Medianews.az
İranın tələbi qəbul edildi:
40 baxış

İranın tələbi qəbul edildi: ABŞ nüvə danışıqlarının Omanda keçirilməsinə razılaşdı

İran ABŞ ilə planlaşdırılan nüvə danışıqlarından bir neçə gün əvvəl görüşün yerinin və formatının dəyişdirilməsini tələb edib.

Medianews.az xəbər verir ki, Tehran cümə günü İstanbulda keçirilməsi nəzərdə tutulan vacib görüşün Omanda baş tutmasını istəyib.

ABŞ administrasiyası İranın bu tələbini qəbul edib.

ABŞ prezidenti Donald Tramp İranla aparılan danışıqların aktiv şəkildə davam etdiyini açıqlayıb. Oval Ofisdə çıxışı zamanı Tramp bildirib ki, tərəflər konkret nəticə əldə etməyə çalışır.

“Onlar nəsə etmək istəyirlər. Görək, bu, konkret nəticəyə çevriləcəkmi. Hazırda onlarla fəal şəkildə danışırıq,” – deyə Tramp vurğulayıb.

Amerika mətbuatında yayılan xəbərlərə görə, Ağ Evin xüsusi nümayəndəsi Stiv Vitkov ilə İranın xarici işlər naziri Abbas Arakçinin cümə günü İstanbulda görüşməsi planlaşdırılırdı. Lakin İran tərəfinin tələbindən sonra danışıqların yerinin Omana dəyişdirilməsi qərara alınıb.

ABŞ administrasiyası İranın bu istəyi ilə razılaşıb və görüşün Omanda baş tutacağını təsdiqləyib.

Tramp çıxışında İranın nüvə obyektlərini hədəf alan “Gecəyarısı Çəkic” əməliyyatını da xatırladıb. Prezidentin sözlərinə görə, Tehran daha əvvəl də imkan əldə edib, lakin bu, nəticə verməyib.

“Düşünmürəm ki, bunun bir daha baş verməsini istəsinlər. Onlar danışıqlar aparmaq istəyirlər. Biz hazırda onlarla fəal şəkildə əlaqədəyik,” – deyə Tramp bildirib.

ABŞ prezidenti planlaşdırılan görüşlərin dəqiq vaxtı və yeri ilə bağlı əlavə detalları açıqlamayıb, lakin diplomatik təmasların davam edəcəyini bir daha təsdiqləyib.

Medianews.az

Bizə qoşulun