Medianews.az
Putin o idarəni ləğv edəndən Rusiyanın casus şəbəkəsi haqda məlumatlar sızmağa başlayıb
1,019 baxış

Putin o idarəni ləğv edəndən Rusiyanın casus şəbəkəsi haqda məlumatlar sızmağa başlayıb

Rusiyanın Ukraynada hərbi-siyasi uğursuzluğu dərinləşdikcə dövlət hakimiyyəti zəifləyir və bunun nəticəsi olaraq məxfi informasiyaların yayılması artır.

Putini Ukraynada müharibəni dayandırmağa və Kiyevlə sülh danışıqlarına başlamağa çağırdıqdan sonra mövqeləri zəifləyən Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın kurasiya etdiyi xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə prezident idarəsi ləğv edildi. Bundan sonra isə Rusiyanın postsovet ölkələrində casus fəaliyyəti ilə bağlı çoxsaylı məlumatlar sızmağa başladı. Həmin məlumatların birində hesabat xarakterli yazışmada Azərbaycanda Rusiyanın təsir agentləri şəbəkəsinin yaradılması üçün 100 milyon dollardan artıq pul xərcləndiyi qeyd edilir.

Məlumatda bildirilir ki, təsir agentləri yaratmaq üçün Rusiya qonşu ölkələrin jurnalistləri ilə fəal iş aparıb. “The Insider”ə bununla bağlı məlumat verən ləğv edilmiş xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə prezident idarəsinin keçmiş əməkdaşı redaksiyaya Rusiyanın təsir agenti kimi əməkdaşlığa cəlb edilmiş 136 jurnalist və bloqçunun adlarını da verib. “The Insider”in məlumatına görə, onların adlarının qarşısında belə qeydlər var: “Maraqlıdır”, “işləmək”, “bizimki”, “axmaqlıq edib”, “çevrilib”, “yalnız pulla maraqlanan, işləmək”, “mitinqlərdə dava sala bilər”.

Aydın görünür ki, bu şəxslərin hamısı haqqında çox aydın xasiyyətnamə yazılıb. Buna görə də onların adlarının qarşısında hər birinin gələcək fəaliyyətini müəyyənləşdirən ifadələr yazılıb.

Rusiyanın bütün postsovet ölkələrində olduğu kimi, Azərbaycanda da geniş casus şəbəkəsinin olduğu yeni xəbər deyil. Ancaq Rusiyanın xüsusi xidmət orqanlarının casus şəbəkəsi ilə bağlı yayılan məlumatlar bu şəbəkədə olan şəxslərin adlarının indi də başqa ölkələrin xüsusi xidmət orqanlarının əlinə keçmə təhlükəsini yaradıb. Bu isə o deməkdir ki, Azərbaycana qarşı olan dövlətlər Rusiyanın Azərbaycandakı casus şəbəkəsini öz təsirinə keçirə və ölkəmizə qarşı istifadə edə bilər. Ona görə də Azərbaycan dövləti və cəmiyyəti onların aşkar olunaraq zərərsizləşdirilməsində maraqlı olmalıdır. Bu işə “The Insider”in redaksiyasına adları məlum olan 136 təsir agentin arasında azərbaycanlı jurnalist və ya bloqçunun olub-olmadığına aydınlıq gətirməkdən başlamaq olar.

Xaqani Cəfərli,
politoloq

Bizə qoşulun