Türkiyəli musiqiçi Gökhan Kırdar İYİ Partiyanın 3 may Türk Millətçiləri Günü tədbirində səhnəyə çıxaraq diqqət mərkəzinə düşüb.
Musavat.com xəbər verir ki, tədbir zamanı Kırdar məşhur “Cendere” əsərini ifa edib.
Onun səhnə performansı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və qısa müddətdə sosial mediada geniş yayılıb.
Lakin sənətçinin ifadan əvvəl səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. Kırdar çıxışı öncəsi “Musiqinin axını ilə, Səma Tanrımızın enerjisi ilə gedin” ifadəsini işlədib. Bu sözlər xüsusilə “Gök Tanrı” anlayışına edilən istinad kimi qiymətləndirilib və müxtəlif ictimai qruplar arasında fərqli reaksiyalar doğurub.
Qeyd edək ki, “Kurtlar vadisi” serialının musiqiləri ilə geniş tanınan Kırdarın bu çıxışı həm siyasi, həm də mədəni müstəvidə mübahisələri yenidən alovlandırıb.