İranda dərinləşən iqtisadi böhran, milli valyuta rialın kəskin dəyər itirməsi və küçə etirazları fonunda İsrailin kəşfiyyat xidməti ilə bağlı diqqətçəkən paylaşım edilib.
Medianews.az xəbər verir ki, Mossada bağlı “Mossad Farsi” adlı rəsmi səhifədə yayımlanan mesajda İran vətəndaşları açıq şəkildə hökumətə qarşı etirazlara qoşulmağa çağırılır.
Paylaşımda deyilir: “Gəlin birlikdə küçələrə çıxaq. Zaman yetişib. Biz sizinləyik. Təkcə uzaqdan və sözlə yox, meydanda da sizinləyik.” Bildirilir ki, mesaj fars dilindən avtomatik tərcümə olunub.
Bu çağırış İranda sosial-iqtisadi gərginliyin pik həddə çatdığı, rialın sürətlə ucuzlaşdığı və İran Mərkəzi Bankı rəhbərliyinin istefası ilə bağlı xəbərlərin yayıldığı bir vaxta təsadüf edir. Son günlər Tehranda və digər böyük şəhərlərdə bahalaşmaya, işsizliyə və maliyyə qeyri-sabitliyinə qarşı etiraz aksiyaları müşahidə olunur.
İran hakimiyyəti uzun illərdir daxili narazılıqları və kütləvi etirazları “xarici qüvvələrin təsiri” ilə əlaqələndirir. “Mossad”ın rəsmi hesabında yayımlanan bu açıq çağırış isə Tehranın bu iddialarına əlavə arqument kimi dəyərləndirilir və regionda informasiya müharibəsinin yeni mərhələyə keçdiyini göstərir.
Siyasi müşahidəçilərin fikrincə, sözügedən paylaşım ölkə daxilində etirazların daha da sərtləşməsinə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə və xarici müdaxilə ritorikasının intensivləşməsinə səbəb ola bilər. Eyni zamanda, İsrail–İran qarşıdurmasının informasiya və psixoloji müstəvidə daha açıq və sərt fazaya keçdiyi də istisna edilmir.
İranda etirazların miqyasının necə inkişaf edəcəyi və rəsmi Tehranın bu açıq çağırışa hansı formada cavab verəcəyi yaxın günlərdə aydınlaşacaq.
