Medianews.az
70 mindən artıq tələbəyə təhsil krediti
49 baxış

70 mindən artıq tələbəyə təhsil krediti verilib

"Bakupost.az" xəbər verir ki, tədbirdə fondun fəaliyyətə başladığı və ilk müraciətlərin daxil olduğu tarixdən indiyədək görülən işlər, əldə olunan nəticələr və qarşıda duran hədəflər barədə məlumat verilib.
Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov bildirib ki, qurum aztəminatlı və sosial həssas təbəqələrdən olan vətəndaşların təhsilə çıxış imkanlarının genişləndirilməsi, təhsilə əlçatanlığın təmin edilməsi və bərabər imkanların yaradılması istiqamətində fəaliyyət göstərir.
Qeyd edilib ki, Fondun fəaliyyəti dövründə e-ttkf.edu.az elektron portalına 86 mindən çox müraciət daxil olub, 70 mindən artıq təhsil tələbə krediti üzrə müqavilə rəsmiləşdirilib.
Vurğulanıb ki, gender bölgüsünə əsasən, kredit alanların 63 faizi qadınların, 37 faizi isə kişilərin payına düşür.
Kredit alanların 63 faizinin qadın olması məsələsinə münasibət bildirən Fond rəhbəri deyib ki, bu rəqəm təsadüfi deyil və qadınların, xüsusilə regionlarda yaşayan və sosial həssas ailələrdən olan xanımların təhsilə çıxış imkanlarının artmasının göstəricisi kimi qiymətləndirilir:
"Cəmiyyətdə qadınların təhsilə cəlb edilməsi və sosial fəallığının artırılması istiqamətində həyata keçirilən tədbirlər açıqladığımız nəticələrdə öz əksini tapır".
Bəhruz Əzimov vurğulayıb ki, təhsil tələbə kreditləri respublikanın bütün bölgələrini əhatə edir. Bu günədək təhsil tələbə kreditləri üzrə 64 milyon manatdan çox vəsait xərclənib.
Onun sözlərinə görə, Fond fəaliyyəti dövründə 400-ə yaxın məzunun işlə təmin olunmasına vasitəçilik edib. Hazırda bu proses əsasən, manual şəkildə həyata keçirilsə də, gələcəkdə vahid rəqəmsal karyera platformasının yaradılması nəzərdə tutulur. Qeyd olunub ki, platforma vasitəsilə məzunların məlumatlarının işəgötürənlərin müvafiq rəqəmsal portalları ilə inteqrasiyası təmin ediləcək, vakansiya elanları avtomatik və ixtisas yönümlü şəkildə tələbə və məzunlara birbaşa şəxsi kabinetləri və mobil cihazları üzərindən göndəriləcək.
Fond rəhbəri deyib ki, hazırda əməkdaşlıq etdikləri qurumların vakansiya məlumatları Fondun rəsmi saytında yerləşdirilir və məzunlarla paylaşılır. Lakin bu proseslərin avtomatlaşdırılması məşğulluq mexanizmlərinin daha çevik və effektiv şəkildə qurulmasına imkan verəcək.
Fond rəhbərliyi gələcək mərhələdə işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsinin və karyera dəstəyi mexanizmlərinin təkmilləşdirilməsinin əsas prioritetlərdən olduğunu bildirib.

Bizə qoşulun