Medianews.az
Liderlərin boy fərqləri gündəm oldu -
80 baxış

Liderlərin boy fərqləri gündəm oldu - VİDEO

İtaliyanın paytaxtı Romada Baş nazir Giorgia Meloni Mozambik Prezidenti Daniel Çaponu qəbul edib.

Medianews.az xəbər verir ki, görüş zamanı enerji, ticarət və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Rəsmi gündəmlə yanaşı, görüş iki lider arasındakı nəzərəçarpacaq boy fərqi ilə də diqqət çəkib. Mozambik Prezidenti Daniel Çaponun 2,04 metr, İtaliya Baş naziri Giorgia Meloninin isə 1,58 metr boyunda olması rəsmi fotolarda aydın şəkildə əks olunub. Yan-yana dayandıqları anlar sosial mediada sürətlə yayılıb və müzakirə mövzusuna çevrilib.

Kameralara düşən görüntülərdə Meloninin təəccüb dolu mimikaları da diqqətdən qaçmayıb. İki lideri eyni kadrda çəkməyə çalışan jurnalistlər çətin anlar yaşayıb. Bəzi müxbirlərin əyilərək, bəzilərinin isə yerə uzanaraq foto çəkməyə çalışması sosial mediada yumoristik paylaşımlara səbəb olub.

Basketbol həvəskarı kimi tanınan Daniel Çapo bundan əvvəl də qeyri-adi boyu səbəbilə digər ölkə liderləri ilə çəkdirdiyi fotolarla da gündəmə gəlmişdi. Romadakı görüş də bu baxımdan siyasi məzmundan kənara çıxaraq vizual təsiri ilə ən çox danışılan diplomatik təmaslardan birinə çevrilib.

Qeyd edək ki, Daniel Çapo Mozambikin müstəqillik qazandıqdan sonra orada doğulan ilk prezidentidir. O, bu il keçirilən seçkilərdə səslərin təxminən 70 faizini toplayaraq hakimiyyətə gəlib. Lakin seçki prosesi zamanı baş verən qanun pozuntuları və sonrakı iğtişaşlarda onlarla insanın həyatını itirməsi Çaponun adının beynəlxalq gündəmdə müzakirə olunmasına səbəb olub.

Medianews.az 

Bizə qoşulun