ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə avqustun 8-də imzalanmış Azərbaycan-Ermənistan sülh sazişinin razılaşdırılmış mətninin paraflanması Cənubi Qafqazda onilliklər boyu davam etmiş münaqişə mərhələsini rəsmən qpatdı. Eyni zamanda, bu, həm də Cənubi Qafqaz regionunun geosiyasi xəritəsinin də yenidən formalaşdırılmasına yol açmış oldu. Ukrayna savaşına paralel olaraq, qlobal rəqabətin ikinci əsas arenası hesab edilən Cənubi Qafqaz post-münaqişə dövrünə keçməklə, yeni güc mərkəzlərinin, alternativ iqtisadi-ticari dəhlizlərin və fərqli təsir mexanizmlərinin kəskin çarpazlaşdığı geopolitik məkan kimi diqqəti çəkməyə başladı.
Onu da qeyd etmək lazmıdır ki, Cənubi Qafqazda ənənəvi regional aktorlar – Türkiyə, Rusiya və İran öz təsir imkanlarını qorusalar da, artıq bölgədə yeganə, yaxudda da avanqard qərarverici geopolitik iradə mərkəzləri deyillər. Çünki bu dövlətlərə paralel olaraq, digər regiondankənar güclərin – ABŞ, Çin, Hindistan və Pakistanın da Cənubi Qafqazı öz qlobal strategiyalarına daxil etməsi yeni, daha mürəkkəb, həm də çoxvektorlu geopolitik situasiya yaradıb. Və bu baxımdan, Cənubi Qafqazın “zəif bəndi” hesab olunan Ermənistanın post-münaqişə mərhələsi dövründə öz xarici siyasət kursunda radikal dönüşə üstünlük verməsi böyük maraq doğurur.
Məsələ ondadır ki, 2020-ci ildən sonra Ermənistanın xarici siyasətində əsas stimulverici faktorların sırasına Fransa ilə yanaşı, Hindistan da daxil idi. Belə ki, Hindistan Ermənistan üçün hərbi-texniki təchizatçı, siyasi-diplomatik dəstəkçi və Azərbaycan-Pakistan tandemini balanslaşdıran “siyasi alət” rolunu oynayırdı. 2022-2024-cü illərdə Ermənistanın silah idxalının təxminən 40 faizdən çoxunun Hindistan mənşəli olması bu əməkdaşlığın miqyasını açıq şəkildə göstərirdi. Və rəsmi İrəvanın Hindistanla münasibətləri yalnız hərbi ticarət sahəsi ilə məhdudlaşmır, eyni zamanda, Ermənistanın anti-Azərbaycan siyasi-diplomatik xəttinin də əsas sütunlarından birinə çevrilmişdi.
Ancaq ABŞ prezidenti Donald Trampın içtirakı ilə Azərbaycan və Ermənistan arasında Vaşinqton sazişlərinin imzalanmasından sonra bu model öz aktuallığını tədricən itirməyə başladı. Belə ki, hərbi münaqişə gündəminin zəifləməsi, regional inteqrasiyanın önə çıxması və logistika marşrutlarının strateji əhəmiyyət qazanması Ermənistan üçün Hindistanın önəmini kəskin şəkildə azaltdı. Yəni, Hindistan daha çox qarşıdurma və məhdudlaşdırma məntiqi ilə hərəkət edən aktor kimi qaldı. Halbuki yeni mərhələdə Ermənistan üçün əsas prioritet olaraq, tranzit, infrastruktur və iqtisadi inteqrasiya hədəfləri daha ön plana keçmiş oldu.
Maraqlıdır ki, rəsmi İrəvanın geopolitik hədəflərində ön plana keçməyə başlayan bu dəyişikliyin simvolik və praktiki göstəricisi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması barədə razılaşma oldu. Belə ki, bu, Ermənistan üçün prinsipial geopolitik dönüş nöqtəsi kimi diqqəti çəkir. Çünki əvvəlki mərhələdə Hindistan-Ermənistan və Pakistan-Azərbaycan qarşıdurma xətti Cənubi Qafqazdakı geopolitik balansın əsas faktorları sırasına daxil idi. Ancaq yeni reallıqda bu geopolitik model tədricən sıradan çıxmağa başladı.
Onu da qeyd etmək lazımdır ki, Pakistan-Ermənistan dialoqu yalnız ikitərəfli münasibətlərin normallaşması deyil, əksinə, daha geniş geopolitik arxitekturanın – Çin mərkəzli logistika və təsir sisteminin Cənubi Qafqaz regionuna yerləşməsinin ilkin əlaməti kimi də qəbul olunur. Belə ki, Pakistan uzun müddətdir, Çinlə strateji müttəfiqlik xətti üzərindən hərəkət edir. Bu strateji müttəfiqlik xətti ortaq siyasi qərarları infrastruktur, logistika və texnologiya layihələri ilə tamamlayır. Rəsmi Yeni Dehlinin üstünlük verdiyi Fars körfəzi-Qara dəniz marşrutundan fərqli olaraq, Çin-Pakistan tandeminə bağlı logistika modeli Hindistan tranzitindən yan keçən Çin-Cənubi Qafqaz-Avropa xəttini daha ön plana çıxarır.
