Medianews.az
İran nədən çəkinir və nəyi deyir?
90 baxış

İran nədən çəkinir və nəyi deyir?

Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizinə qarşı mövqeyi bir daha təkrarlayıb. Bu addım, İran xarici siyasətində Azərbaycanla konstruktiv münasibətlərə cavab olaraq mühafizəkar dairələrin reaksiyası kimi şərh oluna bilər.

Amma daha dərin qatlarda, bu, İranın regional siyasətinin dəyişmədiyinə işarə verir. Radikal düşərgə ilə mötədil qüvvələr arasında olan çəkişmə Tehranın yeni ambisiyalar formalaşdırmaq üçün həyata keçirdiyi kompleks tədbirlərin tərkib hissəsində diskursdur.

İran xarici siyasətindəki dəyişikliklər taktikidir, strateji yanaşmalarınn yerdəyişməsidir və bu, ümumilikdə Tehranın zəifləmiş durumu ilə bağlıdır.

Bu kontekst Əli Xameneinin təlimatları və direktivlərindən kənar mahiyyətdə deyil – hər nə qədər Məsud Pezeşkian və hakimiyyətdəki liberal düşərgə fərqli mövqe barədə fon yaratsa da.

Əli Xameni nüvə danışıqlarının kontekstini, müharibə variantını öz varisliyini qorumaq baxımından önəmli sayır. Başqa tərəfdən Əli Xamenei ABŞ və İsrailə qarşı güclü fon yaratsa da, sanksiyaların aradan qaldırılması müqabilində həm öz hakimiyyətinin maliyyə kanallarını genişləndirməyi hədəfləyir, həm də ABŞ və İsrailə güzəşt sahəsi tanımağın məcburiyyətini dərk edir.

Bu, İran strategiyasının Suriyada fiaskoya uğramasından sonra yaranan reallıqdır. Əks təqdirdə, Əli Xameneinin varisliyi üçün ciddi problemlərlə qarşılaşa bilər. Bu, cari vəziyyətdə daha çox üç istiqamət fonunda təhlil oluna bilər.

Birincisi, İran hələ də İraqda güclü əl olaraq qalır. Sonuncu parlament seçkisindən sonra da İraqda İranın himayəsində olan partiya və qüvvələr səs çoxluğu qazana bildi.

Lakin ABŞ İraqda İrana qarşı əməliyyatlar çərçivəsini genişləndirmək üçün Milli Müdafiə Səlahiyyəti Aktı ilə hücuma keçir. Bu, ABŞ-nin Yaxın Şərqdəki mövcudluğunu təzələyən və Bağdadla təhlükəsizlik münasibətlərini yenidən tənzimləyən bir sıra strateji tədbirləri nəzərdə tutur. Rəsmi Bağdaddan tələb edilir ki, ABŞ-dən alacağı təhlükəsizlik yardımının miqyası İraqın İran proksilərinə qarşı etibarlı və açıq tədbir görməsindən asılıdır.

İraqla bağlı tədbirlər ABŞ-nin yeni qəbul etdiyi Milli Təhlükəsizlik Strategiyası ilə də səsləşir. Bu Strategiyada İranın regional sabitliyi pozan əsas qüvvə kimi rolu bir daha tanınır. Bu, o deməkdir ki, İranın növbəti zərbəni İraqda ala bilər.

İkincisi, İran və İsrail növbəti mümkün eskalasiyaya hərbi hazırlığı elan edirlər. İranda hesab edirlər ki, 2025-ci iyunundakı 12 günlük İran-İsrail müharibəsi qısa, lakin şiddətli qarşıdurma kimi İranın xeyrinə nəticələndi.

Lakin ən önəmlisi o vaxtdan bəri yaranmış yeni atmosferdir ki, bu da növbəti müharibəyə hazırlıqdır. İran İslam Respublikası hərbi-siyasi idarəetməni müəyyənləşdirən, onun koordinasiyasını asanlaşdırmağa çalışmaqla paralel şəkildə ictimai rəydə də müharibəyə hazırlıq səylərini nümayiş etdirir.

