Medianews.az
İtkin Malayziya təyyarəsi:
73 baxış

İtkin Malayziya təyyarəsi: Aviasiya tarixinin ən böyük sirri açılacaqmı?

Malayziya Hava Yollarına məxsus MH370 reysi 2014-cü ildə Hind Okeanında itdikdən sonra 11 il keçib. Dərin dəniz robot texnologiyasında əldə olunan son yeniliklər və "Shackleton"un itkin gəmisini tapan qrupun ekspertliyi ilə təyyarənin qalıqlarına çatmaq üçün kritik axtarış əməliyyatı yenidən başlayır. Malayziya hökuməti ilə "nəticə yoxdursa, ödəniş də yoxdur” şərti ilə 70 milyon dollara razılığa gələn "Ocean Infinity" şirkəti, tarixdəki ən böyük hava nəqliyyatı sirrini açmaq üçün dərinliklərə enəcək.
Medianews.az xəbər verir ki, Britaniya və ABŞ mərkəzli dəniz robotları şirkəti "Ocean Infinity" tərəfindən bu ilin əvvəlində başlanmış, lakin hava şəraiti səbəbindən aprel ayında dayandırılmış işlər üçün yeni bir cədvəl müəyyən edilib. Malayziya Nəqliyyat Nazirliyi, dəniz dibindəki axtarış fəaliyyətlərinin 30 dekabrdan etibarən 55 gün ərzində fasilələrlə aparılacağını açıqlayıb.
"TRT Haber"in məlumatına görə, "Ocean Infinity" ilə Malayziya hökuməti arasında "nəticə yoxdursa, ödəniş yoxdur” prinsipi əsasında müqavilə imzalanıb. Razılaşmaya əsasən, şirkət okeanda 15 min kvadrat kilometrlik yeni sahəni tarayacaq. Təyyarənin qalıqlarına çatılması halında şirkətə 70 milyon dollar ödəniləcək. Şirkət rəsmiləri başlamaq üzrə olan son axtarış işləri barədə açıqlama verməkdən çəkinib.
Kuala Lumpurdan Pekinə uçmaq üçün 8 mart 2014-cü ildə havaya qalxan MH370 reysi marşrutundan çıxaraq hava hərəkəti radarından itib. Təyyarədə 12 Malayziya ekipaj üzvü və əksəriyyəti Çin vətəndaşı olmaqla 227 sərnişin var idi. Sərnişinlər arasında Malayziya, Avstraliya, İndoneziya, Hindistan, Fransa, ABŞ, İran, Ukrayna, Kanada, Yeni Zelandiya, Hollandiya, Rusiya və Tayvan vətəndaşları yer alıb.
Təyyarənin itməsi, dünyanın ən genişmiqyaslı dərin dəniz axtarış əməliyyatlarından birinin başlanmasına səbəb olub. Avstraliyanın rəhbərliyi ilə Malayziya və Çin iştirakçılığı ilə aparılan çoxtərəfli işlərdə Cənubi Hind Okeanının uzaq bir bölgəsində təxminən 120 min kvadrat kilometrlik dəniz dibi axtarılıb. Bu işlər 2017-ci ilin yanvarında nəticəsiz qalıb və dayandırılıb. "Ocean" Infinity şirkətinin 2018-ci ildə həyata keçirdiyi üç aylıq axtarış işlərindən də nəticə alınmayıb.
İllər ərzində Afrika sahillərinə və Hind Okeanındakı adalara sürüklənmiş bəzi parçaların itkin təyyarəyə aid olduğu təsdiqlənib. Bu parçaların hərəkət trayektoriyaları analiz edilərək təyyarənin ehtimal olunan mövqeyi daraldılmağa çalışılıb. Malayziya Nəqliyyat Nazirliyi, yeni axtarış sahəsinin dəqiq yerini açıqlamasa da, işin təyyarənin tapılma ehtimalının ən yüksək olduğu güman edilən ərazidə aparılacağını bildirib.
Malayziya tərəfindən 2018-ci ildə hazırlanan rəsmi araşdırma hesabatında, təyyarənin avtomatik pilot rejimində deyil, əl ilə geri döndürüldüyü müəyyən edilmiş və "üçüncü tərəfin qanunsuz müdaxiləsi” ehtimalının istisna edilə bilməyəcəyi qeyd edilmişdi. Hesabatda pilot və köməkçi pilotun təyyarəni intihar məqsədilə endirdiyi nəzəriyyələri rədd edilmiş, mexaniki nasazlıq ehtimalının olmadığı bildirilib.
Sərnişin yaxınları, oxşar faciənin təkrar yaşanmaması üçün cavablara ehtiyac olduğunu bildirərək yeni axtarış qərarını məmnuniyyətlə qarşılayıblar.

Bizə qoşulun