Eyni zamanda, ABŞ tərəfindən də dəstəklənən və “Tramp Marşrutu” (TRIPP) kimi tanınan Orta Dəhlizə Ermənistanın inteqrasiyası da bu prosesin tərkib hissəsidir. Rəsmi İrəvanın bu seçimi Ermənistanın, Hindistanın İran üzərindən Avropaya çıxış planlarına bağlı marşrutdan faktiki olaraq, uzaqlaşması deməkdir. Və beləliklə, Ermənistanın Hindistanla münasibətləri son vaxtlar strateji ittifaq səviyyəsindən tədricən adi tərəfdaşlıq formatına enməyə başlamış kimi görünür.
Çinin Ermənistandakı fəaliyyəti isə bu istiqaməti daha da möhkəmlənməyə başlayıb. Belə ki, seysmik monitorinq laboratoriyaları, rəqəmsal infrastruktur təşəbbüsləri və nüvə energetikası sahəsinə bağlı strateji maraqlar rəsmi Pekinin Cənubi Qafqazda uzunmüddətli mövcudluq planlarının tərkib hissəsi hesab olunur. Və bu yanaşma “Rəqəmsal İpək Yolu” konsepsiyasına uyğun olaraq informasiya, enerji və texnologiyanı geopolitik təsir alətinə çevirir.
Maraqlıdır ki, bütün bunlara paralel olaraq, Azərbaycan üçün yaranmaqda olan yeni və əlverişli strateji mühit rəsmi Bakının çevik manevrləri sayəsində artıq effektiv fəaliyyət imkanlarını da ciddi şəkildə genişləndirməkdədir. Belə ki, bu geostrateji transformasiyanın fonunda Azərbaycan Cənubi Qafqaz regionunda ən stabil və proqnozlaşdırılan geopolitik aktor kimi önə plana çıxmaqdadır. Çünki rəsmi Bakı Azərbaycanı Orta Dəhlizin əsas tranzit qovşaqlarından birinə çevirib, Pakistanla möhkəm siyasi və hərbi tərəfdaşlıq münasibətləri qurub, Çin üçün isə ən etibarlı logistika platforması statusunu daha da gücləndirib.
Bütün bunlar onu göstərir ki, Azərbaycanın ŞƏT üzvlüyünə Hindistanın əngəllər törətməsi və iqtisadi təzyiq cəhdləri rəsmi Bakının regional avanqard dövlət rolunu qətiyyən zəiflədə bilmədi. Əksinə, Azərbaycanı mövcud situasiyada daha balanslı və çoxvektorlu əlaqələr qurmağa ciddi şəkildə təşviq etdi. Belə ki, hətta Ermənistanın Pakistanla yaxınlaşması belə, Azərbaycan üçün qətiyyən strateji risk deyil, məhz regionda sabit tranzit sisteminin formalaşması baxımından, önəmli neytral faktor kimi görünür.
Belə anlaşılır ki, Ermənistan Hindistanla münasibətlərdən maksimum səviyyədə fayda götürdüyü mərhələni artıq başa vuraraq, yeni geopolitik istiqamətlərə yönəlmək qərarı verib. Ancaq Çin-Pakistan istiqaməti qısamüddətli iqtisadi və infrastruktur imkanları yaratsa da, bu seçim uzunmüddətli strateji zəmanətlərdən də uzaqdır. Və rəsmi İrəvanın bir neçə qlobal güc mərkəzi arasında manevr etmək cəhdləri strateji çeviklikdən çox, qeyri-müəyyənlik riski yarada biləcək faktordur.
Göründüyü kimi, Cənubi Qafqaz artıq yalnız Rusiya-Qərb rəqabətinin deyil, həm də Asiyanın nəhəng güc mərkəzləri arasında sistemli və strukturlaşmış geopolitik qarşıdurmanın yeni poliqonuna çevrilir. Bu reallıqda isə qalib olan tərəf qətiyyən ideoloji yaxınlıq deyil, məhz logistika, inteqrasiya və praqmatik balans siyasəti yürüdə bilən geopolitik aktorlar olacaq. Hələlik ilkin müşahidələr onu göstərir ki, Ermənistan hazırda Azərbaycanın rəqiblərindən (Rusiya, İran və Hindistan) uzaqlaşaraq, rəsmi Bakının strateji tərəfdaşlarına (Çin, Pakistan və Türkiyə) yaxınlaşmaq məcburiyyətində qalıb. Və bu, Azərbaycanın Avropadan Çin səddinə qədər uzanan bir coğrafiyanı əhatə edən genişmiqyaslı iqtisadi-ticari, eləcə də, geostrateji prosesdə mütləq qalib tərəflərin sırasında yer almaq şanslarını qaçılmaz edir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert