Medianews.az
Əhalinin NƏZƏRİNƏ! ƏDV limiti qalxır,
70 baxış

Əhalinin NƏZƏRİNƏ! ƏDV limiti qalxır, qiymətlər düşəcəkmi?


İqtisadçılar qeyd edir ki, bununla da sahibkar nağdsız ödənişlərin payını artırmaqla faktiki olaraq əlavə 200 min manatlıq dövriyyəni ƏDV yükündən kənarda saxlaya biləcək.
Bəs bu güzəşt qiymətlərin enməsinə gətirib çıxaracaqmı?

- Mövzu ilə bağlı iqtisadçı-alim Vüsalə Əhmədova Musavat.com-a danışıb. O, qeyd edib ki, ümumən qiymət enişini gözləmək real deyil:


“Lakin ayrı-ayrı seqmentlərdə müəyyən yumşalmalar mümkündür. Ümumiyyətlə, ƏDV qeydiyyat limiti nədir, əvvəlcə onu qeyd edim. Bir vergi ödəyicisinin ƏDV üzrə qeydiyyata düşməsini məcburi edən illik dövriyyə həddidir. Son 12 ay üzrə dövriyyəsi müəyyən edilmiş məbləği keçən sahibkar, ƏDV ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmalıdır, satış və xidmətlərində 18% ƏDV tətbiq etməlidir və s. Hazırda illik dövriyyə 200.000 manat həcmindədir, 2026-cı ildən etibarən isə yalnız pərakəndə ticarət və əhaliyə xidmət sahələrində limit 400.000 manata qədər artırılacaq. Məqsəd, kiçik biznesi ağır vergi və hesabat yükündən xilas etmək, qiymət artımını məhdudlaşdırmaq, əsasən də nağdsız ödənişləri stimullaşdırmaqdır.

Ölkəmizdə qiymətlərin kütləvi şəkildə enməsini niyə gözləmək olmaz? Sahibkar üçün 400 min manatadək dövriyyənin ƏDV-dən kənarda qalması, əlbəttə ki, nağdsız dövriyyəsinin stimullaşması deməkdir. Lakin əgər tələb yüksəkdirsə və rəqabət zəifdirsə və ya həmin sahədə inhisar mövcudsa, sahibkar bu üstünlüyünü əlavə mənfəət kimi saxlayacaq, nəinki qiymət endiriminə gedəcək. Hər kəsə məlumdur ki, sahibkarlar qiymətlər qalxanda tez reaksiya verirlər, düşəndə isə çox ləng hərəkət edirlər. Sahibkar üçün “qiyməti endirmək” ən son addımdır”.

- İqtisadçı pərakəndə ticarət və xidmətlərdə qiymətlərə daha çox təsir edən başqa amillərdən də danışıb:


“Bunlar, istər icarə xərcləri, istər idxal qiymətləri və məzənnə riski, istərsə də logistika və kommunal xərclərdir. ƏDV yükünün azalması, bu xərclərin fonunda bəzən nisbətən kiçik effekt yaradır. Harada qiymət enişi mümkün ola bilər, düşünürəm ki, bəzi marketlərdə, ictimai iaşənin orta seqmentində, nağdsız ödəniş payı yüksək olan obyektlərdə və s. Ümumiyyətlə, iri supermarketlərdən biri qiyməti az da olsa endirməlidir ki, digərləri də reaksiya verməyə məcbur qalsın.
Qısası, qiymət enişi selektiv ola bilər, daha çox rəqabətin güclü olduğu sahələrdə hiss edilə bilər. Əsas real effekti isə daha çox kölgə dövriyyəsinin azalmasında, nağdsız ödənişlərin artmasında, kiçik və orta sahibkarlığın inkişafında görürəm”.

Bizə qoşulun