın emosiyalarla deyil, geniş araşdırma və konseptual yanaşma əsasında verilməsi vacibdir.
Murad Arifin açıqlamasından sonra yaranan ajiotaj sosial şəbəkələrin gündəmində hələ də əsas mövzulardan biridir. Müzakirələrin emosional tonu göstərir ki, məsələ yalnız dil və təhsil müstəvisində deyil, həm də cəmiyyətin tarix, identiklik və gələcək nəsillərin kimlik formalaşdırılması mövzusundakı həssaslığının bariz nümunəsidir.
Yaşananlar bir daha nümayiş etdirir ki, “rus sektoru” məsələsi hələ uzun müddət gündəmdən düşməyəcək.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, rus dilində oxuyan şagirdlərin Azərbaycan dilini mükəmməl bilməsi vacibdir: “Rus sektorunda Azərbaycan dili fənninin dərs saatı artırılmalıdır. Bu, çox gözəl təklifdir. Rus sektorunda Azərbaycan tarixi əlbəttə ki, öz dilimizdə keçilməlidir.
Əslində Azərbaycanda bu qədər rusdilli məktəbin olmasına ehtiyac yoxdur. Lakin nəzərə alaq ki, ölkəmizdə yaşayan rus vətəndaşlar var. Onlara rus dilində təhsil almaları üçün mane ola bilmərik. Amma azərbaycanlıların öz ana dilində yox, rus dilində təhsil almaları anormal bir haldır. Şagird ilk ibtidai təhsilini ana dilində almalıdır, ondan sonra isə təhsilini hansı dildə istəyirsə, ala bilər. Biz şagirdlərin rus dilini öyrənməsinə qarşı deyilik, amma məktəbin ana dilində olması və təhsilin səviyyəsinin yüksəldilməsi vacibdir. Valideynlər bildirir ki, rus sektorunda oxuyan övladları Azərbaycan dilində yaxşı danışır. Mən sual edirəm: əgər övladınız Azərbaycan dilində yaxşı bilirsə, onu başa düşürsə, niyə Azərbaycan tarixinin öz dilimizdə tədrisi sizi narahat edir? Məişətdə azərbaycanca danışmaq hələ dili bilmək demək deyil. Adi danışıqla təhsil dilini qarışdırmaq olmaz. Belə fikirlər valideynlərin özlərini aldatmasından başqa bir şey deyil. Uşaq ana dilində oxumalı, öz dilini mükəmməl bilməlidir. Öz tarixini öz dilində oxuya bilməyən şagirdin Azərbaycan dili bilgəsi mməişətdən kənara çıxmayacaq. Azərbaycan dilində oxuduğu tarixlə, ədəbiyyatla gələn ruh onun içinə dolmalıdır. Ona qalsa, ruslar da Azərbaycan dilində danışa bilər, lakin onlar Azərbaycanı hiss etməzlər. Rus dilinin, Rusiyanın hansı şan-şöhrəti qalıb ki, valideynlər rus sektoruna qaçır. Rus ədəbiyyatını Azərbaycan dilində də oxumaq mümkündür, tərcümələr edilib. Dünyaya çıxış üçün rus dilinin imkanları azalır. İngilis, Çin, alman dili var. Bu dilləri öyrənmək lazımdır. Rus dili isə sovet dövründən qalma bir psixologiyadır. Rus dilini kim öyrənmək istəyirsə, öyrənsin, lakin təhsil ana dilində olmalıdır".

Bakı Dövlət Universitetinin professoru, AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru Qulu Məhərrəmli mövzu ilə bağlı fikirlərini bölüşüb: "Rus sektorunda oxuyan şagird və tələbələr Azərbaycan dilini gözəl bilməlidirlər. Çünki yaşadıqları ölkənin dövlət dili Azərbaycan dilidir. Onlar bu dili bilməyə borcludurlar. Orta məktəblərdə Azərbaycan dilini daha yaxşı keçmək, daha əhatəli proqram təqdim etmək və şagirdləri daha yaxşı öyrətmək lazımdır. Rus sektorunda Azərbaycan dilinin tədrisinə xüsusi önəm verilməlidir. İbtidai siniflərdən Azərbaycan dili üzrə dərs saatlarının sayı çox olmalıdır. Elm və Təhsil Nazirliyi bu barədə ciddi düşünməlidir".
Professorun fikrincə, rusdilli məktəblərin ölkəmizdə sayının çox olması da, onlarının tamamilə bağlanması da yolverilməzdir: "Onları bağlamaq məqsədəuyğun deyil. Çünki biz hələlik uzun müddət rus mədəni mühitində mövcuduq, hesab edirəm ki, bundan sonra da müəyyən illər ərzində o mühit olacaq. Söhbət rus dilinin işləkliyindən gedir. Hazırda internet resurslarının təxminən 5-7 faizi rus dilindədir. Yerdə qalan faizlər isə digər dillərdədir. Ona görə də rus dilinin tədrisi Azərbaycan dilinin statusunun azaldılması hesabına olmamalıdır.
Rus sektorunu tamamilə bağlamaq məqsədəuyğun deyil, lakin rusdilli məktəblərin sayı da bu qədər olmamalıdır".