Medianews.az
Tramp gələn ay Nobel ala biləcəkmi? -
1,169 baxış

Tramp gələn ay Nobel ala biləcəkmi? - AÇIQLAMA

Norveç Nobel Komitəsi hər ilin oktyabr ayında Nobel sülh mükafatı təqdim edir.

Nobel sülh mükafatına namizədləri parlament üzvləri, dövlət başçıları, beynəlxalq təşkilat rəhbərləri və bəzi akademik qurumlar irəli sürür.

2025-ci ildə bu mükafata əsas namizədlərdən biri ABŞ Prezidenti Donald Trampdır. Tramp əvvəllər də Nobel sülh mükafatına namizəd olub, lakin mükafatı ala bilməyib.

Bu dəfə Donald Tramp Nobel mükafatı ala biləcəkmi?

Mövzu ilə bağlı Medianews.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, adətən Norveç Nobel Komitəsi beynəlxalq miqiyasda sülhə töhfə verən namizədləri süzgəcdən keçirir və ən layiqli bildiyini laureat kimi seçir: “Çox təəssüf ki, dünyanın indiki gərgin vaxtında sülhə beynəlxalq miqyasda töhfə verən real bir şəxs faktiki olaraq yoxdur. Bir məsələni də qeyd edim ki, ABŞ-nin Prezidenti özü Nobeli axtarır, Nobel onu axtarmır. Ən pis tərəfi bundan ibarətdir ki, onun özü axtarır və iddialıdır. Amma bu iddianı əməldə təsdiqləmək üçün ən azı Yaxın Şərqdə və Rusiya-Ukrayna müharibəsində sülhə töhfə vermək lazım idi. İndiyə qədər isə biz ABŞ Prezidentinin bu istiqamətdə nəyəsə nail olduğunu görmürük.

Ona görə də mən hazırkı vəziyyəti nəzərə alıb Donald Trampa şanslı bir namizəd kimi baxmıram. Hətta düşünürəm ki, indiki anda Avropa da onun namizədliyinin əleyhinədir. Əgər qarşıdakı günlərdə, oktyabr ayınadək Tramp Rusiya-Ukrayna cəbhəsində ədalətə nail ola bilsə, sözsüz ki, çoxları onun namizədliyini dəstəkləyər, mükafat verilsə alqışlayar. Lakin indiki halda bunu gözləmirəm. Əslində söhbət təkcə Trampdan da getmir. İndi ümumiyyətlə sülh üzrə Nobel mükafatının parametrlərinə uyğun bir qlobal fiqur gözə dəymir”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun