Medianews.az
Məhsəti - necə yoxsa
53 baxış

Məhsəti - necə yoxsa

Əmək müfəttişliyi bugünlərdə Xəzər Universitetini əməkdaşlarla müqaviləni düzgün bağlamadığı üçün 2 min manat cərimələmişdi. Ancaq xəbərdə mənim diqqətimi çəkən ünvan idi: Məhsəti küçəsi. Universitetin “Neftçilər” metrosu tərəfdəki ofisi məhz bu qadın şairəmizin ismini daşıyan küçədə yerləşirmiş. İstəsəniz bunu da Məhsətiyə qarşı təzyiqlərin növbəti dalğası saymaq olar. 

Zarafatsız, biz həmişə kinomuzun pis vəziyyətdə olduğundan gileylənirik, ancaq birdən elə söhbətlər ortaya çıxır, qalırsan mat-məəttəl. İndi də deyirlər, keçmiş mədəniyyət nazirimiz Əbülfəs müəllim Məhsəti haqqında nəsə biədəb film çəkib, Mədəniyyət Nazirliyi isə ona yayım lisenziyası verməyib. Bir növ, film respublikamızda qadağan edilmişdir. Buyur. Al, sənə Pazolini... 

Doğrudur, həmin 12 dəqiqəlik filmə baxanların rəyinə görə, orada əslində filmdən əsər-əlamət yoxdur və Əbülfəs müəllim necə nazir işləmişdisə, çəkdiyi kino da onun tayıdır. (Filmi onun Britaniyada yaşayan qızının çəkdiyi söylənir, ancaq mən buna inanmıram. Qarayev nazir işləməsə çətin onun qızına kino çəkməyə pul verərdilər. Bizim kino ixtisasında oxuyan tələbələr nazirlikdən qəpik-quruş qonorarlarını adətən it zülümü ilə alır). Lakin qadağan olunması istər-istəməz ona qısamüddətli şöhrət gətirir. Nə qədər insan bu saat həmin kinonu axtarır. 

İnternet dövründə belə şeylərə “Streyzand effekti” deyirlər. Nəyisə qadağan edəndə, ona diqqət daha çox artır. Bunun yaranmasının maraqlı tarixçəsi var. 2003-cü ildə ABŞ-da bir fotoqraf hökumətin sifarişi ilə Kaliforniya ştatı boyunca okean sahilində erroziyanı araşdırmaq üçün 12 mindən çox foto çəkir, internetə yerləşdirir. Bunlar arasında 2 Oskar ödüllü aktrisa Barbara Streyzandın villasının fotosu da olur. Streyzand fotoqrafı məhkəməyə verir, lakin məhkəmə aktrisanın əleyhinə qərar çıxarır və üstəlik, fotoqrafın məhkəmə xərclərini - 154 min dolları ödəməyi də Streyzandın boynuna qoyur. Və proses zamanı məlum olur ki, əgər şikayətdən qabaq həmin fotolara internetdə cəmi 6 baxış-endirmə sayı olubsa (bunun ikisini elə Streyzandın vəkilləri edibmiş), məhkəmədən sonra villanın fotosu həm bütün dünya mediasına yayılır, həmçinin baxış sayı... 420 mini keçir! 

İnşallah, Əbülfəs müəllim də “Oskar”ı ölkəmizə gətirsin. Haçana qədər Moskvada balıq satmaq olar? Belə vətənpərvər addımlar da lazımdır. Üstəlik, adı Ramiz müəllimlə yanaşı səslənən bir zamanda təmizə çıxmaq üçün vacibdir. 

Məni isə məsələnin Məhsəti tərəfi, yəni gender mövzusu düşündürdü. Əgər Məhsəti qadın olmasaydı, onun barəsində belə erotik məzmunda film çəkərdilərmi? İnanmağım gəlmir. Bizim ölkədə qadınlar ən aşağı hüquqlu insanlardır, daim təhqir edilən, zülm görən, öldürülən məhz qadınlardır. Kişi nə qələt edir, etsin, ona olar, zənən isə hətta erotik rübai də yaza bilməz. Nəinki bugünümüzdə, hətta tariximizdə də hansısa qadını tapıb alçaltmaq dəbdədir. Məsələn, bir zaman bəzi düşüklər Həcərin qeybətini qırırdılar. 

Qadın olmaq dünyanın əsasən müsəlman bölgələrində çox faciəvidir. Sözgəlişi, bugünlərdə İran lideri Xomeyni müəllimin guya qadınlara hörmət əlamətli tviti yayılmışdı. Deyir, qadınlar evin sahibidir, qulluqçusu deyil, qadınlar çiçəkdir, onları qorumalıyıq və bunu eləsək qadınlar bizi ətri ilə zənginləşdirər. Az qalıb yazsın zənənləri dibçəyə əkib, dibini sulamalıyıq... 

Özü də maraqlıdır ki, bizdə qadın hüquqlarının qorunmadığını xaricilər də anlayır. Natəvanın Fransadakı heykəlinə boya yaxanları xatırlayaq. Sən Məhsətiyə ilişəndə, o da Natəvana sataşacaq. 

Qadınlara yönəlmiş cinayətlərin, qadına nifrətin də artıq beynəlxalq terminologiyada adı qoyulub, buna “femisid” deyilir. Avropanın bəzi ölkələrində femisid cinayətlərinə görə ömürlük cəza verilməsi kampaniyası başladılıb, son olaraq keçən həftə İtaliya belə qanun qəbul etdi. Məncə, Azərbaycan da oxşar qanunlar qəbul etsə, qadınlara qarşı cinayətlər azalar. 

P.S. Yazının başlığı bu temada sovet vaxtı özünü tutmuş, lakin indi susan bir nəfər alim yoldaşa parodiyadır.

Bizə qoşulun