İsrailə gəlincə, o, münaqişə zamanı yəhudi dövlətinə atılan İran ballistik raketlərinin əksəriyyətini müvəffəqiyyətlə dəf edən “Arrow” tutucu raketlərinin kütləvi istehsalına keçir və İranla müharibənin yeni mərhələsi üçün informasiya əməliyyatlarını genişləndirir.

Üçüncüsü, İranda Seyid Əli Xameneinin ideya və çağırışları ilə uyuşmayan alternativ dini qüvvələrin fəallaşdırılması prosesi gedir. Bu, Qərbin cazibəli təsirləri ilə formalaşan ideologiya ilə İranda hakimiyyətin dəyişdirilməsi planlarının iflasa uğramasından sonra yenilənən strategiyanı əks etdirir. İranda dini təməllərə əsaslanan trayektoriya hakimiyyətə qarşı müqavimət dilinin və hərəkətlərinin dəyişdirilməsinə işarə edən vacib hadisələr baş verir.

İranda dərin siyasi dəyişikliklərə kömək etməyə çalışan Bəluc təşkilatlarının koalisiyası olan yeni yaradılmış Xalq Döyüşçüləri Cəbhəsi, 10 dekabrda qəbul etdiyi nizamnamədə məqsədlərini açıqladı. Koalisiya müstəqil Bəlucistana çağırış etmək əvəzinə, İslam Respublikasını devirmək üçün digər müxalifət qrupları ilə birləşməyə yönəlmiş kimi görünür. Bu koalisiyada əsas söz sahibi sələfi-cihad təşkilatı olan “Ceyş əl-Ədl”dir.

Cəbhə ehtimal ki, ABŞ və İsrailin geosiyasi qazanclara hesablanmış aləti kimi yönləndirilir və ona İran rejimi ilə mübarizə üçün müasir üsyançı taktikalardan istifadə tapşırıqları verilir. Lakin Xalq Döyüşçüləri Cəbhəsi İranda legitimliyini inkişaf etdirmək üçün media ilə əlaqələrdən və ictimai fikir mübadilələrindən istifadə edə biləcəyinə dair eyhamlar vurur. Bu çağırışlar Koalisiyanın özünü İran rejiminə qarşı xalq etirazlarının flaqmanı kimi təqdim edə biləcəyini göstərir.

Bütün bu olanların və ya ola biləcəklərin fonunda sıxılan İranın “Zəngəzur dəhlizində sıs çıxarması” təkrarlanan instinktdən başqa bir şey deyil. İran Vilayətinin hədə dili ilə həm daxildən, həm də xaricdən təzyiqlərin arasında sıxıldığını ört-basdır etməyə çalışır. Daha geniş geosiyasi kontekstə gəlincə, İranın Rusiya, Çin, Hindistanla ilə hərəkət etmək imkanı məhduddur. Ən vacibi isə, Rusiyadır, Kreml Tehranla hərbi-texniki əməkdaşlığı dərinləşdirsə də, ümumiyyətlə Moskva Tehranın regional təhlükəsizlik qayğılarına dəstək vermir.

Buna görə də, İranın Zəngəzur dəhlizi təşəbbüsü üzərindən ABŞ ilə sövdələşmə kanalları axtarır. Bu kontekst Tehran üçün xüsusilə əhəmiyyətli ola bilər və onun əsas hədəflərindən biri Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra regional bölgüdə səhmlərini artırmaqdır.

Görünür ki, İran ABŞ və Azərbaycan əlaqələrindən istifadə edərək özünü bu tərəfdaşlığa qarşı fərqli bir imicdə göstərməyə cəhd edir. Lakin bu, fondur. Çünki İran Azərbaycanın Ermənistanda daxil olduğu nüfuz trayektoriyasının əhəmiyyətini dərk edir, sadəcə olaraq “hədə” dili ilə öz payını genişləndirmək istəyir. Bu, İsraillə yeni hərbi eskalasiyaya hazırlıq fonunda itirilmiş geosiyasi mövqeləri kompensasiya etmək məqsədlərini elan edir.

Aqşin Kərimov,
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı

 

Bizə qoşulun