Bu ay Azərbaycan manatının dövriyyəyə buraxılmasın 33 il tamam oldu.
İqtisadçı ekspert Samir Əliyev bu münasibətlə Medianews.az-a Azərbaycanın milli valyutası haqda bəzi maraqlı məlumatlar təqdim edib.
Həmin məlumatları oxucuların diqqətinə çatdırırıq.
- Hazırkı pul nişanlarımız 2006-cı ildə dövriyyəyə buraxılıb və 1 yeni manat 5000 köhnə manata bərabər tutulmaqla denominasiya edilib.
- Kağız pullar 8 nominallıdır – 1, 5, 10, 20, 50, 100, 200, 500 (xatirə pul nişanı).
- Kağız pulun nominalı artdıqca ölçüsü, daha doğrusu, uzunluğu da artır. Eni 7 sm olmaqla sabit qalır. Uzunluğu isə 12 sm-dən (1 AZN) 16 sm-ə qədər artır. Nominal artdıqca pul nişanı 7 mm böyüyür.
- Pul nişanlarının dizaynında son dəfə 2023-cü ildə, 1 manatlıq nominal üzərində dəyişiklik edilib.
- Metal pullar 6 nominallıdır – 1, 3, 5, 10, 20, 50.
- Ən kiçik nominallı pulun (1 qəpik) çəkisi 2,8 qram, ən böyüyünün (50 qəpik) çəkisi 7,7 qramdır. 50 qəpik 1 qəpikdən 2,8 dəfə ağır, 1,8 dəfə böyükdür.
- Əgər 50 dənə 1 qəpiyi toplasaq onların ümumi çəkisi 140 qram olar. Bu isə 50 qəpikdən 18,2 dəfə ağır olar.
2025-ci il yanvarın 1-nə olan məlumata görə:
- Dövriyyədə 17,3 milyard manatlıq kağız, 103 milyon manatlıq metal pullar var.
- Dövriyyədə 337 milyon ədəd kağız, 657 milyon ədəd metal pullar var.
- Dövriyyədə olan pul nişanlarının məbləği üzrə 99,4%-i kağız, 0,6%-i isə metal pulların payına düşür.
- Dövriyyədə olan pul nişanlarını bir yerə toplasaq onların 33,9%-i kağız, 66,1%-i metal pulların payına düşər.
- Məbləğ baxımından dövriyyədə olan pulların 61,2%-i 100 manatlıq pulların payına düşür. İkinci ən böyük paya (22%) 200 manatlıqlar malikdir. 500 manatlıq əsginasların payı isə 2,2%-dir.
- Məbləğ baxımından dövriyyədə olan metal pulların 44,3%-i 50 qəpiklərin payına düşür. İkinci ən böyük paya (31,1%) 20 qəpiklər malikdir. 10 qəpiklərin payı isə 16,7%-dir.