Medianews.az
“Kağız dövlət”in həzin SONU – GERİSAYIM başlayıb:
84 baxış

“Kağız dövlət”in həzin SONU – GERİSAYIM başlayıb: sonuncu XİLAS kəməri də götürülməsə...

Artıq zərrəcə şəkk-şübhə qalmadı: erməni cəmiyyəti illərdir özü üçün absurd dəyərlərə və ehkamlara çevirdiyi saxta simvollardan qurtulmayınca qurtuluşu da olmayacaq. Onlardan biri də radikal-revanşistlərin hələ də utanmazcasına “artsax bayrağı” adlandırdıqları əski parçasıdır.

Bəs heç bir dövlətin, hətta Ermənistanın özünün belə tanımadığı mifik qurumun bu “simvolunu” niyə bunca israrla yaşatmağa can atırlar, unudulmağa qoymurlar? Səbəb bəsit: çünki erməni separatizmi ideyasını ölməyə qoymamağın, onu “diri” saxlamağın və yeni nəsillərə ötürməyin tək yolunu bunda görürlər. Necə deyərlər, sonuncu çarə, “saman çöpü”.

Ən önəmlisi, türkofob və irqçi erməni təşkilatları məhz bu uydurma ideologiya üzərində öz mövcudluğunu qoruyub saxlayır, gündəmdə qalır, millətlərin faciələri üzərində hətta pul-para qazanırlar. Varlanırlar...

Hazırda erməni xalqına daha böyük fəlakət vəd edən köhnə faşist təfəkkürünün daşıyıcıları ilə “Dəmir yumruq”dan ağıllanmış yenilik tərəfdarları arasında amansız mübarizə gedir. Birincilər “artsax” simvolunu israrla Ermənistanda, paytaxt İrəvanda ictimai yerlərdə gözə soxmağa səy edirsə, yenilikçiər bunu əngəlləməyə çalışırlar.

Məsələn, artıq neçə gündür İrəvanın “Fransa meydanı”nda separatçı simvollarla bağlı mübahisə səngimək bilmir. Türkə nifrəti heç vaxt azalmayan “Daşnaksutyun” partiyasının yaydığı məlumata görə, ötən gecə qondarma “bayrağı” təzədən meydana asmağa cəhd göstərən iki gənc daşnak saxlanılıb. Revanşistlər separatçı rəmzin məhz İrəvan meriyasının göstərişi ilə ərazidən yığışdırıldığına əmindirlər.

Təşkilat bu saxlanılmaları “milli rəmzlərə və yaddaşa hücum” kimi təqdim edir. Hərgah, məhz həmin o üzdəniraq “milli rəmzlər və yaddaş" erməni xalqını on illərdir böyük xarici güclərin əlində alətə, özünü isə nökərə-naibə çevirib. Rəzil günə qoyub...

Adama deyərlər, siz hələ bir Ermənistan adlı “kağız dövlət”in bayrağını hörmətə mindirin görək, necə mindirirsiniz, sonra “ikinci erməni dövləti”nin mifik “bayrağı” haqda nağıllar danışarsınız. Sizin nə vaxt düz-əməlli və halal dövlətiniz oldu ki, hələ “ikinci dövlətdən” də dəm vurursunuz?

Məsələ də ondadır ki, neçə vaxtdır bütün diqqət məhz Nikol Paşinyan hökumətinin region üçün real təhlükə mənbəyi kimi qalan erməni miflərinin axırına necə çıxacağına yönəlib. Aydındır ki, cəmiyyət bu işdə ona kömək eləməsə, çətin olacaq. Zira, qurtuluş Paşinyandan çox xəstə millətin özünə lazımdır.

Bədbəxt haylar cəmiyyət olaraq saxta bayraq dərdi çəkməkdənsə gərəkdir ki, Bakının atdığı “xilas kəməri”indən möhkəm yapışsınlar. Bu, "kağız dövlət" üçün axırıncı şans olacaq. Bir də heç kim kömək əli uzatmayacaq.

Yolu çoxdan bəlli: qonşularla normal qonşuluq eləməyi öyrənmək, onlara qarşı torpaq iddialarından, məkrli planlardan həmişəlik əl çəkmək. Bundan ötrü paraflanmış sülh müqaviləsinin imzalanmasına sonuncu əngəli götürməkdə Paşinyana kömək eləmək, nəinki Samvel Karapetyan, Robert Köçəryan çaplı milli avantüristlərin və cinayətkarların, rusun sadiq tulalarının arxasınca düşmək. Gərək ki, bu yol artıq bir dəfə gedilib. Nəticə də məlum.

Yaxşı deyiblər, bir millətə ən böyük pisliyi onun özündən savayı heç kim edə bilməz...

Z.SƏFƏROĞLU

Bizə qoşulun