Oktyabrın 16-da Moldovanın Konstitusiya Məhkəməsi sentyabrın 28-də keçirilmiş parlament seçkisinin nəticələrini təsdiqləyib.
Medianews.az xəbər verir ki, prezident Mayya Sanduya bağlı Hərəkət və Həmrəylik Partiyası 101 yerlik parlamentə 55, Vətənpərvər bloku 26, Alternativ bloku 8, Bizim Partiya 6, Evdə Demokratiya Partiyası 6 mandat əldə edib.
Ölkədə hökuməti qanunverici orqanda mandatların yarıdan çoxuna sahib olan partiya formalaşdırır. 2023-cü il fevralın 16-dan Hərəkət və Həmrəylik Partiyasının dəstəklədiyi Dorin Reçan baş nazirdir. Onu Aleksandru Muntyanunun əvəz etməsi gözlənir.
Hərəkət və Həmrəylik Partiyası Moldovanın Qərbə sıx inteqrasiyasına tərəfdardır. Mayya Sandu 2020 və 2024-cü illərin ümumxalq seçkilərində prezident seçilib.
Toğrul Əli,
Medianews.az