“Azərbaycan və Ermənistan cəmiyyətləri gündəlik həyatlarında sülhün real faydalarını görürlər”.
“Qafqazinfo” Ermənistan hökumətinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş zamanı bildirilib.
Məlumata görə, tərəflər ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi və şahidliyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Sammitində əldə edilmiş razılaşmaların icrasında qeydə alınan irəliləyişi alqışlayıblar. Onlar Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin müsbət dinamikasının ikitərəfli formatda qorunub saxlanması və irəli aparılmasının əhəmiyyətini qeyd ediblər.
“Tərəflər hər iki cəmiyyətin öz gündəlik həyatlarında sülhün real faydalarını artıq gördüklərini etiraf ediblər. Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının davam edən ixracından, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnunluqlarını ifadə ediblər”, - məlumatda deyilir.
Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) və digər infrastruktur layihələrinin həyata keçirilməsini müzakirə ediblər.
Azərbaycanın Prezidenti və Ermənistanın Baş naziri iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində işi davam etdirməyə hazır olduqlarını təsdiqləyib və ikitərəfli münasibətlərin normallaşması prosesinə töhfə vermək məqsədilə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.